14 aprel 2021 12:40
1992

Zəngəzurun Ermənistana verilməsi:  Mötəbər mənbələr nə deyir?

Prezident İlham Əliyev: "...Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi...”

Prezident İlham Əliyevin ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı nitqi tarixi gerçəklikləri əks etdirir. Bu regionda aborigen olmayan ermənilər bizim tarixi torpaqlarımızda çarizm tərəfindən bəlli məqsədlər naminə yerləşdiriliblər, təşkilatlanıblar, varlanıblar və ardınca da qondarma dövlətlərini qurublar.

Zəngəzurun Ermənistana verilməsi tarixi qısa olaraq aşağıdakı kimidir: Bakıda 1920-ci il noyabrın 4-də Azərbaycan K(b)P MK Siyasi Bürosunun və RK(b)P Qaf­büronun üzvlərinin keçirilən birgə iclasında (protokol №4, 2-ci bənd) “Er­mənistanda vəziyyət haqqında Leqran yoldaşın məruzəsi” mü­zakirə edildi. İclasın sədri Q.Kaminski, katibi isə Lozner idi. İclasda Nərimanov, Hüseynov və Yeqorov, Stalin, Orconikdize, Stasova, Şeynman, Leqran, Qabrielyan və Qa­ra­yev iştirak edirdilər. Məruzə ilə Leqran çıxış etdi. Məxfi qərarlar qəbul edi­ldi. Ermənistan ilə Rusiya arasında imzalanacaq sülh müqaviləsində Zəngəzurun Ermənistana verilməsinin əks olunmasına dair mə­sələ barədə Siyasi Büro üzvləri belə bir fikir söylədilər ki, bu, siyasi və strateji ba­xımdan faydalı deyildir və yalnız ən çıxılmaz halda edilə bilər.Yəni, Azərbaycana məxsus olan bir ərazini onun iştirakı olmadan Rusiyanın müqavilə ilə Ermənistana verməsi düzgün hesab edilmədi. Bu zaman Ermənistan hələ sovetləşdirilməmişdi. Müvafiq təklifin Azər­bay­can­dan gəlməsi daha uyğun görüldü. Siyasi Büronun Naxçıvan və Zəngəzur haqqında fikrinin motivlərini tər­tib etmək Nərimanova tapşırıldı. Lakin biz bu yazıda Naxçıvanla deyil, sırf Zəngəzurla bağlı məsələyə diqqət yetiririk.

1920-ci il no­yab­rın 16-da İ.V.Stalin Vladiqafqazdan V.İ.Leninə gön­­dərdiyi şif­rə­li teleqramda yazırdı:

“Təhlükə Bakını üç tərəfdən təhdid edə bilər. Birinci təhlükə cə­nub­­dan İngiltərə tərəfdəndir. Əgər Ənzəli və Rəşt şah hökumətinə ve­­rilsə, indi İran­­da yeganə real hakimiyyət İngiltərədədir. Belə və­ziy­­yətdə İngiltərə Xə­­zər dənizinə bir neçə sualtı qayıq buraxa, bizim su nəqliyyatımızı poza bi­lər. Əgər o, qoşunlarını bir qədər də şi­ma­la doğru gətirərsə, onda Bakı­nın müdafiəsi üçün xeyli qüvvə la­zım ola­caqdır. Belə təhlükəni aradan qal­­­dırmaq üçün ingilislər İran­dan çı­xana qədər Ənzəli və Rəştdə mü­vəq­qəti olaraq qalmaq ba­rədə şərt qoy­maq lazımdır. İkinci təhlükə Tür­ki­yə tə­­rəfdəndir. Əgər Türkiyə Er­mənistanda qalarsa, onda Azərbaycan ilə ümu­­­mi sər­həd qazanar. Bu təhlükəni aradan qaldırmaq üçün indiki şə­rai­t­­dən istifadə edərək Er­mənistanı sovetləşdirmək, erməni sovet pazı ilə Tür­ki­yə və Azər­bay­canın arasına vurmaq lazımdır. Üçüncü təh­lü­kə Gür­cüs­tan tə­rəf­dəndir, yəni Antanta tərəfdəndir. Məsələ ondan iba­rətdir ki, Tif­lis ilə Yelizavetpol arasında ərazi qərbdən olan hü­cum­ların qo­run­ma­sı üçün mü­nasib deyildir. Elə ilk hücum zamanı düş­mən Ye­li­za­vet­polda ola bilər. Bura­da o, heç şübhəsiz, burjua Azər­baycan hö­ku­məti qurar, bu­nunla da bi­zim Azərbaycandakı qoşunlarımızın ar­xa­sında qərar tutar. Burjua Gürcüstanı möv­cud olduqca bu təhlükə bü­­tün təh­lükələrdən daha ciddi təhlükə ola­caqdır. Ona görə də biz Gür­cüs­­tana qar­şı daim ciddi qüvvələr sax­lamalı olacağıq. Bu təhlükəni ara­dan qal­dır­maq üçün indi Gür­cüstanı sovetləşdirmək və öz qoşunlarımızı Tif­lisə doğ­ru hərəkət et­dirmək lazımdır. Gürcüstanın sovetləşdirilməsi Şimali Qaf­qaz ək­sin­qilabçılarının arxa cəhbəsini əllərindən alar və Şimali Qaf­qaz donmuş olar”.

Ermənistanda sovet hakimiyyəti qurulduqdan bir gün sonra, no­yab­rın 30-da keçirilən Azərbaycan K(b)P MK Siyasi və Təşkilati Bü­ro­su­nun ic­lasında Ermənistan ilə əlaqələrə dair məsələ müzakirə edildi. Mü­za­ki­rə nə­ticəsində aşağıdakı qərarlar qəbul olundu: “Sovet Azərbaycanı ilə sovet Ermənistanı arasında heç bir sərhəd möv­­cud deyildir; Zəngəzur...Ermənistana keçir...bu qətnaməni tər­tib etmək Nə­ri­ma­no­­va tapşırılsın”.

Tapşırığı yerinə yetirən N. Nərimanov Bakı Sovetinin 1920-ci il de­kabrın 1-də Dövlət Teatrın­da ke­çi­rilən tən­tənəli iclasında etdiyi nitqində Zən­gəzurun Er­mənistana güzəştə gedildiyini bildirdi. Bəyanatda ya­zı­lı­rdı: “Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yol­daş­la­rı­mı­zın – kommunistlərin günahsız qanını tökmüş və tökən daş­nak­ların ha­ki­­miy­yətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi mə­sə­ləsi əsrlərdən bəri qonşu olan iki xalqın: ermənilərin və mü­səl­man­ların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur... qəzalarının ərazisi sovet Er­­­mənistanının bölünməz his­sə­sidir; ...Zən­gəzurun hü­dud­la­rın­­da bütün hərbi əmə­liyyatlar dayandırılır; sovet Azər­baycanının qo­şun­la­­rı buradan çıxarılır”.

Daşnakların “Aşxatavor” (“Zəh­mət­keş”) qəzeti bəyanatın verilməsinə dair əmrin Moskvadan gəldiyini yazırdı. Sovet mət­buat bürosunun müdiri Yerofeev N.Nərimanovun mə­lum bə­yanatından bir neçə gün sonra, dekabrın 10-da G.Çiçerinə həmin qə­­zetdə dərc edilmiş bir yazı haqqında məlumat göndərdi.

Qəzet yazırdı: “Moskvadan göndərilən əmrə uyğun olaraq Azər­bay­ca­nın Zəngəzurdan ... imtina etməsini biz al­qış­la­yı­rıq”.

“Aşxatavor” qəzeti daha sonra yazırdı: “Zəngəzurdan...imtina edən Azər­baycan gücsüz Er­mə­nis­tana kömək etmək istəyir. Azərbaycanın seç­di­yi yol iki xalqın dinc ya­şa­ma­sının fundamentinə xidmət edir”.

Ermənistan rəhbərləri N.Nərimanovun bu bəyanatından məm­nun qal­­mış­dılar. Onlar daşnak iddialarını gerçəkləşdirdiklərinə sevi­nir­dilər. RK(b)P Qafqaz diyar komitəsinin katibi A.M.Nazaretyan 30 noyabr ta­rixin­də­ki telefon danışığında Orconikidzeyə demişdi ki, əhsən azərbaycanlılar, mən sabahdan mətbuatda ucadan danışmağa başlayacağam.

Beləliklə, tarixi torpağımız olan Zəngəzurun Ermənistana verilməsi nəticəsində Türkiyənin Azərbaycan və türk dünyası ilə quru əlaqəsi kəsildi."

Musa Qasımlı,

Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor