Demək olar ki, dünyanın fərqli ölkələrindən mütəxəssislər araşdırmaları davam etdirərək, hər gün SARS-Cov-2 virusunun insan orqanizminə təsirləri ilə bağlı yeni bir şey aşkar edirlər. Buna görə də, virusla bağlı məlumatlar da tez-tez dəyişilir və ya yeniləri əlavə edilir.
Uzun müddətdir ki, mütəxəssislər hamiləlikdə COVID-19-a yoluxma riski ilə bağlı tədqiqatlara diqqət ayırmırdılar. Virusun anadan uşağa keçmədiyi deyilirdi, baxmayaraq ki , artıq belə hallar müşahidə edilməkdədir.
“JAMA Pediatrics” nəşrində dərc edilən yeni tədqiqatların nəticələrində göstərilir ki, yoluxma ana ilə yanaşı gələcək uşaq üçün də təhlükəlidir.
Ötən ilin mart ayından 2020-ci ilin oktyabr ayınadək 18 ölkədə 2000 insan üzərində təcrübələr aparılıb. Mütəxəssislər müəyyənləşdiriblər ki, hamilə qadınlarda ciddi yoluxma, reanimasiyaya yerləşdirilmə, hətta ölüm galları digər insanlarla müqayisədə daha artıqdır. Onlarda həmçinin erkən doğuş və uşağın sağlamlığına təsir edən digər ağırlaşmalar da müşahidə edilib.
Mütəxəssislər həm də onu müəyyən ediblər ki, simptomsuz COVID-19 keçirən hamilə qadınların doğulan uşaqlarında sağlam qadınlar kimi doğuş zamanı heç bir problem yaranmır.
Bundan əlavə, mütəxəssislər bildirirlər ki, keysəriyyə əməliyyatı ilə doğuş zamanı uşağın koronavirusa yoluxması riski artır, ana südü ilə qidalanma isə əksinə heç bir risk daşımır.
Nubar Süleymanova, “İki sahil”