16 aprel 2021 12:15
691

Milli Ordumuzun əldə etdiyi misilsiz Zəfər yeni reallıqlar yaratdı

Məlahət İbrahimqızı: Cənubi Qafqaz regionu ilə bağlı beynəlxalq medianın gündəmi Prezident İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir

“Qürurvericidir ki, bu gün Cənubi Qafqazın yeni reallıqları ilə bağlı region və beynəlxalq mətbuatının gündəmi ancaq möhtərəm cənab Prezidentimiz İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir. Müzəffər Ali Baş Komandanımız, cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Milli Ordumuzun əldə etdiyi misilsiz Zəfər dünyanın ən önəmli geosiyasi bölgələrindən olan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Şəhid qanı ilə yazılan tariximizin bu parlaq səhifələri bu gün hər birimizin qürur mənbəyimizdir”.

Bu fikirləri "İki sahil"ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

Məlahət İbrahimqızı bildirib ki, bu zəfər ən azı bu coğrafiyanın və onun daimi əhalisinin zaman-zaman qədərini qəddarcasına və amansızcasına dəyişən qüvvələr üzərində qazanılmış bir Zəfərdir. Bu mənada müharibənin başladığı ilk gündən bugünədək Cənubi Qafqazla bağlı istər bölgə, istərsə də beynəlxalq mətbuatın gündəmi ancaq möhtərəm cənab Prezidentimiz İlham Əliyevin fikirləri və çıxışları əsasında müəyyənləşdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin istər dünyanın nüfuzlu media təmsilçilərinə verdiyi mesajlarda, istərsə də, xarici ekspert və düşüncə quruluşları ilə keçirilən konfranslarda beynəlxalq ictimaiyyət bunun bir daha şahidi oldu. Dövlət başçımızın ona ünvanlanan obyektiv və qərəzli suallara yüksək diplomatik və zəngin dövlətçilik təcrübəsi, tarixi dəlillər və beynəlxalq hüquqa əsaslanmış cavabı hələ də media və sosial şəbəkələrdə müzakirə edilir. Hesab edirəm ki, bugünlərdə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Prezident İlham Əliyevin dünyanın tanınmış düşüncə quruluşlarının təmsilçilərinin suallarına verdiyi cavablar uzun zaman dünya mediasının, eləcə də beynəlxalq təşkilatların gündəmində qalacaqdır.

Millət vəkilinin sözlərinə görə, əslində, möhtərəm Prezidentimizin hər suala verdiyi cavabı Azərbaycan xalqının qazandığı ədalətli Zəfəri və eləcə də, bölgədə yaranmış yeni reallıqları qəbul etmək istəməyən qüvvələri gec- tez bu reallıqları qəbul etməyə məcbur edəcək: “Onun güclü arqumentlər və qətiyyətlə səsləndirdikləri bu cavablar həm də bugünədək Azərbaycan xalqının haqlı davasına, onun otuz il ərzində məruz qalmış olduğu işğala göz yuman, təcavüzkarı dəstəkləyən qüvvələrin ədalətsiz, laqeyd, ikili standartlarla yanaşanların əsil mahiyyətinin ifşası idi. Sözsüz ki, Qalib Prezidentimizin bütün cavablarında həm hüququn, həm də gücün hüququ da özünü biruzə verirdi. Ən başlıca məqamlardan biri də bu cavablar indiyədək təcavüzkar Ermənistanı dünyada yazıq, məzlum və sülhməramlı kimi təqdim etməyə çalışmış qüvvələrə işğalçı dövlətin iç üzünü sübutlarla ifşa edirdi”.

Deputat qeyd edib ki, Prezidentimiz İlham Əliyev ermənipərəst beynəlxalq təşkilatlara və qüvvələrə, ermənilərin işğal etdikləri Azərbaycan ərazisində milyonlarla dollar vəsait xərcləyərək qurduqları nəhəng istehkamlara, müdafiə xətlərinə baxmalarını tövsiyə edir: “Bu cavablarda Ermənistanın I Qarabağ müharibəsindən Vətən müharibəsinin son gününədək müharibə cinayətləri törətməsinə dünya birliyinin susqun qalmasının Azərbaycan ictimaiyyəti tərəfindən qəbuledilməz olduğu vurğulanırdı. Bu mənada müharibə zamanı beynəlxalq ictimaiyyət ballistik raketlərdən istifadə edərək, mülki əhalini hədəfə almaqla Gəncə,Tərtər, Naftalan və Bərdədə törədilmiş terror aktlarının nümunəsində bir daha erməni vəhşiliyinin şahidi oldu. Ümumiyyətlə, son iki yüz il ərzində ermənilər tərəfindən törədilmiş cinayətləri, xüsusən də mülki əhaliyə qarşı törədilmiş cinayətləri təhlil etsək, erməni siyasətinin hansı xislətə malik olduğunu görərik. Günahsız mülki insanların acımadan yandırılması və öldürülməsi, Allahın yaratmış olduğu flora və faunanın barbarcasına məhv edilməsi bəşəriyyətə qarşı törədilən cinayətlərdir və bu cinayətlər cəzasız qala bilməz. Hesab edirəm ki, ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda möhtərəm Prezidentimiz İlham Əliyevin ona ünvanlanan sualara cavabı beynəlxalq təşkilatları, ermənipərəst dövlətləri, eləcə də erməni diasporasını düşündürməli və bu təcavüzkar Ermənistana qarşı yürütdükləri yalnış siyasəti tarixi gerçəkliklər və beynəlxalq hüquq çərçivəsində yenidən formalaşdırmalıdırlar”.