28 aprel 2021 00:00
3113

Qanla yazılan 28 aprel

Həmin gün Müvəqqəti İnqilab Komitəsinin yaradılması ilə Azərbaycanda 71 il davam edən sovet hakimiyyətinin əsası qoyuldu

1920-ci il aprelin 27-də son iclasını keçirən Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti rus ordusunun ölkəni işğal etdiyini nəzərə alaraq hakimiyyəti yerli bolşeviklərə təhvil verir. Aprelin 28-də Hərbi İnqilab Komitəsi rus bolşeviklərinin lideri Vladimir Leninə “Biz Bakı neftini ələ keçirdik” məzmunlu teleqram göndərir. Sovet rejimi Azərbaycan Xalq Cümhuriyyətindən təhvil aldığı 114 min kvadratkilometrlik ölkənin böyük bir hissəsini Ermənistan başda olmaqla qonşu dövlətlər güzəştə gedir. 1920-ci ilin aprel ayının sonlarından 1941-ci ilin avqustuna qədər repressiyalarda 47 min adam qətlə yetirilir.

Həmin dövrdə Azərbaycan – Rusiya sərhədlərində olan azsaylı silahlı dəstələrimiz müəyyən qədər müqavimət göstərsələr də bu, nəticəsiz oldu. Bəzi mənbələrdə 60 (altmış), bəzi mənbələrdə isə 70 (yetmiş)  min rus – bolşevik silahlı dəstələrinin Azərbaycana hücum etdiyi qeyd olunmaqdadır. Əslində  “sovet hakimiyyətinin, fəhlə-kəndli hakimiyyətinin qurulması və Türkiyəyə yardım” adı altında Azərbaycanın  Rusiya tərəfindən yeni  işğalı baş verirdi.
Azərbaycanda Sovet hakimiyyətinin mövcudluğu dövründə (1920-1991-ci illər) dövlətin təbliğat sistemində, nəşr etdiyi kitablarda, “27 Aprel” yox, “28 Aprel”  tarixinə üstünlük verilib. Bəs nə üçün?

Azərbaycan Xalq Cümhuriyyətinin mühacirətdə yaşayan liderləri (başda M. Ə. Rəsulzadə, Ə. Topçubaşov və d.) öz yazılarında, rəsmi sənədlərdə 1920-ci ilin 27 aprelini Azərbaycanın işğalı olaraq qeyd ediblər. Bu, onunla izah edilib ki, Azərbaycan dövlətinin sərhədləri Rusiya bolşeviklərinin XI Ordusu tərəfindən aprelin 26-dan 27-nə keçən gecə pozulub və işğalçı qüvvələr Yalama-Xaçmaz tərəfdən ərazimizə daxil olublar. Yəni, hələ 1920-ci ilin 21 və 23 aprel tarixlərində Qafqaz Cəbhəsi İnqilab Hərbi Şurası S.Q.Orconikidzenin başçılığı ilə XI Orduya Aprelin 27-də Azərbaycan sərhədini keçib, bütün ərazini tutmaq əmrini vermişdi. Aprelin 26-da XI Ordu qərargahı  hücuma rəhbərlik etmək üçün Dərbəndə köçmüşdü. XI Ordunun hücumu  aprelin 26-dan 27-nə keçən gecə saat 12-də başladı. İrəlidə dəstə komandiri  M.Q.Yefremovun yerləşdiyi “III İnternasional” qatarı gedirdi. Yalama stansiyasında Azərbaycan Ordusu əsgərləri ilə qısa döyüşdən sonra Milli Orduya məxsus zirehli qatar geri çəkilməyə məcbur oldu. Xudat və Xaçmaz stansiyalarında da Milli Ordu əsgərləri döyüşüb müqavimət göstərdilər (bəzi mənbələrdə 1000-ə qədər əsgərin döyüşdə həlak olduğu söylənilir). Lakin onların sayı işğalçı bolşevik ordusundan olduqca az idi. Azərbaycan sərhədlərini keçən bolşevik ordusunda 60-70 min əsgər var idi. Bizim 25-30 minlik ordumuzun böyük bir hissəsi kommunistlərin göstərişi ilə Qarabağda qiyam qaldırmış ermənilərlə savaşa göndərilmişdi. Generallarımızdan S. Mehmandarov və  Ə. Şıxlinski körpünü partladıb XI Orduya mane olmadılar. 1920-ci ilin Aprelin 28-də saat 5-də “III İnternasional”  zirehli qatarı 23 saatlıq Yalama-Bakı məsafəsini qət edərək Bakı Vağzalına çatdı. Beləliklə, bolşeviklər məhz 28 Apreli Azərbaycanda Sovet Hakimiyyətinin yaradılması günü elan edərək “28 Aprel İnqilabı”  olaraq  dünya ictimaiyyətinə yaydılar. Yəni 27 Aprel işğalı yox, yalan və saxta bir təqvim yaratdılar –28 Aprel inqilabı.

27 aprel 1920-ci ildə Azərbaycanda “Qrob nedelya” (“Yağmalama həftəsi”) elan edərək ticarətxanaları, evlərin uşaq oyuncaqlarına qədər hər şeyi talan edib 60 (altmış) vaqon dolu əşyanı “Yoldaş Leninə Azərbaycandan hədiyyə” adı altında Moskvaya yolladılar. Bolşeviklər neft və neft məhsulları olmaqla, Azərbaycanın bütün yeraltı və yerüstü sərvətlərini Sovet Rusiyasına daşıdılar. Azərbaycan talan edilir, sərvəti Rusiyaya daşınırdı. Yalnız 1920-ci ilin mayın 1-də Rusiyaya “Buniyad” gəmisi ilə 67, 528 pud neft; “Rus” gəmisi ilə 76697 pud mazut yola salınmışdı. Ərzaq anbarları müsadirə edilərək Moskva proletariatına göndərilirdi. Azərbaycanlı ailələr küçələrə atılır, evləri mənimsənilirdi. Seçmə ziyalılar, hökumət adamları, məmurlar, tanınmış pedaqoqlar da öldürüldü, ya həbs edilirdi. İki gün ərzində Bayıl həbsxanasında  300 (üç yüz) nəfər güllələndi, 10 (on) minə qədər insan Sibirə sürgünə göndərildi. Sənədlərdən məlum olur ki, 1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfər qırmızı terrorun qurbanı olmuşdu.

Sonrakı illərdə də Azərbaycana qarşı zorakılıqlar davam etdirildi. Ötən əsrin 80-ci illərinin sonlarında Dağlıq Qarabağ münaqişəsinin yenidən körüklənməsi də Moskvada KQB-nin bağlı qapıları arxasında hazırlanmışdı. Azərbaycanı bu dəfə də böyük fəlakətlər gözləyirdi. Lakin SSRİ-nin dağılması və ölkəmizin 71 illik işğal dövründən sonra müstəqilliyini yenidən əldə etməsi bizi gözləyən ağır faciələrin qarşısını aldı. Buna baxmayaraq 1991-ci ildə müstəqillimizi əldə etdikdən sonra da rus-erməni işbirliyi ərazilərimizin 20 faizinin işğal edilməsinə, Xocalı soyqırımına gətirib çıxarmışdı.

Sevinc Azadi, “İki sahil”