13 aprel 2021 21:57
1344

“Mənə bir Vətən göstər, oğulları nər olsun...”

Qısa tanıtım: Əslən Masallı rayonunun Təzə Alvadı kəndindən olan Musayev Vüsal Zakir oğlu 12 iyun 1996-cı ildə Abşeron rayonunun Xırdalan şəhərində anadan olub. 2003 –2014-cü illərdə Xırdalan şəhər 1 saylı tam orta məktəbində təhsil alıb. 2014 –cü ilin payızında həqiqi hərbi xidmətə Naxçıvanda başlayıb. Kəşfiyyatçılar üçün təlimləri yüksək nəticələrlə başa vurub. Sonralar xidmətini düşmənlə sərhəddə yerləşən “N” saylı hissədə davam etdirib. Kəşfiyyatçı kimi Vətənə xidmət borcunu şərəflə yerinə yetirən Vüsal ordudan tərxis olunandan sonra bir müddət Bakıda mobil telefonların satışı mağazasında çalışıb. 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşləri zamanı könüllü səfərbərlik qeydiyyatına yazılıb. 21 sentyabr 2020-ci ildə səfərbərliyə çağırılıb və bir neçə günlük hərbi təlim toplantısından sonra 27 sentyabrda başlayan Vətən müharibəsinə Füzuli cəbhəsində qatılıb. Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərərək düşmənin canlı qüvvəsini və texnikasını məhv edib. Xocəvənd - Füzuli istiqamətində keçirilən döyüş əməliyyatlarında düşmənə son nəfəsinədək qan uddurmağa davam edib. 13 oktyabrda Ərgünəş dağında şəhidlik məqamına yüksəlib. Xırdalan şəhərində Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən ugrunda” “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 Yaddaşlara iz salan ömür yolu

Vüsal Masallını ata-baba ocağı Təzə Alvadıya gələndə görüb-tanımışdı, Viləş çayının şaqraq, gurultulu səsini eşitmişdi. İstisu yolundan yuxarı əzəmətli, vüqarlı dağları doyunca seyr etmişdi, dəmirağac kimi nadir ağaclarla zəngin meşələri gəzib-dolaşmışdı, büllur bulaqların suyundan içmişdi. Təzə Alvadı kəndinin mərkəzində hündür postament üzərində qoyulmuş Birinci Qarabağ müharibəsinin 25 yaşlı şəhidi, Azərbaycanın Milli Qəhrəmanı, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Elşad Əhədovun büstünə təkcə sənət nümunəsi kimi deyil, həm də el-obanın igidlik rəmzi kimi baxardı... Fəqət həyat nə qədər şirin olsa da, şəhidlik hər bir insan övladına nəsib olmayan tale yazısıdır. O vədələr heç kim ağlına gətirə bilməzdi ki, Vətənin təəssübünü çəkən gənc Vüsal da 24 yaşında Qarabağ uğrunda döyüşlərdə şəhid olacaq.

 ...Hələlik təqvimdə 2020-ci ilin ilk günü idi. Vüsal ürəyində çoxdan tutduğu arzuya çatmışdı. Öz halal zəhməti ilə aldığı maşına xeyir-dua verən atası Zakirə, anası Vüsalə xanıma və özündən üç yaş böyük qardaşı Vüqara yanvarın 1-də gözlənilməz bir “sürpriz” eləmişdi. Maşının açarını qardaşına uzadıb: “Qoy bu maşın sənə hədiyyə olsun, mən özümə inşallah başqasını alaram!” Vüqar tərəddüd edəndə Vüsal özünəməxsus ədəb-ərkanla: “Qardaş, sən ailə sahibisən, bu maşın məndən çox sənə lazımdır” deyib onun bir yaşı tamam olmamış körpə qızı Jasmini ağuşuna almışdı. Jasmin də əmisini çox sevirdi. “Əmi atanın yarısıdır” kəlamını da Vüsal özünəməxsus zarafatla söyləyər, Jasmini əzizləyib oxşayardı.

 ...Hər dəfə evə gəlişi ailə üçün toy-bayram olan Vüsal çox şən, həyatsevər gənc idi. Çalışdığı işdə, yaşadığı məhəllədə hamı ilə dil tapa bilirdi, böyüklə böyük, kiçiklə kiçik idi. Anası Vüsalə xanım deyir ki, Vüsal çox zəhmətkeş idi, həmişə qohum-əqrabanın xətir-hörmətini saxlayırdı: “Gördüyü iş barədə rəy öyrənməyi də xoşlayırdı. Bəzən soruşardı: “Ana, sən məndən bu işə görə razı qaldın?” Mən deyərdim: “Allah səndən razı olsun, oğlum!”

 Ərgünəşdə vüsalına çatan Vüsal

Xocavənd rayonunun Xırmancıq kəndi ərazisində Ərgünəş adlı dağın olduğunu bəlkə də Vüsalın ən yaxın dostlarının çoxu bilmirdi. Amma 2018 –ci ildə Bakıda cərrahiyə əməliyyatından sonra onun anesteziyadan ayılmasını gözləyən dostları soruşurlar: “Ay Vüsal, sən hardaydın?” O da gülümsünərək cavab verir ki, mən əlimdə avtomat silah hündür bir dağın başında ermənilərlə döyüşürdüm...

 ...2020-ci ilin iyulunda Tovuz istiqamətində işğalçı Ermənistan ordusunun növbəti təxribatları nəticəsində general-mayor Polad Həşimov və bir neçə zabitimizin şəhid olması Azərbaycanın bütün vətənpərvər gəncləri kimi, Vüsalı da hiddətləndirib. Həmin hadisələrdən sonra o, könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edib və kəşfiyyatçı kimi döyüşlərdə iştirak etmək istədiyini bildirib. Evdə, işdə, dost-tanışdan kimsə ona bəlkə getməyəsən deyəndə Vüsal: “Sən getmə, mən getməyim, bəs kim getsin?..” deyib. Vüsalın xətrini çox istəyən yaxın dostlarından bir-ikisi də ona qoşulub cəbhəyə yola düşüblər.

Yer üzündə ədalətli-ədalətsiz müharibələr çox olub. Amma bizim xalqın Vətən müharibəsi heç bir müharibəyə bənzəmirdi. Oktyabrın əvvələrində Füzuli şəhərində olan düşmənin əsas qüvvəsinin böyük bir hissəsi məhv edilmişdi. Geri çəkilən erməni əsgərləri Ərgünəş yüksəkliyində müdafiə olunmağa çalışırdılar. Bu, Vüsalın iki il əvvəl cərrahiyə əməliyyatı zamanı “yuxu halında” gördüyü həmin Ərgünəş dağı idi. Düşmən bu yüksəklikdən Füzuli şəhərini hədəfə almışdı. Vüsal da həmin yüksəklikdə düşmənin bir neçə canlı qüvvəsini məhv edə-edə şaqraq gülüşü, xəfif təbəssümü ilə ölümə meydan oxuyurdu. Amma ata-anası nigaran qalmasın deyə telefonla danışanda “elə bilin bura yeyib-yatmağa gəlmişik” deyərdi. Oktyabrın 13-də qardaşı Vüqarla dostları yük yerləri ərzaq dolu üç maşınla Füzuliyə yola düşürlər. Fəqət mənzilbaşına çatmamış Vüsalın Ərgünəş yüksəkliyində canını Vətənə fəda etdiyini – şəhid olduğunu eşidib bərk sarsılırlar...

 “Sinəmdə bir dəli qışqırıq qalıb...”

Sağlığında tanınmış adamların dəfn mərasimlərində böyük izdihamı görəndə: “Görəsən bizi də belə dəfn edəcəklər?” deyən Vüsalın Azərbaycan bayrağına bükülmüş tabutunu son mənzilə yola salan insan axınının ucu-bucağı görünmürdü. Vüsal dinə bağlı ailədə boya-başa çatmışdı. Qardaşı Vüqarın söhbətlərindən bəlli olur ki, Vüsalın qəhrəmanlığa ucaldan yolu hələ yeniyetməliyindən, Həzrəti İmam Hüseynin haqq yolunda şəhadətinin fəlsəfəsini dərk elədiyi andan başlamışdı: “Qardaşım olduğu üçün demirəm, Vüsal kimi bütün şəhidlərimiz xarici görkəminə görə sayılıb-seçilən igidlər idi... Xasiyyətcə də bir-birinə bənzəyirdilər. Elə bil Allah tərəfindən onlar tək-tək şəhidlik məqamı üçün seçilmişdilər...” Vüsal Qələbə gününü görməsə də, adını heç zaman unudulmayacaq qəhrəmanlar sırasına yazmışdı. Başsağlığına gələnlərin arasında 40-50 yaşlarında dostlarının olması onun necə böyük ürək sahibi olduğundan soraq verirdi. Vüsal bu yaşda olan dostlarını özü qazanmışdı. Anası Vüsalə xanım deyir: “Sentyabrın 21-dən bu günə kimi Vüsalın yolunu gözləyirəm. Vüsal mənə çox söz vermişdi, hamısına da əməl etmişdi, bu dəfə vədinə əməl edə bilmədi...” Amma bir dəfə ana yuxusunda gördü ki, Vüsal evə gəlib, özünün şəkilləri ilə bəzədilmiş ŞƏHİD GÜŞƏSİNİ ziyarət edib... Atası deyir ki, Vüsal 5 yaşında 20 Yanvar faciəsinin kadrlarını televizorda görəndə deyərdi ki, mən böyüyəndə erməniləri öldürəcəyəm: “Erməni işğalçıları ilə son nəfəsinə kimi döyüşərək şəhid oldu.” İstedadlı rəssam Ərkinaz Salmanzadə də Vüsalın portretini Tanrı dərgahında müqəddəsliyə yüksəlmiş şəhid kimi təsvir edib. Zəkalar liseynin şagirdi Asiya Şükürlü isə Vüsala həsr etdiyi videoçarxın mətnini belə tamamlayır: “Biz daim sizin mərdliyiniz haqqında danışacağıq. Haqqınız böyükdür. Haqqınızı bizə halal edin!..” Bəli, Allahın verdiyi ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayanlar əbədi yaşayacaqlar...

Xırdalanlı videooperator Tural Kazımlının çəkdiyi kadrların birində Vüsalın məzarının önündə diz çökən döyüşçü yoldaşlarından biri hönkürtüylə ağlayaraq deyir: “...And olsun Allaha, qisasını aldıq, qanın yerdə qalmadı, Vüsal...”

 “Ruhun Qarabağın zirvəsindədir...”

Beş hərflik Vətən kəlməsinin arxasınca 44 günlük müharibə ərzində gör necə oğullar at səyirdiblər, canından-qanından keçdilər... Müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən yolunda canını fəda edən Vüsal Musayevə həsr olunmuş bu şeiri də bütün dostları adından Elçin Məhərrəmov adlı bəstəçi-müğənni qələmə alıb:

Varmı bu səfərin geri dönüşü,
Ağlımda yaralı suallarım var?!.
Gözlərəm səninlə mən o görüşü,
Sənə deyiləsi kəlmələrim var.

Anidən apardı amansız fələk,
Sənə doymamışdım can dostum mənim.
Səni ayırmazdım yanımdan gərək,
Səni tək qoymaqdı günahım mənim...

Bu dərdim azalmır günlər keçsə də,
Sən mənim köksümdə dərin yarasan.
O cavan həyatın sona yetsə də
Bil ki, dostlarınçün var olacaqsan.

Yoxluğun heç kəsə asan olmadı,
Nə atan, nə anan yaşamır sanki.
O körpə Jasminin gözü yoldadır,
Hər an gəlişini gözləyir sanki...

Nə etmək olar ki, Vətən borcudur,
Sən bir qəhrəmansan, tez-tez yada sal:
Ruhun Qarabağın zirvəsindədir,
Bu torpaq səninlə fəxr edir, Vüsal!

 

 

Nurəddin Muğanlı, “İki sahil”