Hər birimiz dünya tarixinə dair kitablardan və ya internetdən yüzlərlə məqalə oxuyub, televiziyalarda dəfələrlə sənədli filmlərə baxmışıq. Ancaq hamımız bilirik ki, heç bir məqalə, təəssüf ki, o gündən çəkilmiş bir fotoşəkil qədər təsirli ola bilməz. Tarixin tozlu səhifələrindən bu günümüzə qədər gələn bir neçə fotoşəkilə gəlin birlikdə nəzər yetirək.
1962-ci ildə çəkilən bu fotoşəkil insanların böyük marağına səbəb olmuşdu. Fotoşəkildə böyük aclıq zamanı Hon-Konqda yemək üçün sıraya düzülən qaçqınlar əks olunmuşdu. 1959-cu ildən 1961-ci ilə qədər davam edən qıtlıq zamanı bir çox insanın yeməyə yeməyi yox idi. İnsanlar yabanı tərəvəzlər, ağac kökləri, düyü kəpəyi və qum yeyirdilər, hətta bəzi yerlərdə cəsədlər və körpələri yemək kimi faciələr yaşanırdı. Qidalanma ilə bağlı o dövrdə doğulan uşaqların sağlamlığı son dərəcə pis idi, böyümə dövründə olan gənclər çox vaxt zəif və xəstə olurdular. Qıtlığın nəticəsində 20-43 milyon arasında insan həlak olmuşdu. Fotoşəkildə uşaqların simasından göründüyü kimi insanlar çox çətin zamanlardan keçmiş və həyatda qalmaq üçün böyük mübarizə aparmışdılar.
Digər fotoşəkildə hər atəş edildikdə şəkil çəkən bir silah əks olunmuşdur. Əslində bu silahin tarixi çox əvvəllərə dayanır və yaranma səbəbi böyük marağa səbəb olmuşdur. 1930-cu illərdə kimliyi bilinmiyən şəxs silahın altına kiçik bir kamera quraşdırdı və inteqrasiya edilmiş bir qapaq və tətik ikilisi yaratdı. 1938-ci ildə bu modeldən təsirlənən Abraham Kurnick, daha zərif bir versiya ilə gündəmə gəldi. Kiçik kameralar istənilən Colt 38 silahına asanlıqla yerləşdirilə bilirdi. Hər güllə üçün bir kadr çəkən bu ixtira ilə cinayətkarlar qaçsa da dəlil yaradıla bilərdi.
Başqa bir fotoşəkildə isə 1940-cı ildə Londonda hava hücumu nəticəsində zədələnmiş bir kitab mağazası əks olunmuşdur. Fotoda kitabxananın dağılmasına baxmayaraq kitab oxuyan oğlan fotoşəkilin əsas qəhrəmanına çevrilir. Bu foto insanlara kitabın nə qədər vacib olduğunu anladır. Həsən bəy Zərdabinin dediyi kimi “Kitab bəşəriyyətin ən böyük kəşfidir”.
Digər fotoşəkildə isə İngiltərənin paytaxtı Londonda 1940-cı ildə bombaların vurduğu evinin qarşısında oturan qız uşağı əks olunur. Qızcığazın əlindəki oyuncağı qucaqlaması şəklin anlamını daha da dərinləşdirir.
İkinci dünya müharibəsi illərində avstriyalı balaca uşaq təzə ayaqqabılarına qovuşmanın sevincini yaşayır. Bu fotoşəkil bizə kiçik şeylərlə necə xoşbəxt olmaq olar onu öyrədir.
1945-ci ildə çəkilən daha bir fotoşəkil də tarixə əbədi həkk olunmuşdur. Fotoşəkildə Kraliça Elizabetin gəmisi New-York limanına gəldiyi görülür. Həmin gəmidə II Dünya Müharibəsindən qayıdan əsgərlər var. Fotoşəkil ağ-qara fonda olsada dərin məna daşıyır.
Başqa bir fotoşəkildə isə müharibədə təslim olan Yaponiya əsgərləri azad etdikləri ABŞ əsirləri qarşısında baş əyirlər. 1945-ci ildə çəkilən bu fotoşəkil tarixin tozlu səhifələrindən günümüzə qədər gəlib çatmışdır.
1946-ci ildə çəkilən fotoşəkildə evə qayıdıb ailəsini tapa bilməyən alman əsgəri əks olunmuşdur. Başını əlinin üstünə qoyan əsgər fotoya baxan insanlara dərin kədər hissi aşılayır. Əsgərin çarəsizliyi insanların iliklərinə kimi hiss olunur.
Sevinc Rüstəmova,
BSU-nun IV kurs tələbəsi