18 aprel 2021 13:31
779

Hindistanda üçün ciddi oksigen çatışmazlığı var

Hindistanda son günlər COVID-19 infeksiyasına yoluxmaların, paralel olaraq ağır xəstələrin sayının sürətlə çoxalması xəstəxanalarda oksigen çatışmazlığına səbəb olub.

"İki sahil" xəbər verir ki, ağır xəstələrin müalicə aldığı bəzi tibb müəssisələrində oksigen çatışmazlığı səbəbindən ölüm halları da qeydə alınıb. AZƏRTAC-ın məlumatına görə, Şahdol şəhərindəki tibb kollecinin xəstəxanasının reanimasiya şöbəsində olan 6 xəstənin məhz oksigen çatışmazlığından öldüyü bildirilir. Tibb kollecinin dekanı Milind Şiralkar oksigen çatışmazlığı faktını təsdiqləyərək, ağır xəstələrinin sayının çox olması səbəbindən çənlərdə kifayət qədər oksigen qalmadığını açıqlayıb. Oxşar hallar ölkənin digər yerlərindəki tibb ocaqlarında da müşahidə olunur.

Dehlinin əsas naziri Arvind Kecrival gündə təxminən 25 min yoluxmanın aşkarlandığı paytaxtda da ağır xəstələr üçün oksigen və müalicə dərmanları çatışmazlığı faktını etiraf edib. O, Federal Səhiyyə Nazirliyinə müraciət edərək, oksigen çatışmazlığını təcili həll etməyə çağırıb.

Hazırda pandemiyanın 2-ci və daha ağır dalğasının müşahidə olunduğu Hindistanda ötən sutka 261 min 500 yoluxma aşkarlanıb. Bu, pandemiya dövründə Hindistanda qeydə alınan gündəlik ən çox yoluxma halıdır. Ötən gün dünyada ən çox yoluxma da məhz Hindistanın payına düşüb. Ümumiyyətlə, bir aydan çoxdur ki, Hindistanda sutkalıq yoluxmaların sayı gündən-günə artır.

Ötən gün Hindistanda COVID-19 infeksiyası səbəbindən 15 min 11 ölüm faktı qeydə alınıb. Beləliklə, ümumu yoluxma sayı 14 milyon 788 mini, ölüm sayı isə 177 mini ötüb. Hazırda 1,8 milyon aktiv xəstə var.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə ABŞ-dan sonra ikincidir. Hindistanda virusa yoluxanların ümumi sayı ötən il iyulun 16-da 1 milyonu, dekabrın 18-də isə 10 milyonu ötüb.