05 may 2021 14:04
1081

Bu peyvənd kişilər üçün vacibdir

İPV (insan papilloma virusu) cinsi yolla keçən xəstəliklər içərisində ən geniş yayılmış virusdur. Onun yüzdən çox növü var, onlardan 14-ü onkoloji problemlərə səbəb ola bilir. Qadınlarda uşaqlıq boynu və uşaqlıq yolunda törəmələrin yaranmasına gətirib çıxarır.

“İki sahil” “vesti.ru” saytına istinadən xəbər verir ki, hazırda bu virusa qarşı iki profilaktik peyvənd mövcuddur: Qardasil və Çervariks. Daha çox qadınlar arasında bu peyvəndlərə maraq yüksək olsa da, Qardasil peyvəndi həmçinin kişilərin vaksinasiyası üçün nəzərdə tutulub.

Son illər müxtəlif ölkələrdə İPV ilə bağlı vəziyyət mürəkkəbləşir. ABŞ-da İPV artıq ən geniş yayılmış viruslardan biri hesab edilə bilər. Cinsi orqanlarla yanaşı, udlaq və qırtlaq xərçənginə səbəb olur. 80 % hallarda ABŞ-da  kişilərdə udlaq xərçənginin yaranma səbəbi məhz İPV olur. Hətta Hollivud ulduzları arasında bu xəstəlikdən müalicə alanlar var.

 “JAMA” nəşrində dərc olunan məlumata görə, 2010-2018-ci illər ərzində ABŞ-da İPV peyvəndini etdirən kişilər cəmi 18 5 %, qadınlar isə 42 % təşkil edib.

Bu qeyri-bərabərlik ilk növbədə İPV peyvəndi kişilər üçün az tövsiyə olunduğundan irəli gəlir. Bundan əlavə, bu virusun təhlükəsi barədə daha az məlumatlıdırlar, çünki qadınlarda fəsadlara daha çox rast gəlinir.

Tədqiqat müəllifləri, məktəblərdə və universitetlərdə xərçəngin qarşısının alınmasına dair təhsil tədbirlərinin daha tez-tez aparılmasının vacib olduğunu düşünürlər. Xüsusilə, İPV-yə qarşı kifayət qədər kişinin peyvənd edilməsinə diqqət çəkmək lazımdır.

Həm qızların, həm də oğlanların peyvənd edilməsinin bu çox yoluxucu virusun yayılmasını xeyli azaldacağı güman edilir.

Nubar Süleymanova, “İki sahil”