13 aprel 2021 23:57
1433

Qarabağ qazisi Hərbi Qənimətlər Parkında

Azərbaycan Ordusu 44 gün ərzində Ermənistan silahlı qüvvələrinin komanda məntəqələrinə sarsıdıcı zərbələr endirməklə düşmənin çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini sıradan çıxardı və döyüş meydanında ağır məğlubiyyətə uğratdı. Üstəlik, düşmənin yüzlərlə döyüş texnikasını hərbi qənimət kimi ələ keçirdi. Son nəticədə isə erməni barbarlarının ağ bayraq qaldırmaqdan başqa yolu qalmadı. Şübhəsiz, bu, Azərbaycan Ordusunun döyüş meydanında göstərdiyi hərbi gücünün məntiqi nəticəsi idi.

Hər çıxışında, hər müsahibəsində ordumuzun qüdrətini, gücünü vurğulayan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Təki Vətən sağ olsun” deyərək döyüşlərə atılan əsgər və zabitlərimizin şücaətindən söz açır, onların fədakarlıqlarını yüksək dəyərləndirir. Cənab İlham Əliyev aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra hərbi qulluqçularla görüşündə də ənənəsinə sadiq qaldı, bu parlaq qələbə münasibətilə əsgər, zabitlərimizə özünün, həmçinin Azərbaycan xalqının təşəkkürünü bildirdi. Dedi ki, siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Eyni zamanda vurğuladı ki, əgər döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı qalan torpaqlardan çıxacaqdı.

II qrup Qarabağ əlili, ehtiyatda olan baş leytenant Əhliyət Mehdiyev mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, bu qələbə, hər şeydən əvvəl, Ali Baş Komandanımız cənab İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyətinin, ordumuzun, xalqımızın gücünün, birliyinin və vəhdətinin çox parlaq bir nümunəsidir: “Hərbi Qənimətlər Parkının salınması təşəbbüsü də Ali Baş Komandanımıza məxsusdur. Bu təşəbbüs və onun qısa müssətdə reallaşması həqiqətən təqdirəlayiqdir. Prezidentimizin vurğuladığı kimi, Hərbi Qənimətlər Parkına gələn hər bir insan ordumuzun, Silahlı Qüvvələrimizin gücünü görəcək, iradəmizi görəcək: “Görəcək ki, bu Qələbəni əldə etmək nə qədər çətin idi. Çünki düşmən 30 il ərzində işğal edilmiş torpaqlarda möhkəmlənirdi, istehkamlar qururdu, səngərlər, sığınacaqlar qazırdı. Bütün bunlara baxmayaraq, Azərbaycan hərbçiləri qəhrəmanlıq, peşəkarlıq, Vətən sevgisi göstərərək, bütün bu maneələri dəf edərək düşməni məğlub etdilər.” Bəli, açıq səma altında salınmış Hərbi Qənimətlər Parkında düşmənin nümayiş etdirilən dağıdılmış və qənimət kimi götürülmüş atıcı silahları, ağır texnikaları, raket kompleksləri, hərbi nəqliyyatları və digər hərbi sursatları bizim zəfərimizin təntənəsidir. Yeri gəlmişkən, Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalardan biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.”

Müsahibimiz, həmçinin bildirdi ki, xalqımızın Vətən müharibəsi ilə bağlı geniş təsəvvürü var: “Hərbi Qənimətlər Parkında nümayiş olunan bütün eksponatlar ölkəmizə zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan verir. Bu parkda olan hər kəs bir daha qürur hissi keçirəcək və Azərbaycan əsgərinin, zabitinin hünərinə, bizə bu şanlı tarixi bəxş edənlərin ünvanına xoş sözlər deyəcək. Zənnimcə, bu park dünyanın aparıcı ölkələrinin, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Böyük Britaniyanın, Almaniyanın və inkişaf etmiş digər ölkələrin İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənməkdə, öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaqda əgər belə demək mümkünsə, əsl əyani vəsait rolunu oynayacaq. Bu park, həmçinin erməni vəhşilərinin iç üzünün açılmasına xidmət edəcək. Hətta mən deyərdim ki, Hərbi Qənimətlər Parkı düşmənə əbədi göz dağı olacaq. Yeri gəlmişkən parkda döyüşlər zamanı azad edilən düşmən postlarında və ələ keçirilən hərbi texnikalarda zəncirlənmiş vəziyyətdə aşkarlanan erməni hərbçilərinin mulyajları da sərgilənir. Burada Ermənistan silahlı qüvvələrinin bunkerinin prototipi yaradılıb. Azərbaycanlı memarlar tərəfindən erməni əsgərlərinin yataqxanası, yemək otağı, silah anbarı döyüş meydanında olduğu kimi maketləşdirilib. Parkda Şuşaya atılmış “İskəndər-M” raketinin qalıqları da var. Bu baxımdan Hərbi Qənimətlər Parkı bizə erməni vəhşiliyini heç vaxt unutmamağa da vəsilə olacaq. Ümumiyyətlə, açıq səma altında salınmış bu nadir parkın hər bir elementi də nadirdir. Məsələn, parkın ərazisindəki oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən, işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb”.

Qvami Məhəbbətoğlu, “İki sahil”