117 saylı Oğuz - Qəbələ seçki dairəsi üzrə VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqiyə Naxçıvanlı hər ay olduğu kimi aprel ayinda da seçicilərlə növbəti onlayn görüşünü keçirib.
“İki sahil” xəbər verir ki, görüşdə əsas məqsəd Vətən müharibəsində iştirak etmiş qazilərə, şəhid ailələrinə diqqət, əhalinin məşğulluğu və pandemik vəziyyətdə seçiciləri narahat edən digər məsələlərin aşkar edilərək həllinə kömək göstərilməsi olub.
İlk olaraq görüşə Vətən müharibəsi iştirakçısı, qazi Cavid Valehov dəvət olunub. Onu səmimiyyətlə qəbul edərək, dinləyən deputat Aqiyə Naxçıvanlı Cavidin timsalında bütün müharibə iştirakçılarını qazanılmış şanlı qələbə münasibəti ilə təbrik edib. Millət vəkili qazilərin və şəhid ailələrinin problemlərinin ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa nəzarətində olduğunu, onların müalicələrinə həssaslıqla yanaşıldığını, sosial-məişət qayğılarının qısa müddətdə həll edilməsinin dövlət qarşısında prioritet məsələ kimi qoyulduğunu diqqətə çatdırıb. Deputat Cavid Valehovun etdiyi müraciəti şəxsən nəzarətə götürdü və onun qısa zamanda həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib.
Qəbula gələn tələbə valideyni Qabil Abdurahmanov deputatın Oğuzda təhsil məsələlərinə hər zaman önəm verdiyi və Oğuzlu tələbələri daim dəstəklədiyi üçün öz təşəkkürünü bildirib. Onun tövsiyələri sayəsində övladı - Abdurahmanlı Salatın Qabil qızının artıq Bakı Dövlət Universitetinin doktorantı olmasını və bundan sonra da elm yolunda ona hər zaman dəstək olacağına ümid etdiyini söyləyib.
Digər seçici – Kərimov Elvin Polad oğlu pandemiya səbəbindən hal-hazırda işsiz olduğunu və ona bacarığına uyğun iş tapılması üçün köməklik göstərilməsini xahiş edib. Vətəndaşın müraciəti qeydə alınaraq, işlə təmin olunması üçün Ərazi Məşğulluq idarəsinə məktub ünvanlanması qərara alınıb.
Qəbula gələn Qəbələ rayonu Bum qəsəbə sakini Tofiq Qaragözov isə ali məktəbdə təhsil alan övladının müəyyən səbəblərdən yaranan problemlərinin həlli üçün köməklik göstərilməsini xahiş edib. Deputat elə görüş zamanı aidiyyəti təhsil müəssisəsinin rəhbərliyi ilə əlaqə saxlayaraq, onunla maksimum köməklik göstərilməsi ilə bağlı məsləhətləşmələr edib.
Qəbulda iştirak edən digər seçicilər də onları qəbul etdiyi üçün deputata öz təşəkkürlərini bildirdirərək problem və xahişlərini çatdırdılar. Aqiyə Naxçıvanlı onların hər birini səmimiyyətlə dinləyərək səsləndirilən müraciətləri qeydiyyata alıb. Bəzi müraciətlər yerindəcə həll edilib, digərlərinin isə həlli üçün aidiyyəti qurumlara məktub ünvanlanacağı bildirilib.