27 aprel 2021 15:39
1254

Qütb ayılı otel - FOTO

Çinin Heylongciang əyalətində dünyanın ilk qütb ayısı olan oteli açılıb. “İki sahil” xəbər verir ki, 2 qütb ayısı olan otel heyvan hüquqları müdafiəçilərinin etirazına səbəb olub. Hər nə qədər belə olsa da, oteldə müştəri sıxlığı var. Heylongciang əyalətinin paytaxtı və ən böyük şəhəri Harbindəki Harbin Polarland parkının bir hissəsi olan “Polar Bear Hotel” gecə və gündüz 21 otaqdan qütb ayılarını seyr etmək vədi ilə açılışını edib. Otelin reklamında "İstər yemək yeyin, istər oyun oynayın, istərsə də yatın, səni qütb ayıları müşayiət edəcək" cümləsi yer alır.

“Reuters”in əməkdaşının çəkdiyi  fotoşəkillər 2 qütb ayısının süni buzlu kiçik bir hovuzda yaşamağa çalışdığını və insanların onları qapalı yerlərdən izləməyə çalışdığını göstərir. Otelin sözçüsü Yang Liu bildirib ki, hava şəraiti imkan verdiyi halda qütb ayılarını çölə buraxırlar. Otelin gecə qiymətləri 290-351 dollar arasında dəyişir. Otelə maraq olduqca böyükdür.

Heyvansevərlərdən etiraz

PETA heyvan haqları qrupunun vitse-prezidenti Jason Bakerin verdiyi açıqlamalarda "Qütb ayıları zooparklara və ya akvariumlardakı şüşə qutulara aid deyil və otellərə isə heç aid deyil.Onlar Şimal qütbünə aiddir. Qütb ayıları 18 saata qədər təbiətdə minlərlə kilometr gəzə bilərlər" deyə bildirib.

Vüsal Cahanov, “İki sahil”