Hər bir evdar şəxs bilir ki, yemək hazırlamamışdan əvvəl məhsulları isti və ya ilıq su ilə yuyurlar. Meyvə və tərəvəzləri, hətta bazardan və ya marketdən aldığımız əti belə yuyuruq. Əslində məntiqlidir, o ət haradasa kəsilib, satıcının, qəssabına əllərinə dəyib, bəlkə üzərinə milçək qonub. Lakin mütəxəssislər bildirirlər ki, əti yumaq düzgün deyil.
Əti yumamaq üçün birinci səbəb
Mütəxəssislər yekdilliklə deyirlər ki, hansı ət almağınızdan və haradan almağınızdan asılı olmayaraq onu heç vaxt yumamalısınız. Bakteriyaların ətdən yuyulmasına çalışdıqda vəziyyəti daha da çətinləşdiririk. Ətin yuyulması mikroorqanizmlərin aktivliyini artırır və onların yayılmasına kömək edir. Bir parça ət üzərində tapılan bakteriyaların bir qismi, ümid etdiyimiz kimi, yuyarkən mətbəx vannasının drenajı ilə axıb getmir, qablara, vannanın səthinə möhkəm yapışır və hətta bir neçə dəfə sürtsək belə orada qalır.
Bu, xüsusilə toyuq ətinə aiddir, çünki məhz toyuq əti tez-tez insanların salmonella virusuna yoluxmasına səbəb olur. Yuyarkən həmin virus 1 metrə qədər hərəkət edə bilər. Bundan əlavə, digər mikrooorqanizmlər də var ki, çox ciddi mədə-bağırsaq traktı və sinir sistemi xəstəliklərinə yol aça bilirlər.
Əti yumamaq üçün ikinci səbəb
Əti xüsusilə isti su ilə yuyarkən səthinin molekulyar tərkibini pozulur. Bu, şəkər və amin turşuları arasında qızdırıldığı zaman meydana gələn "Maillard" adlanan reaksiyanın qarşısını alır. Sadə dillə desək, yaş ət bir tavada çətin qızarır, dadını və ətrini itirir. Belə ki, “Maillard” reaksiyası təxminən 110 ° C temperaturda başlayır. Su 100 ° C-də qaynayır və buxarlanır, yəni əti düzgün şəkildə qızartmaq imkanı olmur. Suyun buxarlanmasını gözləmək məcburiyyətində qalırıq və bu vaxta qədər ət artıq bütün şirəsini itirir.
Nə etməli?
Satın aldıqdan sonra ətin səthini kağız dəsmal ilə yaxşıca silin. Ətin səthindəki bütün bakteriyalar istilik zamanı məhv olacaqdır. Yeri gəlmişkən, əti qurutduğunuz dəsmalları atdığınızdan əmin olun, isti su və sabunla əllərinizi yuyun. Fərqli ət növləri üçün bakteriyaların öldüyü temperaturun dərəcələri fərqlidir, məsələn, toyuq üçün 75-80 ° C, mal əti üçün isə 60 ° C kifayətdir.
Dondurucuda saxlayacağınız əti də yumaq məsləhət görülmür. Yumaq onun saxlama müddətini azaldır.
Ancaq yenə də qeyd etmək lazımdır ki, ətin üzərində çirk və ya sümük qırıqları görsəniz - ət parçasını soyuq su axını altında tuta bilərsiniz. Ancaq bunu suya sıçramadan çox diqqətlə edin və sonra qabı və ya mətbəx vannasının içərisini, ətlə təmasda olan bütün səthləri yaxşıca yuyun.
Nubar Süleymanova, “İki sahil”