26 aprel 2021 14:10
1292

Gələcək artıq gəldi: çinli mütəxəssislər uçan taksilər üçün aerovağzal tikintisinə başlayır - FOTO/VİDEO

Çinin “Ehang” şirkəti ekoturizm sektorunda fəal şəkildə istifadə olunması planlaşdırılan pilotsuz taksilər üçün aerovağzal tikintisinə başlayacağını açıqlayıb. Xəbər fantastika dünyasından konseptual bir layihə təsiri bağışlasa da, artıq elə deyil, bu real bir layihədir. Artıq 40 “eVTOL” pilotsuz aeromobilinin şaquli uçuşu və enişi təcrübədən keçirilir.

Uzun illərdir ki, tıxaclarda əziyyət çəkən, vaxt itirən insanlar elmi-fantastik jurnallarda və kinofilmlərdə gördükləri uçan avtomobillər arzusundadırlar, lakin heç kəs düşünmür ki, belə avtomobillər olarsa, onlar harada parklanacaq, harada enerji ilə təmin olunacaq və s.

Çinin “EHang” şirkətinin yeni layihəsində vertiport adlandırılacaq xüsusi aerovağzalın tikintisi nəzərdə tutulur. Çinli mütəxəssislər İtaliyanın “Giancarlo Zema Design” qrupu ilə birlikdə ilk belə aerovağzalı İtaliyada tikməyi planlaşdırırlar. Sonradan Avropanın və Cənub-şərqi Asiyanın müxtəlif ölkələrində də belə vağzallar tikiləcək.

Aerovağzal elektrik təyyarələri üçün enerji doldurma cihazları ilə təchiz ediləcək, yaşıl sahələr və üç eniş sahəsi olan açıq teraslar yaradılacaq. Sərnişinlərin minməsi və enməsi zamanı uçan taksilər batareyalarını təmassız olaraq doldura biləcəklər.

Nubar Süleymanova, “İki sahil”