12 aprel 2021 22:01
1418

Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi deməkdir

Cəlil Xəlilov: “Bu, həm də ordumuzun gücünün, yenilməzliyinin təcəssümüdür”

“Hərbi Qənimətlər Parkının yaradılması tarixi qələbəmizin əbədiləşməsi deməkdir”.

Bunu “İki sahil”ə açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Hərbi Qənimətlər Parkınında nümayiş edilən hər bir eksponat böyük zəfərin bir parçasıdır:

“Bu gün Hərbi Qənimətlər Parkının açılması hər bir azərbaycanlıda böyük sevinc və məmnunluq doğurmaqdadır. Çünki bu, adı park deyil. Hərbi Qənimətlər Parkı Azərbaycan ordusunun  44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi böyük zəfərin, tarixi qələbənin rəmzidir. Hərbi Qənimətlər Parkının açılması tarixi qələbəmizin əbədiləşməsi, şüurlarda daha dərindən iz qoyması deməkdir.

Bu parka gələn hər kəs təqdim edilən ekponatlara baxarkən Azərbaycan ordusunun qəhrəmanlığı,  cəsarəti, düşmən üzərindəki böyük zəfəri haqqında düşünəcək. Bu park əsrlər sonra da Azərbaycan ordusunun gücündən, onun dünya hərb tarixində xüsusi yer tutan zəfərindən söhbət açacaq. Bu baxımdan Hərbi Qənimətlər Parkının açılması tarix bir addım, müqəddəs bir işdir”.

Cəlil Xəlilov qeyd edib ki, Hərbi Qənimətlər Parkı həm də Azərbaycan ordusunun, onun Ali Baş Komandanının gücünə, yenilməzliyinə nümunədir: “Hərbi Qənimətlər Parkı 44 günlük Vətən müharibəsinin nəticəsini əbədiləşdirməklə yanaşı, həm də ordumuzun, onun Ali Baş Komandanının gücündən, qətiyyətindən, yeniməzliyindən xəbər verir. Bu park və orada nümayiş etdirilən hər bir eksponat düşmənın ağır texnikasının, canlı qüvvəsinin necə böyük itkiyə məruz qaldığını göstərir.

Hərbi Qənimətlər Parkında 150-yə qədər ağır hərbi texnika nümayiş olunur ki, onların bir çoxu işlək vəziyyətdədir. 44 günlük Vətən müharibəsində ordumuzun sürətli hücumundan vahiməyə düşən düşmən, bu texnikaları döyüş meydanında ataraq qaçıb. Qəhrəman əsgərlərimiz bu texnikaları işlək vəziyyətdə ələ keçirib. Bu faktın özü ordumuzun müharibədə necə böyük qəhrəmanlıqlar göstərdiyinə, düşməni necə qorxuya saldığına nümunədir.

Hərbi Qənimətlər Parkının açılması xalqımızın və dövlətimizin tarixi uğurudur. Bu uğur hər zaman xalqımızın böyüklüyündən, onun yenilməzliyinin bəhs edəcək”.