16 aprel 2021 10:41
1517

Döyüş bayrağının tarixi

Bayraq milli kimliyimiz, dünənimiz, bu günümüz, gələcəyimizdir. O, həmin bayraqdır ki, düşmən əlinə keçməməsi, dalğalandığı zirvədən enməməsi üçün uğrunda tarix boyu canlar verilir, qanlar axıdılır. 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycan Dövlətçiliyinin inkişafına, atributlarına və rəmzlərinə öz töhfəsini vermişdir. AXC qısa müddət ərzində mövcud olmasına baxmayaraq onun güclü orduya ehtiyacı vardı. Danılmaz faktdır ki, dövlətin gücü ordusunun yenilməzliyi və qüdrəti ilə müəyyən olunur. Bu meyarı nəzərə alaraq Azərbaycanın Ordusu, Silahlı Qüvvələri təşkil olunmağa başlandı. Əsas məsələlərdən biri də, döyüş bayrağının tərtibi məsələsi idi. Belə qərara alınmışdı ki, döyüş bayrağı tərtib edilərkən xanlıqlar dövrünün ənənəsi nəzərə alınsın. Belə ki, xanlıqlar dövrü bayrağı üzərində olan yazı – “Allahdan kömək” və “Qələbə yaxındır” ifadəsi Cümhuriyyət dövrünün Ordu bayrağının üzərində əks olunmuşdu. AXC dövrünün döyüş bayrağının təsviri bütün xırdalıqlarına qədər əmr formasında günümüzə gəlib çatmışdır. Bu döyüş bayrağının tərtib edilməsi üçün xüsusi komissiya da təşkil edilmişdi. Döyüş bayrağı ucluq, parça və sap hissəsindən ibarətdir. Ucluq gümüşdəndir. Əmrdə qeyd olunur ki, nizə məhz Əmir Teymurun nizəsi şəklində düzəldilməlidir. Çünki, Əmir Teymur türk dünyasının böyük sərkərdəsidir və Azərbaycan xalqı da türk dünyasına məxsus xalqdır.

Parça 1:2 nisbətinə tərtib edilib. Maraqlı məqam da parçanın göy rəngdə olmasıdır. Bu da məlum məsələdir ki, göy rəng döyüşkən türk millətinin simvoludur. Bayrağın bir tərəfində ərəb qrafikası ilə “Azərbaycan”, arxa tərəfində isə xanlıqlar dövrü döyüş bayrağında olan “Allahdan kömək” və “Qələbə yaxındır” ifadələri yazılıb.

Orta əsrlərdə döyüş zamanı hər bir alayın döyüş bayrağı ilk növbədə qoşunların tanınması, rabitəsi və idarə olunması üçün vacib idi. Belə ki, komandan özünün tabeliyində olan qoşunların və düşmənin döyüş meydanında harada olmasını məhz döyüş bayrağıyla müəyyən edə bilərdi.

“Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi hissəsinin  döyüş bayrağı haqqında” qanununa əlavə olunan əsasnamədə qeyd olunur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi hissəsinin döyüş bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, öz qanını və canını belə əsirgəmədən onu mərdlik və bacarıqla müdafiə etmək, doğma torpağın hər qarışını düşməndən qorumaq borcunu xatırlamaq üçündür.

Yazımı şəhid “Murov Qartalı” ləqəbli Raquf Orucovun bu fikirləri ilə tamamlamaq istərdim:

Silahın sirlərini öyrənmək, texnikanı işlətmək, təmir etmək çox asan işdir. Əgər qəlbində torpağına sevgi, yurduna məhəbbət yoxdursa, mahir döyüşçü olsan da heç nəyə nail ola bilməyəcəksən.

Hüsniyyə İdrisova,

BSU-nun IV kurs tələbəsi