16 aprel 2021 11:52
768

Mövcud vəziyyət Ermənistanın “forpost” statusunun qorunub saxlanılmasına xidmət edir

Ermənistanda seçki öncəsi vəziyyət kritik olaraq qalır. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun Zəfəri bu ölkədəki bütün sahələrə, o cümlədən onsuz da dərin böhran keçirən iqtisadiyyata öz təsirini göstərib. Ermənistanın rəsmi mənbələrinin 2021-ci ilin birinci rübü ilə bağlı açıqladığı rəqəmlər də bunu deməyə əsas verir.

"İki sahil" xəbər verir ki, bu fikirləri politoloq, siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

Siyasi ekspert diqqətə çatdırıb ki, bu ölkənin xarici borcu 9 milyard ABŞ dollarına yaxınlaşmaqdadır. Hələ 2021-ci ilin yanvar ayı ərzində işğalçı ölkənin xarici borcu 1 faizdən çox artıb. Ümumi daxili məhsulun adambaşına düşən payı 11 min 871 ABŞ dollarından 3407 ABŞ dollarına enib. Yanvar-fevral ayları ərzində Ermənistanın xarici ticarət dövriyyəsi 2020-ci ilin son iki ayı ilə müqayisədə 12,2 faiz, vergi daxilolmaları isə yenə də eyni zaman kəsiyi ilə müqayisədə 4,7 faiz azalıb. İqtisadi fəallıqla bağlı vəziyyət də acınacaqlıdır – ötən ilin noyabr-dekabr ayları ilə müqayisədə 6,7 faiz eniş var.

Qeyd etməliyəm ki, bütün bunlar Ermənistanın Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdir, real vəziyyət isə bundan dəfələrlə acınacaqlıdır.

Beləliklə, Ermənistan vətəndaşları seçkiyə ağır sosial-iqtisadi durumla, boş cib və büdcə ilə gedirlər.

Elçin Mirzəbəyli qeyd edib ki, ölkədəki siyasi vəziyyət də sosial-iqtisadi durum qədər acınacaqlıdır. Seçkiöncəsi müxtəlif vasitələrlə Ermənistanın sabiq prezidenti, hərbi cinayətkar Röbert Köçəryanı hakim komandaya əsas alternativ kimi sırımağa çalışsalar da, bu Xocalı canisinin ölkədəki nüfuzuna real təsir göstərmir və Ermənistanda keçirilən seçkinin taleyinin yenə də ölkə sərhədlərindən kənarda həll edildiyi barədə təəssürat yaradır. Robert Köçəryanın ətrafına bəlli qütbün “tərəfdarları”nı toplamağı planlaşdıran dairələr, əslində, ondan parlamentdə hakim partiyaya təzyiq aləti kimi yararlanmaq niyyəti güdürlər. Yəni, Köçəryana hər zaman olduğu kimi, təkrar istifadəyə yararlı birdəfəlik oyuncaq missiyasını həvalə etmək istəyirlər. Köçəryanla eyni qütbdən idarə olunan və “mərkəzçi” rolu həvalə edilmiş Qaqik Sarukyan və onun “Çiçəklənən Ermənistan” partiyası isə seçkidən sonrakı dövrdə “yamaq” funksiyasını yerinə yetirəcək.

Siyasi ekspert vurğulayıb ki, hələlik seçkidə qalib gəlmək şansı daha çox olan Sarukyan Nikol Paşinyanın tərəfdarlarının hökuməti təkbaşına formalaşdırmaq üçün yetərli sayda deputat yeri qazanmayacağı təqdirdə, onların yanında yer alacaq və sifariş aldığı məqamda geriyə çəkilərək hökumət böhranı yaratmaq iddiası ilə gələcək baş nazirə və komandasına təzyiq göstərəcək. Bundan başqa, Artur Vanesyan və Edmon Marutkyanın partiyalarının da parlamentdə azsaylı yerə sahib olmaq imkanları var. Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin də seçkilərə qatılacağını bəyan etməsi çox güman ki, seçkilərin nəticələrinə təsir göstərməyəcək.

Politoloq deyib: “Qənaətimə görə, mövcud vəziyyət Ermənistanda keçiriləcək seçkilərin planlaşdırılan nəticələri ilə bağlı müəyyən təəssürat yaradır. Yəni “ssenari” Ermənistanın “forpost” statusunun qorunub saxlanılmasına və daha da möhkəmləndirilməsinə xidmət edir”.