26 aprel 2021 16:49
1361

Dünyanın ən mistik yerləri - FOTO

Yer üzündə inanılmaz mistik gücə sahib olan yerlər mövcuddur. Bu yerlər haqqında topladığımız maraqlı məlumatları təqdim edirik.

 Qanlı şəlalə

Antarktidanın şərqində, Teylor vadisində yerləşən Antraktidanın "Qanlı Şəlalə"si görənləri heyrətə gətirir. Qan-qırmızı dəmir oksidli axıntı Teylor buzlağından çıxaraq quru Mak-Medro dərəsinə axır. Qanlı şəlalə 1911-ci ildə avstraliyalı Tomas Teylor tərəfindən kəşf edilib. İlk əvvəllər suyun qırmızı olması Qırmızı yosunla əlaqələndirilsə də, sonradan səbəbin paslanmış dəmir olması müəyyən edilib. Göldən axan su qrunt tərkibində olan dəmirin oksidləşməsi nəticəsində əmələ gəlir.

Şəlalənin mənbəyi 400 metr dərinlikdə yerləşən buzaltı göldür.  Deyilənlərə görə, bu göl təxmini olaraq 4-1,5 mln il öncə buz qatının altında qalıb. Göl suyunun duzluluğu okean suyunun duzluluğunu 10 dəfə üstələyir. Bu səbəbdən hətta –10 °C temperaturda belə göl donmur. Hal-hazırda Qanlı şəlalənin  altında olan göl normal dəniz suyundan 3 dəfə artıq duzludur və donması qeyri mümkündür. Materikdən ayrılması ilə bərabər atmosferlə əlaqəsi kəsilən göl heç gün işığı da ala bilmir və oksigendən məhrumdur. Şəlalənin olduğu yerə yalnız helikopter və ya bölgəni ziyarət edən xüsusi gəmilər ilə getmək mümkündür.

San Ji kurortu

Tərk edilmiş San Ji kurortu Tayvan adasında yerləşir. Bu məşhur  kurort 1980-ci illərdə varlı alıcılar üçün inşa edilmişdir. Burada  evlərin forması UFO nəlbəkilərə bənzəyir və umumiyyətlə bu yer tamamilə yad planetlilərin yurduna bənzəyir. Lakin böhranın başlaması və burada başlayan  mistik hadisələr səbəbindən kurort  açılmadı.

Rəvayətlərə görə, mistik kurortun bünövrəsini qoyan inşaatçıların əksəriyyəti ya xəstəliklərdən öldü, ya da qəza keçirərək həyatlarını itirdilər. Yerli əhalinin sözlərinə görə, bu kurort lənətlənmiş bir yerdi və  bura  ruhların məskənidir.

 Heizhu Vadisi

Çində yerləşən "Heizhu"( "Qara Bambuk") Bermud üçbucağı ilə müqayisə edilə bilər, çünki ötən əsrdə burada bir çox qəza olmuş, çox sayda insan ölmüş və itkin düşmüşdür.Çinlilər bu vadinin fəlakətli bir yer olduğuna inanır və buradan uzaq durmağa çalışırlar. Onların dediklərinə görə, lənətlənmiş vadiyə daxil olmaq asandır, buradan sağ çıxmaq mümkün deyil. Məsələn, 1950-ci ildə burada  bir təyyarə müəmmalı şəraitdə qəzaya uğradı. Təəccüblüdür ki, bir sıra araşdırmalardan sonra təyyarədə heç bir nasazlıq müəyyən edilmədi. Çox maraqlı faktlardan biri də odur ki, itkin düşən  komandadan heç SOS mesajı da alınmamışdı.  Elə həmin il vadidə çox sayda turistin və yerli sakinlərin itkisi ilə yadda qaldı. Deyilənlərə görə, məhz bu ildə "Heinzu" vadisində  təxminən 100 nəfər itkin düşmüşdü. 1962-ci ildə bir qrup geoloq bu vadidə müəmmalı şəkildə yoxa çıxdı. Bu dəhşətli yerdən bir tək  qrupu müşayiət edən bələdçi sağ qayıtmışdı. Həmin insanın  sözlərinə görə,o təsadüfən geoloqlar ilə vadiyə daxil olmuşdu.  Onlar buradan  dəhşətli səslər eşitdilər və bu zaman hər yanı duman bürüdü. Bələdçinin dediklərinə görə,  bir az vaxt keçdi və  duman təmizləndi, lakin onunla olan qrup və onlara məxsus olan  avadanlıqlar tapılmadı.

Hotel del Salto

Qeyd edək ki,bu yer  dünyanın ən maraqlı və qorxulu otellərindən biridir. Rəvayətlərə görə, bu oteldə ruhlar gəzişir və buradaxil olan bir daha sağ çıxmır. Hotel del Salto Kolumbiyada Boqota çayının üzərində, dağlıq bir ərazidə yerləşir. Olduqca gözəl ərazidə yerləşən bu otel 1923-cü ildə  Kolumbiya prezidenti Pedro Nel Ospinanın dövründə tikilib. Fransız üslubunda tikilən bina əvvəllər otel kimi istifadə olunmayıb. Pedro Nel Ospinanın hakimiyyətindən sonra, 1928-ci ildən bina otel kimi istifadəyə verilib və varlı insanların  sevimli istirahət yerinə çevrilib. Hətta  50-ci illərdə Hotel del Saltonun   müştəriləri o qədər artıb ki, oteli böyüdüb 18 mərtəbəli bir tikiliyə çeviriblər. 90-cı illərdə isə burada qəribə hadisələr baş verməyə başlayıb. Oteldə ard-arda intihar hadisələri baş verib, adamlar itkin düşməyə başlayıb. Bu yerlə bağlı maraqlı məqamlardan biri də odur ki, otelin yanındakı Tequendama şəlaləsi "ölüm şəlaləsi" kimi tanınmaqdadır. Belə ki, ispan koloniyası dövründə qul olmaqdan bezən yerli hindular özlərini bu şəlalədən atırlarmış. Bununla da onlar qartala çevrilərək azad olduqlarına inanırdılar.

Onsuzda haqqında mifik təsəvvürlər olan bu yerdə dalbadal intihar və başqa qəribə hadisələrin baş verməsi otelin  taleyini həll edir. 90-cı illərdən sonra heç kəs bu otelə gəlmir və beləliklə, Hotel del Salto bağlanır. Hal-hazırda bu mistik yer otel muzey kimi istifadə olunur.

Roopkund gölü

Hindistanda yerləşən "Roopkund" gölü var Himalay dağlarının 7120 metr yüksəkliyində Trishul dağının ətəyində yerləşir. Hər il qar əridikdən sonra bu gölün sahillərində yüzlərlə insan skeletinə rast gəlmək olar. 19-cu əsrdə  bu mistik  "qəbiristanlıq" müqəddəs yer Homkunda gedən zəvvarlar tərəfindən aşkar olunmuşdu. Uzun illər ərzində aparılan araşdırmalar nəticəsində məlum oldu ki, bu insanlar  bir kriket topu ölçüsündə olan grad  ilə öldürülüb.

Poveglia Adası

Dünyanın ən mistik yerlərindən biri kimi tanınan Povegliya adası  Venesiyada yerləşir.  XIV əsrdə burada baş verən hərbi əməliyyatlar səbəbindən ada sakinləri evakuasiya edildi və geri qayıtmadılar. Bu tənha yer yalnız  vəba epidemiyası zamanı xatırlandı. Ölənləri və xəstələri bura gətirməyə başladılar.1920-ci illərdə burada ruhi xəstələr üzərində dəhşətli təcrübələr aparıldı. 1922-ci ildə burada açılan  psixiatriya xəstəxanasının baş həkimi  törətdiyi əməllərdən sonra ağlını itirərək intihar etmişdi. 1968-ci ildə xəstəxana bağlandı və adada  yaşayış olmadı.

Stounhenç

Bu yer təxminən 2500 il bundan əvvəl tikilib. Alimlər hesab edirlər ki, bu abidə günəş şüasının düşmə dərəcəsini ölçür. 1986-cı ildə" UNESCO" tərəfindən “Dünya İrsləri” siyahısına daxil edilən eramızdan əvvələ aid Stounhenç abidəsi Birləşmiş Krallıqda yerləşir.Dünyada ən məşhur sahələrdən biri olan Stounhenç yerə bərkidilməklə böyük daşlar yığımından ibarətdir. Tikilinin funksiyası üçün iki nəzəriyyə mövcuddur. Bunlardan birincisi onun astronomik rəsədxana olması, ikincisi isə dini sahə kimi istifadə olunmasıdır.

Paris katakombaları

Parisin katakombaları uzunluğu 300 km olan şəhərin altındakı yeraltı tunellərdir. Tarixçilərin sözlərinə görə, bu tunellərdə altı milyondan çox skelet aşkar olunub. Bu katakombalar 18-ci əsrdə Parisdəki dolmuş "Les innocents" qəbiristanlığındakı ölüləri köçürmək məqsədilə tikilmişdir. 6 milyona yaxın insan qalıqlarının Paris katakombalarında yerləşdirildiyi güman olunur. Yerli əhali və turistlərin marağını cəlb edən bu yeraltı tikilinin kiçik bir hissəsi xalqa açıqdır, lakin digər tərəfi isə bütün dünya üçün bir sirr olaraq qalmaqdadır.

Samirə Tağıyeva, "İki sahil"