Rusiyalı həkim-terapevt Qeorqi Sapeqo qanda xolesterol artıqlığının nəyə görə təhlükəli olduğunu və hansı simptomlarla özünü göstərməsi haqqında məlumat verib.
Mütəxəssisin fikrincə, xolesterol kimyəvi tərkibinə görə "pis" və "yaxşı" ola bilər.
“Pis xolesterol beyin, ürək, bağırsaq və ya ayaqdakı damarlara zərər verən aterosklerozu sürətləndirir. Bütün bu bədən hissələri ciddi şəkildə təsirlənə bilir. Yaxşı xolesterol isə əksinə, aterosklerozun inkişafına mane olur ”,-deyə həkim Sputnik radiosuna açıqlayıb.
Sapego qeyd etdi ki, testlər olmadan "pis" xolesterol səviyyəsindəki artıqlığı müşahidə etmək çox çətindir, çünki bu, yalnız damarların aterosklerozdan ciddi şəkildə təsirləndiyi zaman ortaya çıxır. Simptomlara, məsələn, şiddətli sinə və ayaq ağrısı, nəfəs darlığı və ani zəiflik də aid ola bilər.
Buna baxmayaraq, ilk növbədə yaşlı insanlar üçün xarakterik olan yüksək xolesterolun bir xarici əlaməti də var. Bu ksantelazmadır: göz qapaqlarının dərisinin altında yağlı sarımtıl ləkələr əmələ gəlir. Bunlar mikroskopik nöqtələr deyil, açıq şəkildə görünən ləkələrdir, tonal krem damcılarına bənzəyir. Ksantelazma qanda xolesterolun yüksək olduğunu göstərir.
Həkim uşağında belə törəmələr görən valideynlərə onu mütləq müayinəyə aparmağı tövsiyə edib.
Təbii vasitələr içərisində darçının qanda xolesterol səviyyəsini tənzimlədiyini, metabolizmanı sürətləndirməyə kömək etdiyini söyləyən həkim yeməklərdə mütəmadi istifadə zamanı karbohidratların qanda qlükoza səviyyəsindəki dəyişikliklərə təsirinin 20% azaldığını xüsusi vurğulayıb.
Nubar Süleymanova, “İki sahil”