Alimlər insanlarda depressiyanı diaqnozlaşdıran və hətta xəstənin ağırlıq dərəcəsini də müəyyən edə bilən 26 biomarker müəyyənləşdiriblər. Təhlillər nəticəsində gələcək riskləri və optimal müalicə üsullarını müəyyən etmək mümkün olacaq.
Psixi pozğunluqları, depressiyanı müəyyən etmək əslində çox çətindir. Tez-tez həyatında hər şey yaxşı olduğu halda əhval-ruhiyyəsi yerində olmayan insanlarla qarşılaşırıq.Situasiyanın kəskinləşdiyini görərək həkimə müraciət etdikdə isə çox zaman artıq gec olur. Bəzən isə həkimlər sorğu-sual edərək, şikayətlərə baxaraq,diaqnozu doğru-düzgün müəyyən edə bilmirlər.
İndiana Universitetinin Tibb Məktəbinin alimlərinin yeni tədqiqatlarının nəticələri vəziyyəti tamamilə dəyişə bilər. Bu müasir tibbin həqiqətən böyük bir uğuru sayılmağa layiq bir nailiyyətdir.
İki qrup könüllü üzərində təkrar-təkrar aparılan təcrübələr biomarkerlərin dəqiq olduğunu sübut edib.
Tədqiqat rəhbəri bu kəşflə psixiatriya elmini 19-cu əsrdən 21-ci əsrə keçirməyi bacardıqlarını vurğulayıb. O bildirib ki, tezliklə affekt halları, bütün növ depressiyalar, fəsil dəyişikliyi ilə əlaqəli əhval pozğunluqları və s. kimi problemləri rahat aşkar edərək müalicə etmək mümkün olacaq.
Nubar Süleymanova, “İki sahil”