17 aprel 2021 17:37
1010

Peşəkarlıq, məsuliyyət, etimadı doğrultmaq uğurların bələdçisidir

Ömrünün 55-ci baharını qeyd edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor Hikmət Məmmədovun çoxşaxəli fəaliyyəti bu amillərə söykənir  

Əbəs yerə insan ömrü kitaba bənzədilmir. Kitabın səhifələrinin zənginliyi, məzmunu,  çoxcildliliyi onu ərsəyə gətirən  müəllifdən asılı olduğu kimi, insan ömrünün  əsas məzmunu da  onun əqidəsindən, həyat mövqeyindən,  tutduğu yoldan, fəaliyyətindən, gələcəyə baxışından, ən əsası hər an içində onu müşayiət edən “mən”i qarşısında verdiyi hesabatdan asılıdır.  Məhz bu hesabatlar dünənimizə baxış əsasında gələcəyimizi qurmağa, qarşıya yeni-yeni vəzifələr qoyub onların həllinə nail olmağa, hədəflərə çatmaq üçün ciddi səylər göstərməyə əsas verir. Təbii ki, illər keçdikdə, arxaya baxıb ömür kitabını vərəqlədikcə “mən nə etmişəm”, “Allah Təalanın bəxş etdiyi ömrü necə yaşayıram” sualları qarşısında daha cəsarətli dayanmaq, illərin izlərindən qürurla  danışmaq hər kəsin arzusu, amalıdır. Bu arzuya, amala yetmək,  ömür kitabımızın  hər səhifəsinin özünəməxsus şəkildə  gözəl anlarla, xatirələrlə, bol-bol uğurlarla, insani keyfiyyətlərlə,  şiriun duyğularımızı özündə ehtiva edən əməllərimizlə zənginləşməsindən, son nəticədə dövlətimizə, xalqımıza layiq bir vətəndaş kimi yetişməyimizdən qürur duymaq isə təbii ki, bizim  özümüzdən asılıdır.

Aprelin 17-də  ömrünün 55-ci baharını arxada qoyan  "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Hikmət Babaoğlunun (Məmmədov) fəaliyyəti bu baxımdan diqqəti xüsusilə cəlb edir.

Ənənəyə sadiq qalaraq  Hikmət müəllimin həyat yolu haqqında qısa məlumatı təqdim edirik:

Hikmət Baba oğlu Məmmədov 1966-cı il aprelin 17-də Qərbi Azərbaycanın (indiki  Ermənistan) Amasya rayonunun Göllü kəndində ziyalı ailəsində anadan olub. O vaxtdan keçən 55 il zaman baxımından böyük olmasa da, Hikmət müəllim sanki zamanı qabaqlayaraq bu dövrdə  biri-birindən mühüm uğurları ilə həm siyasət, həm elm, həm qanunvericilik, həm də  jurnalistika sahələrində çoxlarının qibtə edəcəyi böyük uğurlar qazanıb. Buna əmin olmaq üçün Hikmət Babaoğlunun indiyədək qət etdiyi 55 illik ömür yolunun ayrı-ayrı məqamlarına diqqət yetirmək kifayətdir. 1993-1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifələrində işləyib. 1999-cu ildə YAP-ın I qurultayında partiyanın Siyasi Şurasınun üzvü seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008-ci ildən etibarən isə "Yeni Azərbaycan" qəzetinin baş redaktorudur.

Ölkənin ictimi-siyasi həyatında aparıcı rol oynayan, ulu ondər Heydər Əliyevin yaradıcısı olduğu, son 17 ildə YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən, uğurlu  təşəbbüsləri, praqmatik qərarları ilə milyonların sevgisini qazanan   partiyanın təsisçisi olduğu bir mətbu orqana rəhbərliyin özündə hansı məsuliyyəti  cəmləşdirdiyini təsəvvür etmək o qədər də çətin deyil. Heydər Əliyev ideyalarının təbliğatçısı olan partiyanın hər bir üzvünün tribunasına çevrilən “Yeni Azərbaycan” qəzetinin son 13 ildə çoxsaylı  mətbu  orqanlar arasında özünəməxsusluğunu qorumasında   Hikmət müəllimin öz yeri, öz rolu vardır. Azərbaycanımızın hər gününü tarixinə uğur səhifəsi kimi yazması, bu nailiyyətlərə Yeni Azərbaycan Partiyasının töhfələri qəzetin səhifələrində dolğun surətdə əksini tapır. Başqa sözlə ifadə etməli olsaq, “Yeni Azərbaycan” cəmiyyətin informasiya tələbatını yüksək səviyyədə ödəməyə səy göstərir və bir qayda olaraq bu istəyinə nail olur.

Bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatların, yeniləşmə, modernləşmə siyayətinin uğurlu nəticələri həyatımızın bütün sferalarını əhatə edir. Hikmət Babaoğlunun baş redaktorluğu ilə nəşr edilən, YAP-ın mətbu orqanı olan  “Yeni Azərbaycan” qəzeti həyatımızın bu reallıqlarını sonsuz ilhamla tərənnüm edir. Milli Məclisin deputatı Hikmət Babaoğlunun  çoxşaxəli fəaliyyətində qanunvericilik sahəsində  xidmətləri xüsusi yer alır. 1 noyabr 2015-ci ildə beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin və 9 fevral 2020-ci ildə altıncı çağırış Milli Məclisin deputatı seçilmiş H.Babaoğlu  parlamentdə seçicilərini layiqincə təmsil etməklə, onları narahat edən məsələlərin həllinə yardımçı olmaqla yanaşı, həm də cəmiyyəti idarə edən müxtəlif qanun layihələrinin hazırlanmasında və qəbulunda fəallıq göstərir.  Təsadüfi deyildir ki,  Hikmət Babaoğlunun adı bir qayda olaraq  seçici rəğbətini qazanan  deputatlar sırasında çəkilir.  Ölkədə baş verən hər bir hadisəyə fəaliyyətinin ayrı-ayrı sahələrinə uyğun olaraq münasibətini açıqlayan Hikmət müəllim, eyni zamanda, öz peşə həmkarlarının- biz jurnalistlərin də sevimlisidir.   Təbii ki, bu, onun  tutduğu vəzifə ilə yanaşı, vətəndaşlıq təəssübkeşliyindən, dövlətinə, xalqına bağlılığından irəli gəlir. Hesab edirik ki, YAP-ın sarsılmaz əqidəli  üzvü, millət vəkili, peşəkar jurnalist  kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Hikmət Məmmədovun  Yeni Azərbaycan Partiyasının  5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında  partiyanın  İdarə Heyətinin üzvü seçilməsi onun çoxşaxəli fəaliyyətinə verilən ən yüksək qiymətdir. Şübhəsiz, hər bir etimad böyük məsuliyyət olmaqla yanaşı, gələcəyə daha böyük inamla, xoş ovqatla addımlamağa stimuldur. Hikmət müəllim fəaliyyətinə verilən yüksək qiyməti məhz  bu cür dəyərləndirir.

İlləri  ömür kitabına zəngin səhifə kimi yazan Hikmət Babaoğlu, eyni zamanda, elmi fəaliyyətlə də məşğuldur. 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

2013-cü ildə isə "Azərbaycan Respublikası müasir beynəlxalq siyasi proseslərin aktoru kimi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək siyasi elmlər doktoru elmi dərəcəsinə layiq görülüb.

Bizlərə hər zaman yardımçı olan “Vikipediya”ya müraciət etsək  bu sıralamanı böyük fəxr hissi ilə davam etdirə bilərik.  Hikmət müəllim 2014-cü ildən Bakı Dövlət Univeristetinin Politologiya və sosiologiya kafedrasının professorudur. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) fəaliyyət göstərən FD 02.101 Dissertasiya Şurasının üzvü və həmin Şura nəzində DİA-nın rektoru tərəfindən yaradılmış Elmi Seminarın sədri olub. 2018-ci ildən indiyədək Ali Attestasiya Komissiyası yanında tarix və siyasi elmlər üzrə Ekspert Şurasının üzvüdür. 2018-ci il martın 10-da keçirilən Azərbaycan jurnalistlərinin VII qurultayında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. 70-ə qədər elmi əsərin, 3 monoqrafiya və 4 dərsliyin, 3 kitab və tədris proqramının, 3 metodik tövsiyənin, yüzlərlə elmi-kütləvi və siyasi analitik məqalənin müəllifidir. Hazırda 20-yə qədər elmlər doktoru və fəlsəfə doktorunun elmi tədqiqat işlərinə rəhbərlik edir. Siyasi institutlar, etnosiyasi konfliktologiya, milli və siyasi proseslər ixtisası (23.00.02) üzrə onlarla doktorluq və namizədlik dissertasiyalarının müdafiəsində rəsmi opponent olub.

Bu məqamı da xüsusi qeyd etmək istərdik ki, Hikmət Babaoğlu  demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunu tutan, demokratiya təcrübəsi nümunə olan, ən əsası insan amilinə yüksək dəyər verildiyi ölkəmizdə  insan hüquq və azadlıqlarının politoloji aspektlərini kompleks şəkildə öyrənən ilk tədqiqatçıdır.   20-yə qədər ölkədə keçirilən beynəlxalq elmi konfranslarda Azərbaycanı təmsil edib. Bir neçə yerli və beynəlxalq elmi jurnalların redaksiya heyətinin üzvüdür.

Hikmət müəllmin mükafatlarına diqqət yetirdikdə onun çoxşaxəli fəaliyyətinə verilən dəyər daha aydın görünür.  2010-cu ildə  dövlətimizin başçısı İlham Əliyevin  Sərəncamı ilə "Əməkdar jurnalist" adına layiq görülüb. 2012-ci ildə Azərbaycan Mətbuat Şurasının H.Zərdabi adına "Ali Media" mükafatını alıb. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğunun təşəbbüsü ilə Türkiyə Cümhuriyyətində buraxılan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilmiş gümüş pul sikkəsi ilə mükafatlandırılıb. Qazaxıstan Respublikası "Ekonomika və Konsaltinq" Universitetinin humanitar fənlər üzrə fəxri professoru, Qırğızıstan Respublikası "Ç.Aytmatov" Akademiyasının fəxri üzvüdür.  TÜRKSOY-un  Xüsusi Media mükafatı ilə,  Mahmud Kaşqari Beynəlxalq Fondu tərəfindən ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə "MAHMUD KAŞQARİ" medalı ilə,  Beynəlxalq "Türk Dünyasına hizmət Onur Medalı" ilə təltif edilib.

Qeyd etdiklərimiz yubilyarın   “protokol” qaydalaına uyğun olaraq təqdimatıdır. Amma bu fikri böyük əminliklə qeyd edə bilərik ki, Hikmət müəllim titulları sadalamadan da “Hikmət Məmmədov” deyəndə söhbətin kimdən getdiyi dərhal  göz önünə gələn  tanınmışlardandır. Ən böyük dəyər, sərvət məhz budur.

Bir daha Hikmət müəllimi doğum günü münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində davamlı uğurlar arzulayırıq!

Yaşınıza əlavə olunan yeni vahid ömür kitabınıza daha möhtəşəm uğurlar, gözəl anlar yazsın, Hikmət müəllim!

Yeganə Əliyeva, “İki sahil”