20 aprel 2021 00:46
2743

Bir qələm, bir kağız…

Klavyatura ilə yazarkən barmaqların davamlı hərəkəti, düymələrin səsi insanda fiziki və psixi yorğunluğu artırır

İndi həyatımızı elektron cihazlar olmadan təsəvvür edə bilmirik.  Bu rəqəmsal alətlər yalnız evdə və işdə köməkçilərimiz deyil, həm də məsafələri yaxınlaşdıran, kilometrlərlə bizdən uzaqda yaşayanlarla ünsiyyət qurmağımıza yardımçı vasitəçilərdir. Onların köməyi ilə uzaqdakı həmsöhbətlər ilə ünsiyyət qura, oxşar maraqlarımız olan insanlarla əlaqələri genişləndirə və daha çox sevdiyimiz şeylərlə məşğul ola bilərik. Qeyd etmək lazımdır ki, elektron cihazlardan geniş istifadə həyatımızı yalnız yaxşılığa doğru dəyişmədi. Müasir insanı tənbəlləşdirdi, fiziki aktivliyi azaltdı, hərtərəfli faydalı olan bir çox bacarıqları, o cümlədən də qələm ilə yazmanı aradan çıxardı. Məsələn, ulu babalarımızın zamanında “yazı” deyildiyi zaman mürəkkəbə batırılaraq istifadə olunan lələk (pero) qələmlər, daha sonralar karandaş (siyah daş) ağla gəlirdi. O zamanlar beynin məhsulu olan yazıya o qədər qiymət verilirdi, yazı elə dəyərli məhsul hesab olunurdu ki, yaxşı, keyfiyyətli bir lələk çox qiymətli hədiyyə kimi qiymətləndirilirdi. Məşhur alman şairi və mütəfəkkiri Höte dahi rus şairi Puşkinə bahalı futlyarı olan pero bağışlamışdı. Həmin hədiyyə hələ də şairin Sankt-Peterburqdakı ev-muzeyində saxlanılır.  

İllər keçdikcə, texnologiya da inkişaf etdi. Kompüter, ipad, ağıllı telefonların əlçatanlığı qələmlə yazmağı sıxışdırıb çıxardı. Artıq yazını mürəkkəbli qələmlə yox, klaviatura ilə yazmağa adət etdik. İnsanların fikirlərini və ya hansısa mətni yazmaq üçün belə daha funksional elektron avadanlıqlara üstünlük verməyə başlanıldı. Təcrübə göstərdi ki, daimi klaviatura istifadə edənlər əl ilə yazmaqda çətinlik çəkirlər, sürət aşağı düşür, yazının oxunaqlılığı itir və s. Demək ki, hər hansı bir bacarıq kimi, bu kefiyyət də yalnız istifadə edildikdə tamamilə qorunur. İnformasiya kommunikasiya texnologiyalarının hazırkı inkişaf dövründə istər evdə, istərsə də hər hansı məkanda yazmaq, informasiya ötürmək daha asandır. Artıq qəbzləri, kommunal ödənişləri belə terminaldakı 2-3 düyməni basmaqla yerinə yetirə bilirik. Hər hansı dövlət orqanına müraciəti elektron formada yazıb göndəririk.

Bu qədər funksionallıq ancaq müsbət nəticələr vermir…Araşdırmalar göstərir ki, yazı yazarkən qələmdən və ya klaviaturadan istifadə orqanizmə fərqli təsir göstərir. Belə ki, klaviatura ilə yazarkən barmaqların davamlı hərəkəti, düymələrin səsi insanda fiziki və psixi yorğunluğu artırır.  Lakin əl ilə yazmaq isə bizə istər fiziki, istərsə də psixoloji müsbət təsir göstərir.  Hələ 1980-ci illərdə aparılan araşdırmalar göstərdi ki, hər gün 15-30 dəqiqə ərzində  icra edilən “yazı terapiyası” insanın fiziki və zehni sağlamlığına əhəmiyyətli dərəcədə fayda verə bilər.

ABŞ-ın Viskonsin ştatının Medison şəhərində yerləşən “University of Wisconsin–Madison”un bir qrup tədqiqatçısı belə qənaətə gəliblər ki, qələmlə yazmaq zehni bacarıqların inkişafına birmənalı olaraq müsbət və inkarolunmaz təsir göstərir. Universitetin apardığı araşdırmanın nəticələri göstərdi ki, tələbələr klaviatura ilə müqayisədə qələmlə daha sürətli yazırlar. Bundan başqa əl ilə yazarkən özlərini daha yaxşı ifadə edirlər və daha orijinal fikirlər ərsəyə gətirirlər. Bu araşdırmalara görə, yazı zamanı barmaq hərəkətləri; düşüncə, dil və sürətli yaddaş kimi beynin müxtəlif hissələrini aktivləşdirir. Belə olduqda, tələbələrin yaradıcılığı artır. Onlar düşüncələrini kağız üzərində çatdırarkən fikirlərini daha yaxşı ifadə etmək qabiliyyəti sürətlənir.

1999-cu ildə “Journal of Traumatic Stress” jurnalında dərc olunan məlumata görə stresli zamanlarda qələmlə yazı yazmaq insanı rahatladır, daha çox terapevtik fayda verir.  

Aydındır ki, lələyi mürəkkəbə batıraraq məktub yazmaq texnologiya əsrində müzakirə mövzusu ola bilməz. Bir çoxumuz kompüterlərin əhatəsində böyümüşük və sadaladığımız müasir cihazlardan istifadəyə artıq alışmışıq. Həmişə olmasa da bəzən  yazmaqla bəzi emosional çətinliklərin öhdəsindən gələ bilərik. Şəhər həyatının qaçhaqovunda hər kəs ürəyi istədiyi an təbiətdə dincələ bilmir. Təbiət- meşələr, bulaqlar və dağlar uzaqda olsa da kağız və qələm daima yanımızdadır.  

Günel Eyyubova, “İki sahil”