12 aprel 2021 17:02
1069

Tarixə düşən qəribə vəsiyyətnamələr - FOTO

Tarixə düşən vəsiyyətnamələrdən söhbət düşəndə ilk olaraq, Alfred Nobelin vəsiyyətnaməsinin adı çəkilir. Sənədə əsasən, onun varisləri və qohumlarına cəmi 500 min kron pul ayıran Alfred Nobel qalan 30 milyon krona yaxın pulu gələcəkdə onun adını daşıyacaq mükafatın yaradılması üçün ayırmışdır.

Məşhur “Star Track” fenomeninin yaradıcısı olan Jene Rodenberri qəribə bir vəsiyyətnamə qoymuşdu. Onun son istəyinə görə, ölümündən sonra bədəninin yandırılaraq kosmosa göndərilməsini çox arzulayırdı və onun son istəyini nəzarə alaraq 1997-ci ildə bir İspaniya peyki vasitəsilə Rodenberrinin cənazəsi kosmosa aparılmış və onun külü atmosferə buraxılmışdı.

1841-ci ildə məşhur şair Henrih Qeyne ayaqqabı mağazasında işləyən kasıb və savadsız Yevgeniya Miratla ailə qurur. Bir müddətdən sonra xəstələnən şair öləcəyini bildiyinə görə vəsiyyətnamə yazır. Bu vəsiyyətnaməyə görə, o, bütün sərvətini həyat yoldaşına vəsiyyət edir. Lakin maraqlıdır ki, şairin son istəyinə görə onun ölümündən sonra xanımı mütləq bir daha ailə həyatı qurmalı idi. Henrihin sözlərinə görə, bu dünyada heç olmasa bir insan mənim arxamca göz yaşı tökərək mənə minnətdar olacaq.

Məşhur milyonçu Leona Hemsli ölümündən öncə qəribə bir vəsiyyətnamə qoymuşdu. Bu qeyri-adi vəsiyyətnaməyə görə, Leona nəvələrinə 5 milyon, köpəyinə isə 10 milyon dollar vəsiyyət etmişdi. Onun son istəyinə görə, ölümündən sonra sevimli köpəyi bir milyon dəyərində olan tabuta qoyulub sahibəsinin yanında basdırılmalı idi.

Xeyirxah insan Henri Ford vəsiyyətnaməsində xeyriyyə və təhsilə ümumilikdə yarım milyard dollara qədər pul bağışlamışdır. Onun son istəyinə görə, 500 milyon dollarlıq sərvəti 4157 təhsil və xeyriyyə müəssəsi arasında bölünməli idi.

Qadınlara nifrət edən bir hüquqşünasın 1930-cu ildə yazdığı vəsiyyətnaməyə görə, öz doğma qızına cəmi 5 dollar vəsiyyət etmişdi. Pullarının qalan hissəsini, təxminən 35 min dollarını bir kitabxanaya bağışlamışdı və onun istəyinə görə burada yalnız kişi yazıçıların əsərləri olmalı idi.

İfrat dərəcədə çox siqaret çəkən Samuell Brat vəsiyyətnaməsidə ömür boyu ona siqaret çəkməyə icazə verməyən həyat yoldaşını cəzalandıraraq, sanki ondan qisasını almışdı. Belə ki, o, həyat yoldaşına 330 min funt qoymuşdu. Lakin bu mirası almaq üçün qadın bir il ərzində hər gün 5 siqaret çəkməli idi.

Hər bir detala böyük əhəmiyyət verən Uilyam Şekspir isə öz vəsiyyətnaməsində son ayaqqabısına kimi hər bir əşyasını qeyd etmişdir.

Ən qısa vəsiyyətnamələrdən birini isə britaniyalı bankir tərtib etmişdir. Orada cəmisi üç söz var idi: “Mən tamamilə müflisəm”.

Buenos-Ayresdəki teatrlardan biri isə özünü incəsənətə həsr etmiş bir aktyordan 10 min dollardan çox məbləği böyük məmnuniyyətlə qəbul etmişdir. Aktyorun yeganə tələbi isə ölümündən sonra onun kəlləsinin “Hamlet” tamaşasında istifadə edilməsi idi ki, teatr da buna razılıq vermişdi.

Ən irihəcmli vəsiyyətnamələrdən birini ABŞ prezidenti olmuş Tomas Cefferson tərtib etmişdir. O, vəsiyyətnaməsində mülkiyyətinin bölüşdürülməsi qeydlərdən yazılardan əlavə, ABŞ tarixindən məlumatları da qeyd etmişdir. Onun mülkiyyətindən pay gözləyən qohumlarına isə öz qullarını azad etməyənə kimi pul verilməyəcəyi şərti qoyulmuşdu.

Samirə Tağıyeva, “İki sahil”