16 aprel 2021 16:07
1377

Şair Ramaldanov: Ermənistandakı revanşistlər Hərbi Qənimətlər Parkına diqqət etsinlər

“Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki Zəfərinin simvolu olan dəmir yumruq həmrəyliyimizin, xalq-iqtidar-ordu birliyinin simvoludur. Məhz bu birliyin və müdrik Liderimizin rəhbərliyi nəticəsində Azərbaycan Ordusu bu Zəfəri qazanmış, torpalarımızı işğalçılardan  azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmişdir. Bu gün biz xoşbəxtik ki, işğaldan azad edilmiş  bütöv Vətəndə yaşayırıq.”

Bu fikirləri “İki sahil”ə açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Hərbi Qənimətlər Parkı haqqında təəssüratlarını bölüşərkən söyləyib.  

Şair Ramaldanov qeyd edib ki, Bakının ən gözəl yerlərindən birində Hərbi Qənimətlər Parkının salınması çox gözəl ərardır: “Bu Azərbaycan tarixi üçün çox mühümdür. Hərbi Qənimətlər Parkı Azərbaycanın xalqının bir olaraq öz məqsədinə doğru irəlilədiyi zaman heç kimin onu yolundan döndərə bilməyəcəyini göstərir. Bu Park Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı qələbəni əyani olaraq göstərir". 

Hərbi ekspert bildirib ki, sözügedən Park  gənclər üçün qiymətli mirasdır. Gənclər hər zaman Azərbaycanla, Ordumuzla fəxr edəcək.  Hərbi Qənimətlər Parkının ziyarətçiləri üçün təsirini heç nə ilə müqayisə etmək mümkün deyil : “Bu Park həm də  dünyaya,  ikili standartlar siyasəti yürüdən bəzi beynəlxalq dairələrə  ismarıcdır. Torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı qətnamələr qəbul edilsə də, Ermənistan buna əməl etmədi.  Azərbaycan torpaqları 30 ilə yaxın işğal altında qaldı və dünya buna susdu. Dövlət başçımız dəfələrlə həm dünyaya, həm də bədnam  qonşularımıza  müraciət etmiş qətnamələrin  tələblərini yerinə yetirməyə çağırmışdı. Əks halda,  Azərbaycanın hərb meydanında da sözünü deyəcəyi ilə bağlı xəbərdarlıq  etmişdi. Hərbi Qənimətlər Parkında nümayiş olunan qənimətlər də sübut edir ki, haqq-ədalət öz yerini tapdı və ərazi bütövlüyümüz bərpa olundu. Dünya bundan nəticə çıxarmalıdır". 

Həmsöhbətimiz hesab edir ki, azad edilmiş torpaqlarda infrastruktur bərpa edildikcə, həmin ərazilərdə Vətən müharibəsini, düşmənin vandalizm aktının nəticələrini xatırladacaq muzey və ya park  yaradılmalıdır.

Polkovnik Şair Ramaldanov qeyd edib ki, Ermənistanda revanşist bəyanatlar səslənir. Ermənistanda bu fikirdə olan qüvvələr Hərbi Qənimətlər Parkına diqqət etsinlər. 

Yaqut Ağaşahqızı, “İki sahil”