04 may 2021 21:47
1178

Rəşadətli Ordumuz dünya hərb tarixinə yazdığı səhifə ilə 30 ilin suallarını cavablandırdı

Azərbaycanın NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramına qoşulmasından ötən  27 ilin uğurlarından bəhs edərkən onların zirvəsində dayanan Zəfərimizi böyük qürur hissi ilə qeyd edirik

«Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.» Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər Paradı Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirmişdir. Çünki bu Parad digər paradlardan tamamilə fərqli idi. Bu baxımdan ki, artıq Azərbaycan Ordusu Azadlıq meydanına qalib ölkənin qalib Ordusu kimi daxil oldu. Eyni zamanda, bu paradda Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və qənimət kimi götürülmüş hərbi texnikası nümayiş olunaraq bir daha ermənilərin və onlara havadarlıq edən dövlətlərin illərdir yaratdıqları «məğlubedilməz erməni ordusu» mifi darmadağın edildi.

Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Bu  gün dünyanın inkişaf etmiş ölkələrində  Azərbaycanın müharibə təcrübəsi öyrənilir. Müasir texnologiyaların dil açdığı əks-hücum əməliyyatlarında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət sayəsində 44 günün hər günü tariximizin şanlı səhifəsi kimi yazıldı. Əbəs yerə deyilmir ki, möhkəm təməl uğurların başlanğıcıdır. Bu təməl  1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra yaradılıb.  Hakimiyyətə qayıtmaqla ordu quruculuğu sahəsindəki islahatları ilə müdafiə qüdrətimizi gücləndirən ümummilli lider Heydər Əliyev vurğulayırdı ki, müstəqilliyin əbədiliyi, sülh danışıqlarını cəsarətlə apara bilmək üçün güclü orduya malik olmaq lazımdır. Bunun üçün iqtisadi qüdrətin artırılması vacib idi. Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəsi iqtisadi imkanlarının genişlənməsinə yol açdı ki, bu da öz növbəsində ordu quruculuğu sahəsində mühüm addımların atılmasını şərtləndirdi.  Ulu Öndərin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatların məntiqi nəticəsi Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, 30 ilin işğalına son qoyularaq, ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin edilməsi, işğaldan azad edilmiş bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmasıdır. 44 günlük İkinci Qarabağ müharibəsində mənfur düşməni diz çökdürən, kapitulyasiya aktına imza atmağa məcbur edən, bir sözlə, yeni reallıqlar yaradan Azərbaycan əsgərinin şücaətidir, hərbi potensialımızın NATO standartlarına uyğun təkmilləşdirilməsi, Müdafiə Sənayesi Nazirliyinin  hərbi təyinatlı məhsullarının beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük  maraq doğurmasıdır.

Dünyada sülhün, təhlükəsizliyin təminatı missiyasını yerinə yetirən NATO ilə ölkəmizin əməkdaşlığı yüksələn xətlə inkişaf edib. Əvvəllər Dağlıq Qarabağ münaqişəsinə seyrçi mövqedə dayanmağa daha çox üstünlük verən qurumun son sammitlərində münaqişə ilə bağlı Azərbaycanın mövqeyinin dəstəklənməsinə xidmət edən qərar və qətnamələrin qəbul edilməsi NATO-nun da artıq həqiqətləri olduğu kimi dəyərləndirməkdə maraqlı olduğunu ortaya qoydu.   ABŞ və Avropanın bir neçə dövlətini birləşdirən NATO-nun Lissabon, Brüssel, Çikaqo, Uels, Vaşinqton Zirvə görüşlərində,  nüvə təhlükəsizliyi  məsələsinə həsr olunmuş Koreya, Çikaqo sammitlərində, Münxen Təhlükəsizlik Konfransında Dağlıq Qarabağla  əlaqədar məsələnin müzakirəsi,  bəyanatların qəbulu, həmin sənədlərdə  Azərbaycanın ərazi bütövlüyünün tanınması  dünya birliyində etibarlı tərəfdaş kimi dəstəklənən ölkəmizə dəstəyin və  etimadın göstəricisi idi.   NATO PA-nın “Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda 86-cı Rouz-Rout seminarının Bakıda keçirilməsi də ölkəmizə önəmli tərəfdaş kimi verilən   xüsusi dəyərin ifadəsi  idi. 

1992-ci ildən əsası qoyulan, 1994-cü ildən etibarən “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşularaq NATO ilə   əməkdaşlıq edən ölkələrlə  qarşılıqlı əlaqələri  möhkəmləndirən Azərbaycan  Alyansın bütün tədbirlərində  iştirak edərək ordu quruculuğu sahəsində  mühüm nailiyyətlər qazanıb. Hərbçilərimiz münaqişə bölgələrində, sülhməramlı əməliyyatlarda fəal iştirak edir, beynəlxalq sülhün və sabitliyin bərqərar olunmasına töhfəsini verir. Azərbaycan sülhməramlıları NATO-nun “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyası” çərçivəsində Əfqanıstanda vəzifələrini şərəflə yerinə yetirirlər. NATO-nun əməliyyatlarında  iştirak edən Azərbaycan   Qətiyyətli Dəstək Missiyasına, Milli Etimad Fonduna  töhfə verir. Nizam-intizamı, hərbi təchizatı ilə dünyanın ən qüdrətli orduları sırasında adı çəkilən   əsgərlərimizin döyüş qabiliyyəti, hazırlığı, nizam -intizamı ilə əlaqədar ölkəmizə minnətdarlıq məktublarında söylənilən fikirlər  sübut edir ki, Azərbaycan  bölgənin ən güclü ordusuna malikdir. 

Qeyd edək ki, Azərbaycan  4 may 1994-cü ildə NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» Proqramına qoşulub. Belə ki,  1994-cü il 3-4 may tarixlərində Belçikaya rəsmi səfəri zamanı ulu öndər Heydər Əliyev NATO-nun Brüsseldəki mənzil qərargahında  NATO Sülh naminə Tərəfdaşlıq Proqramının Cərçivə sənədini imzalamışdır. Bununla da Azərbaycan NATO ilə genişmiqyaslı əməkdaşlığı nəzərdə tutan Sülh Naminə Tərəfdaşlıq Proqramını imzalamış 15-ci dövlət olmuşdur.

Bu günlərdə ABŞ dövlət katibi Entoni Blinken  Prezident İlham Əliyevə telefon zəngində də Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin inkişafına toxunaraq əlaqələrin daha da möhkəmləndirilməsinin önəmini bildirmiş, enerji təhlükəsizliyi, regional təhlükəsizlik sahələrində əməkdaşlığı qeyd edərək Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edilməsinin əhəmiyyətini vurğulamış, Azərbaycanın Əfqanıstanda sülhməramlı missiyada iştirakını yüksək qiymətləndirmişdir. Regional təhlükəsizlik sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev Əfqanıstanda sülhməramlı missiyanın fəaliyyətə başladığı ilk mərhələdən Azərbaycanın oradakı iştirakının önəmini vurğulamışdır.

NATO ilə  ölkəmizin birgə maraq dairəsində olan prinsiplərdən ən başlıcası beynəlxalq terrorizmə qarşı mübarizədə birgə iştirakdan  məmnunluqdur. Dünyada sülhün, əmin-amanlığın  təminatına  xidmət edən qlobal beynəlxalq layihələrin təşəbbüskarı olan Azərbaycan  NATO ilə əməkdaşlığı  çərçivəsində  vədinə sadiqliyini  terrora qarşı birgə mübarizə sahəsində də  doğruldur.  Əfqanıstanın inkişafının təminatına  göstərdiyi hərtərəfli yardımlar, hava məkanından istifadə və tranzit marşrutları vasitəsilə  göstərdiyi siyasi dəstəyə görə ölkəmizə  minnətdarlığını bildirən NATO təmsilçiləri dəfələrlə  bildirmişlər ki,   XXI əsrdə  qloballaşan dünyada   təhlükəsizlik çağırışlarına dəstək göstərən rəsmi Bakı ilə əməkdaşlıqda israrlıyıq, dialoqumuzun və əlaqələrimizin güclü çərçivəsi vardır. İllərdən bəri Ermənistanın maliyyələşdirdiyi terror təşkilatlarının törətdikləri  faciələrdən əziyyət çəkən Azərbaycan  insanların kütləvi qırğınını, soyqırımları, miqrantlara qarşı göstərilən ədalətsizliyi cinayət  adlandıraraq siyasi, hərbi, ekoloji, mənəvi terroru  pisləyir.

NATO-nun üzvü olan ABŞ-ın Dövlət Departamentinin mütəmadi olaraq   açıqladığı  hesabatlarda  ölkəmizin  terrorçuluqla  mübarizədəki fəaliyyətinin yüksək qiymətləndirilməsi    beynəlxalq terrorizmə qarşı mübarizəni fəaliyyətinin əsas prinsipləri kimi  daim diqqətdə saxlayan NATO-nun ölkəmizə verdiyi dəyərlə  eynilik təşkil edir.  Terrorla mübarizədə  öz sözünü vədinə sadiqliyi ilə bildirən Azərbaycana bu cür etimad ölkəmizin çoxtərəfli əməkdaşlığa da istənilən töhfəni verməyə hazır olduğunu  göstərir.

İllərin təcrübəsi göstərir ki, qurumun təlim məşqlərində, sülhyaratma missiyasında iştirak edən Azərbaycan öz Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılması istiqamətində addımlar atır və Alyansın dəstəyindən yararlanır. İşğalçı Ermənistandan fərqli olaraq daxili, xarici siyasətində müstəqil olan Azərbaycan bölgə dövlətləri arasında  NATO ilə “Sülh Naminə Tərəfdaşlıq” Proqramı çərçivəsində  sıx əməkdaşlıq edir, iqtisadi qüdrəti ilə seçilən ən önəmli partnyordur və  əməkdaşlığının böyük potensialı vardır.

Azərbaycan Ordusu beynəlxalq standartlara cavab verdiyini 44 günlük İkinci Qarabağ müharibəsində bir daha sübut etdi. Azərbaycanın «ADEX» beynəlxalq müdafiə sərgilərinə ev sahibliyi etməsi, ölkəmizdə keçirilən hərbi paradlar malik olduğumuz imkanları Ermənistana və dünyaya təqdim etmişdir. Rəsmi Bakının daim  sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə yolunun istisna edilməyəcəyi barədə səsləndirdiyi bəyanatlar da ordumuzun gücünə, qüdrətinə əsaslanırdı. Azərbaycan hər bir baxımdan gücləndi, torpaqlarımızı yağı düşməndən təmizlədi, əvvəldə qeyd etdiyimiz kimi, işğalçı Ermənistanın illərdir formalaşdırdığı «məğlubedilməz ordu» mifini darmadağın etdi.  Təcavüzkar dövlət işğal etdiyi torpaqlarımızda istehkamlar qurmaqla, ən müasir silahlarla  təchiz edilməklə açıq-aşkar  ərazilərimizi  geri qaytarmaq fikrində olmadığını büruzə verirdi.  Güclü Azərbaycan Ordusu bu istehkamları dağıtdı, erməni ordusu Silahlı Qüvvələrimizin gücü qarşısında tab gətirməyəcək  hərbi texnikanı, silah-sursatı qoyub qaçdı, sonda Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. İkinci Qarabağ müharibəsi bugünədək münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edib, Ermənistana vaxt uzatmağa çalışan dövlətlərin məqsədlərinin nədən ibarət olduğunu açıqladı.  İşğalçı dövlətin bu illər ərzində himayədarları tərəfindən necə silahlandırıldıqları  44 günlük Vətən müharibəsinin gedişində aydın oldu. Azərbaycan Ordusunun məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalara, silah-sursatlara diqqət yetirsək, onların qiymətinin adi rəqəmlərlə ifadə olunmadığı işğalçını silahlandıran dövlətin maraqlarına işıq salır. Cənab İlham Əliyev bütün müsahibələrində, xalqa müraciətlərində bu silahları Ermənistana kimlər verdiyinə  açıqlama istəyir. Çünki onların məbləği kasıb ölkənin almaq imkanlarının mümkünsüzlüyünü qabarıq şəkildə ortaya qoyur. Erməni diasporunun ianələri hesabına  dövlət büdcəsini formalaşdıran bir ölkənin  böyük məbləğ tələb edən silahla, hərbi texnika ilə təchiz olunması maraq doğurmaya bilməz. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü  ilə yaradılan Hərbi Qənimətlər Parkı, həmçinin Azərbaycanın Qələbəsinin dünyaya təqdimatı olan 10 dekabr Zəfər paradı dünyaya bu mesajı ünvanladı ki, Azərbaycan Ordusunun  işğalçı dövlətdən qənimət kimi götürdüyü  hərbi texnikaya, silah-sursata bax, yaranan suallara həqiqət əsasında cavab ver, erməni sevgisinin səbəblərini ortaya qoy!

Yeganə Əliyeva, «İki sahil»