01 mart 2016 14:34
122

Kəşfiyyata başlanılacaq

Uruqvayın “Union Oil and Gas” şirkəti Qərbi Paysandu vilayətində kəşfiyyat işləri həyata keçirmək hüququ qazanıb. Məlumatı şirkətin baş icraçı direktoru Quzman Fernandez açıqlayıb. O bildirib ki, “UOGG” Uruqvayda neft və qaz kəşfiyyatı aparan ilk yerli şirkət olacaq.

İlkin müqavilədə bir illik neft kəşfiyyatı nəzərdə tutulur, lakin neft aşkar edilərsə, onun hasilatı ilə Uruqvayın dövlət neft şirkəti “Ancap” məşğul olacaq.

“UOGG” şirkətinin geoloqları tərəfindən aparılan tədqiqatlar ərazidə neft ehtiyatının mövcudluğuna əsas verir.

Şirkət ərazidə kəşfiyyatın ilkin mərhələsi üçün 500 min-1 milyon civarında sərmayə ayırıb.

Xatırladaq ki, “UOGG” Boliviya, Paraqvay, Peru və Uruqvay kimi ölkələrdə də əməliyyatlarda iştirak edir, Argentina və Kolumbiyada əməliyyatlara başlamağı planlaşdırır.

Yanvar ayında isə Uruqvay hökuməti mart ayından etibarən Montevideonun sahil ərazilərindən 400 km məsafədə, ölkənin kontinental şelfində kəşfiyyat quyusu qazmaqla bağlı planını açıqlamışdı. Qazma işlərinə 200 milyon dollar civarında sərmayə tələb olunan quyunun dünyada ən dərin quyu olacağı güman edilir.

Nubar Süleymanova, “İki sahil”