04 may 2021 17:24
1302

Neft fondu: Gəlirlər xərcləri üstələsə də…

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu ilin birinci rübü üzrə gəlir və xərclərinə dair məlumat açıqlayıb və məlum olub ki, gəlirlər xərcləri üstələsə də aktivlərdə azalma olub.

Bildirilir ki, 2021-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 3 milyard  182,1 milyon manat, büdcə xərcləri isə 2 milyard 519,9 milyon manat təşkil edib. Neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 2 milyard 468,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 1 milyard 696,6 milyon manat, bonus ödənişləri 765,9 milyon manat, tranzit gəlirləri 5,6 milyon manat təşkil edib. Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 714 milyon manata bərabər olub.

Xərclərə gəlincə, rüb ərzində 2021-ci il büdcəsinin icrası çərçivəsində 2 milyard  513,7 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə 0,7 milyon manat vəsait yönəldilib. 2021-ci ilin ilk rübü ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 5,5 milyon manat təşkil edib.

Lakin valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 milyard 27,5 milyon manat təşkil edib.

2021-ci il aprelin 1-nə Fondun aktivləri 2021-ci ilin əvvəlinə (43 milyard 564,3 milyon ABŞ dolları) nisbətən 1,84 faiz və ya 803 milyon dollar azalaraq 42 milyard 761,3 milyon ABŞ dollarına enib. Fond bəyan edib ki, büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub.

Fondun investisiya portfelində 2020-ci ilin sonu ilə müqayisədə istiqrazlar və pul bazarı alətlərinin payı 63,8 faizdən 64 faizə, səhmlərin payı 15,9 faizdən 17 faizə yüksəlib, qızılın payı isə 14,2 faizdən 12,9 faizə enib, həcmi isə sabit qalıb (101,8 ton). Daşınmaz əmlakın investisiya portfelində payı dəyişməyib – 6,1 faiz olub.

Həmçinin ötən ilin sonu ilə müqayisədə Fondun investisiya portfelində ABŞ dollarının və rus rublunun payı artıb, digər valyutalar isə azalıb və ya sabit qalıb. Fondun investisiya portfelinin 68,6 faizi ABŞ dollarında (2020-ci ilin yekunları üzrə 68%), 19,7 faizi avroda (2020-ci ilin sonuna 20,3 faizdə), 5,2 faizi funt sterlinqdə (2020-ci ilin sonuna 5,3 faiz), 0,6 faizi Avstraliya dolları (2020-ci ilin sonuna 0,6 faiz), 0,6 faizi türk lirəsində (2020-ci ilin sonuna 0,7 faiz), 0,6 faizi rus rublunda (2020-ci ilin sonuna 0,5 faiz), 1,3 faizi Çin yuanında (2020-ci ilin sonuna 1,3 faiz), 1,5 faizi yapon yenində (2020-ci ilin sonuna 1,5 faiz), 1,9 faizi digər valyutalarda (2020-ci ilin sonuna 1,8 faiz) yerləşdirilib.

Ötən ilin sonu ilə müqayisədə cari ilin birinci rübünün sonunda qızılın bir unsiyası 9 faizədək ucuzlaşıb. Eyni dövrdə, həmçinin avro dollar qarşısında 1,64 faiz dəyər itirib.  Digər tərəfdən Fond birinci rübdə büdcə qarşısında öhdəliyinin 82,5 faizini icra edib. Bu mənada Fond təkcə büdcə qarşısında rüblük öhdəliyini yerinə yetirmək üçün valyuta hərraclarında 1 milyard 794 milyon  117,65 min ABŞ dolları satmalı idi. Ancaq rüb ərzində satılmış valyutanın məbləği 314 milyon 217,65 dollar az olmaqla Fondun xərclərin azalmasına gətirib çıxarıb. Bu da aktivlərin daha çox azalmasının qarşısını alıb.   

Qeyd edək ki, Fondun investisiya portfelinin diversifikasiyası və gəlirliliyinin artırılması məqsədilə Prezident İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a dəyişikliklər edilib. ARDNF-nin İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri qızıla investisiya edilə bilər. 1 fevral 2012-ci il tarixindən etibarən ARDNF London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının  market-meyker üzvü olan banklardan həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olaraq 25 qızıl külçənin həftəlik alışına başlayıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə 30,18 ton qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində ARDNF-nin investisiya portfelinə daxil edilməsi həyata keçirilib.

ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb. 1 oktyabr 2020-ci il tarixinə investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 101,8 tona çatdırılıb.

      

       Ceyhun Piriyev, “İki sahil”