16 aprel 2021 12:52
717

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,2% artıb

2021-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 994,8 mln. manat təşkil edib ki, onun da 946,1 mln. manatı heyvandarlıq, 48,7 mln. manatı isə bitkiçilik məhsullarının payına düşür.

"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi kənd təsərrüfatının istehsalı 2,2%, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,2%, bitkiçilik məhsulları üzrə 2,5% artıb.

Bitkiçiliyə gəldikdə, ölkədə yaz-tarla işləri aparılır və 2021-ci ilin yanvar-mart aylarında 117,4 min hektar sahədə və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 16,7 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 2,9 min hektarı dən üçün qarğıdalı), 29,2 min hektar sahədə kartof, 24,7 min hektar sahədə tərəvəz, 4,1 min hektar sahədə bostan bitkiləri, 0,5 min hektar sahədə şəkər çuğunduru, 1,0 min hektar sahədə dən üçün günəbaxan, 40,8 min hektar sahədə çoxillik otlar və 0,4 min hektar sahədə birillik otlar əkilib. Təsərrüfatlarda yanvar-mart aylarında 80,4 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 1,4% çox tərəvəz məhsulları istehsal edilib.

2021-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 130,4 min ton ət, 484,0 min ton süd, 463,7 mln. ədəd yumurta istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0%, süd istehsalı 1,8% artıb, yumurta istehsalı isə 4,4% azalıb.

2021-ci il aprelin 1-i vəziyyətinə ölkə üzrə 8 279,2 min baş qoyun və keçi, 2 660,8 min baş iribuynuzlu mal-qara, o cümlədən 1286,9 min baş inək və camış və 6135 baş donuz mövcud olub. İribuynuzlu mal-qaranın 48,4%-ni inək və camışlar təşkil edir.

Cari ilin yanvar-mart aylarında quşçuluq fabriklərində diri çəkidə 18,9 min ton (keçən il 19,1 min ton) quş əti və 183,6 mln. ədəd (keçən il 214,8 mln. ədəd) yumurta istehsal olunub. Ümumilikdə fabriklər üzrə cəmi quşların sayı 11 307,6 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 54 ədəd yumurta alınıb.