Müasir dünyada bütün sahələr maraqlı faktlarla doludur. Dişlərin müalicəsi ilə bağlı olan stomatologiya sahəsi də istisna deyil.
Stomatologiya ilə bağlı təəccübləndirici faktlarla aşağıda tanış ola bilərsiniz:
Şanslı körpələr
Bilirdinizmi ki, yeni doğulmuş körpələrdə ağız boşluğunda zərərli bakteriyalar olmur? Hesab edirlər ki, körpələrə həmin bakteriyalar ananın öpüşləri zamanı keçir.
İnfeksiyalara diqqət
Yoluxucu bir xəstəlik keçirmisinizsə, mütləq diş fırçanızı dəyişin. İş orasındadır ki, xəstəlik zamanı fırçaya çoxlu bakteriyalar toplanır və yenidən yoluxma riski yaranır. Elə bütün hallarda diş fırçasını hər 3-4 aydan bir dəyişmək məsləhət görülür.
Şirniyyatların nəticəsi
Maraqlıdır ki, "Coca-Cola"nın və şirniyyatların kütləvi reklamının ilk ilində diş çürüklərinin inkişafında kəskin bir artım qeydə alınmışdı. Bu vəziyyət bir çox cəhətdən bu günə qədər davam edir. Mütəxəssislər bu cür içkilər içdikdən sonra ağzınızı təmiz su ilə yaxalamağınızı məsləhət görürlər.
Qapaqlı diş fırçası
Yəqin ki, bir çox məşhur diş fırçası modelinin xüsusi qapaqlar ilə təchiz olunduğunu görmüsünüz. Bu şəkildə onların daha az çirklənəcəklərinə inanılır. Əslində, nəmli şəraitin sayəsində belə bir qapaq yalnız bakteriyaların böyüməsinə şərait yaradır.
Düzgün təmizləmə
Dişləri təmizləyərkən çox da möhkəm sürtmək olmaz. Aktiv təmizlik diş emalına ümumiyyətlə fırçadan istifadə etməməkdən daha çox zərər yetirir. Sərt şəkildə fırçalamaq dişin üst qatlarını zədələyir, emalın eroziyasına səbəb olur və dişlərin həssaslığı artır. Dişləri diqqətlə və ehtiyatla fırçalamaq lazımdır.
Pələng dişi
Yəqin ki, məşhur çinli siyasətçi Mao Çeedune haqqında eşitmisiniz. Stomatologiya tarixində o dişlərini heç vaxt fırçalamaması ilə məşhurdur. Əvəzində siyasətçi yeməkdən sonra çay yarpaları çeynəyirdi. Mao düşünürdü ki, pələnglər də heç vaxt dişlərini təmizləmirlər, buna görə o da təmizləməsə bir problem olmaz.
Çinlilərin kəşfi
İlk diş fırçaları Çində yaranmışdı. Donuz, at, porsuq tüklərindən hazırlanırdı. Müasir neylon fırçalar isə 1938-ci ildə Qərbdə hazırlanmağa başlanıldı.
Dişlərin bayramı
Dünyada yeganə belə milli bayram Çində mövcuddur. Həmin gün “dişlərə sevgi günü” hesab edilir. Hər il 20 sentyabrda qeyd edilir.
Qırış qorxusu
Fransa kralı XI Lüdövikin dövründə bütün aristocrat dairələr yalnız şorba və sıyıqlarla qidalanırdılar. Onlar hesab edirdilər ki, möhkəm qidalar çoxlu çeynəmə tələb edir ki, bu da qırışları artırır.
İstedadlı yaponlar
Hazırda xəstə dişləri çıxarmaq stomatoloqlar üçün sadə bir işdir. Ağrıkəsici vasitələr və müasir avadanlıqlar sayəsində xəstəyə əziyyət vermədən diş çıxarılır. Ancaq bu heç də həmişə belə olmayıb. Əsrlər öncə yaponiyalı stomatoloqlar heç bir tibbi alətsiz, yalnız əlləri ilə xəstə dişi çıxarırdılar.
Şokoladın faydası
Müasir şokolad məhsullarının tərkib hissəsi olan kakao tozunun diş çürüklərinin inkişafına mane olduğunu bilirdinizmi? Lakin yalnız məhsulda şəkər olmadığı təqdirdə faydalıdır.
İlk stomatoloq
Bu yaxınlarda İtaliyada mağaralardan birində 14 min il əvvələ aid dişlər tapılmışdı. Tapıntının maraqlı cəhəti onda idi ki, onun üzərində karieslə mübarizə izləri var idi. Naməlum ibtidai diş həkimi təsirlənmiş sahələri sərt qaya daşları ilə çıxartmağa çalışmışdı. Bu dişdə muma bənzəyən bir maddə ilə içi doldurulmuş bir çuxur da tapıldı.
Küçə ustaları
Təəssüf ki, dişlərin müalicəsi sahəsində heç də bütün dünyada son avadanlıqlar və müasir biliklər istifadə edilmir. Məsələn, Hndistanda küçə diş ustaları fəaliyyət göstərirlər. Onlar elə yollarda, küçənin ortasındaca keyləşdirici belə olmadan öz kobud alətləri ilə müalicə edirlər.
Nubar Süleymanova, “İki sahil”