16 aprel 2021 16:39
1184

“Yaşıl dəhliz”in “yaşıl işığ”ında ən çox keçən hansı subyektlərdir?

2019-cu ildən etibarən tətbiqinə başlanan "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilmiş  xarici ticarət iştirakçılarının sayı idxal üzrə  443-ə, ixrac üzrə  240-a çatıb.  "Yaşıl dəhliz"  əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə və risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük sərhəd buraxılış məntəqələrində gömrük qanunvericiliyi ilə müəyyən edilmiş məlumatlandırma və qeydiyyat əməliyyatlarının yerinə yetirilməsi vasitəsilə malların və nəqliyyat vasitələrinin fiziki yoxlanması aparılmadan gömrük proseduruna uyğun gömrük ərazisinə buraxılışını nəzərdə tutan buraxılış sistemidir.

Bununla da “Yaşıl dəhliz” buraxılış sisteminin iştirakçısına sərhəd buraxılış məntəqələrindən keçiddə, gömrük xidmətlərindən istifadədə və gömrük ekspertizasının aparılmasında prioritet yanaşma tətbiq edilir, həmçinin o, minimum fiziki yoxlamaya məruz qalır, gömrük rəsmiləşdirilməsinin iş yerindən və iş vaxtından kənar aparılması imkanı əldə edir. Sistemin spesifik üstünlüyü ondan ibarətdir ki, idxal əməliyyatında malların şəxsin anbarına birbaşa aparılması və gömrüyə getmədən malların boşaldılması, ixracda isə şəxsin gömrüyə getmədən malların ixracının birbaşa öz anbarından həyata keçirilməsi mümkün olur.

Lakin sözügedən sistemin istifadə hüququ əldə etmiş subyeklərin sayı onu deməyə əsas verir ki, əlverişli biznes mühiti və daha sürətli sərhəd keçidi ilə bərabər, yüksək ixrac potensialı yaratmaq məqsədilə tətbiq edilən "Yaşıl dəhliz" ölkəyə məhsul idxal edən şirkətlərin daha çox marağındadır.

Həmçinin Dövlət Gömrük Komitəsinin sədri  Səfər  Mehdiyev ötən ay keçirdiyi brifinqdə 2020-ci ildə ümumi idxalın 40 faizinin, ümumi ixracın isə 32,8 faizinin  "Yaşıl dəhliz" istifadəçilərinin payına düşdüyünü bildirmişdi. Başqa sözlə, idxal və ixrac üzrə ümumi əməliyyatların dövriyyəsinin nisbətinə görə də idxalçılar öndədir.  

Eyni zamanda, 2020-ci ildə ölkədən ixracın məbləğinin 13 milyard 740 milyon 567,63 min ABŞ dolları olmasını nəzərə alanda, bunun 4 milyard 506 milyon 906,18 min dollarının, idxalın isə 10 milyard 730 milyon 720,22 min dollar olması bunun 4 milyard 292 milyon 288,08 min dollarının  "Yaşıl dəhliz" istifadəçilərinin payına düşdüyü məlum olur. "Yaşıl dəhliz" istifadəçiləri üzrə ixracın dəyər ifadəsində idxalı üstəmələsinə baxmayaraq, ötən il ümumi ixracın cəmi 13,47 faizi və ya 1 milyard 851 milyon 266,91 min dollarını qeyri-neft məhsulları təşkil edib. Bu da o deməkdir ki, "Yaşıl dəhliz" üzrə ixracın əsas hissəsi neft-qaz sektoruna aid olub.

Hərçənd ki, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun əldə edilməsi şərtləri daha çox ixracatçılar üçün əlverişlidir. Belə ki, idxal əməliyyatlarında 5 tələb varsa, ixracda bunlardan 3-nə əməl etmək kifayət edir. Qaydaya əsasən, idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 il ərzində təcrübəsi, gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən, Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən və malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə edən, qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş aşağı risk qrupuna aid hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs  həm idxal, həm də ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ qazanır. Lakin məsələyə sırf ixrac müstəvisindən yanaşdıqda, yəni, ancaq ixrac əməliyyatı həyata keçirən aşağı risk qrupuna aid  şəxsin bu tələblərin heç də hamısına cavab verməsinə ehtiyac yoxdur. Belə olan halda gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən,  qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş şəxs ixrac əməliyyatları həyata keçirilməsi üçün “Yaşıl dəhliz”dən daimi istifadə hüququ əldə edə bilir.

Əvvəllər bu sahədə problemlərin daha çox idxal əməliyyatlarını əhatə etməsi “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinin daha çox idxal həyata keçirən subyektlər üçün aktual olacağı bəlli idi. Ümumilikdə isə bu buraxılış sisteminin əsas üstünlüyü idxal-ixrac əməliyyatlarını asanlaşdırması, qanuna könüllü riayət etmək mədəniyyəti yaratmasıdır ki, bu da həm sahibkarların, həm də gömrük orqanlarının mənafelərinə xidmət edir.  

         

              Ceyhun Piriyev, “İki sahil”