30 aprel 2021 17:04
1126

Maşın sürmə tərziniz gələcək demensiyadan xəbər verə bilər

Demensiyanın (yaşlı insanlarda beynin psixi və koqnitiv funksiyalarının zədələnməsi) erkən əlamətlərini artıq süni intellekt vasitəsilə insanın avtomobili idarə etməsinə baxaraq müəyyən etmək mümkündür. Amerikalı alimlər yaşlı sürücülərdə yüngül koqnitiv pozuntuları və demensiyanı araşdırmaq üçün onların maşın sürmə vərdişlərindən istifadə etməyə başlayıblar.

Tədqiqatlar zamanı 2015-ci ildən 2019-cu ilədək yaşlı sürücülər üzərində toplanmış təcrübə nəticələrinə əsasən, 33 iştirakçıya yüngül koqnitiv pozuntu, 31 iştirakçıya isə demensiya diaqnozu qoyulmuşdur.

"Sürücülük əsas idrak funksiyaları və qavrayış motor bacarıqlarını, dinamik idrak proseslərini əhatə edən mürəkkəb bir işdir. Araşdırmamız göstərir ki, təbii sürücü davranışı yaşlı sürücülər arasında yüngül idrak zəifliyi və demensiyanın hərtərəfli və dəqiq bir göstəricisi kimi istifadə edilə bilər", -deyə ABŞ-ın Kolumbiya Universitetindən olan tədqiqat rəhbəri Qoxua Li bildirib.

Alimlər tərəfindən hazırlanmış alqoritmlər, zehni pozğunluğun erkən diaqnozu üçün yeni bir sadə metod kimi istifadə edilə bilər. Gələcəkdə bunlar bir alqoritm kimi toplanaraq, ya da bir smartfon üçün tətbiq olaraq istifadə edilə bilər.

Tədqiqat nəticələri “Geriatrics” jurnalında dərc edilib.      

Nubar Süleymanova, “İki sahil”