İsrail və Kanadalı tədqiqatçılar Cənubi Afrikadakı möcüzə mağarada təxminən 2 milyon il əvvəl istehsal olunmuş daş alətləri aşkar ediblər.
“İki sahil” xəbər verir ki, kül izlərinin də olduğu mağaranın dünyanın ən qədim evi ola biləcəyi ifadə edilib. Cənubi Afrikanın Kalahari səhrasında yerləşən məşhur arxeoloji sahə olan Wonderwerk mağarasında arxeoloji qazıntılar davam edir. Mağarada uzun müddət qazıntı aparan İbrani Qüds Universiteti və Toronto Universitetindən bir qrup geoloq və arxeoloq, Afrika dilində “möcüzə” mənasını verən yeraltı mağarada insan fəaliyyətinin ən erkən dəlillərinin tapıldığını açıqlayıb. Onlar daş alətləri, heyvan qalıqlarını və tarixdən əvvəlki həyatın digər izlərini ehtiva edən 2,5 metr qalınlığında çöküntü qatlarını analiz edib. Daha sonra çöküntü nümunələrinin maqnit siqnalları ölçülüb. Bu kəşf çöküntü qatlarının yaşını və tərkibini müəyyənləşdirməyə kömək edib. Bölgədə çalışan arxeoloqların verdiyi açıqlamada, 1.8 milyon il əvvələ aid sadə daş alətlərin və mağarada 1 milyon il əvvəl ocaq yandırıldığına dair dəlillərin olduğu ifadə edilib. Afrikanın digər bölgələrində daha qədim daş alətlərə rast gəlinsə də, yeni kəşfin açıq hava sahəsinin əksinə bir mağarada edildiyi üçün çox əhəmiyyətli olduğu bildirilib.
Açıq havada aşkarlanan oxşar kül izləri təbii meşə yanğınlarının nəticəsi olaraq şərh edilərkən, mağaranın içərisindəki kül qalıqlarının içəridə bir yanğın çıxdığına dair bir dəlil olaraq əhəmiyyətli olduğu ifadə edilib. Digər tərəfdən İsrail mətbuatı da mağaranı "bəşər tarixindəki ən qədim ev" olaraq xarakterizə edib.
Vüsal Cahanov, “İki sahil”