05 may 2021 16:42
1882

Dünyanın ən qorxunc  həbsxanaları - FOTO

Bu yazıda sizə dünyanın ən qorxunc həbsxanaları haqqında topladığımız məlumatları təqdim edirik

"Kwang Blast"həbsxanası-Tayland

"Kwang Blast" həbsxanası Taylandın Bangkok şəhərindən təxminən 11 kilometr məsafədə yerləşir. Bu həbsxana məhkumlara qarşı müntəzəm edilən işgəncə tətbiqi ilə tanınır.  Bura yenicə daxil olan  məhbusların  ilk üç ayda ayaqlarına qandal taxırlar. Narkotikdən istifadə , zorlanma hadisələri və müxtəlif davalar  bu həbsxananın demək olar ki, gündəlik rejimidir.

 "Rikers" həbsxanası- Nyu York

Nyu-Yorkun Bronks əyalətində yerləşən bu xəstəxana dünyanın ən qorxunc həbsxanalarının sırasına daxildir. Qeyd edək ki,"Rikers" həbsxanasının tarixi çoxsaylı zorakılıq halları və dustaqlara verilən işgəncələri ilə məşhurdu. " Rikers" in illik büdcəsi təxminən  800 milyon dollardan çoxdur. Bu həbsxanada gözətçi işləyənlər, məhbusların aqressiv davranışları səbəbindən hər gün işə getməkdən qorxurlar. Həmin yerdə cəzasını çəkib azadlığa çıxmış insanlar söyləyirlər ki, bura Nyu- Yorkun kriminallaşmış rayonlarından belə daha qorxulu və təhlükəlidir. Burada insan  hər an  döyülə, ya da ki, öldürülə bilər.

"San Quentin" həbsxanası- ABŞ

Bu cəzaçəkmə evi 1852-ci ildə  Amerikanın Kaliforniya ştatında tikilən ən qədim həbsxanalardan biridir.Bu həbsxanada adətən ölüm cəzasına məhkum olunmuş cinayətkarlar  saxlanılırdı. Həbsxananın bütün kameralarında demək olar ki,yaxın qohumlarını belə öldürmüş   cinayətkarlarla doludur."San Quentin" həbsxanası qaz kamerası ilə təchiz olunmuşdur, lakin uzun müddətdir istifadə olunmur. Edamların həyata keçirilməsi üçün uzun müddətdir ki, burada ölümcül iynələrdən istifadə edirlər.  Deyilənlərə görə, cinayətkarlara nəzarət edən insanlar xüsusi qəddarlıqları ilə seçilirlər. Dustaqların saxlanma kameraları köhnə və çirklidir, tibbi xidmət isə demək olar ki, yox dərəcəsindədir. Burada adi soyuqdəymədən belə dustaq ölə bilər. Bir neçə il əvvəl keçirilən yoxlamalar zamanı məlum olub ki, ömürlük cəzaya məhkum olanlara  təcrübəsiz həkimlər daima səhv diaqnozlar qoyublar. San Kventinin daha bir ciddi problemi zorakılıqdır. 2006-ci ildə bu həbsxanada baş verən kütləvi dava nəticəsində 100 nəfər yaralanmışdı,2 nəfər isə həyatını itirmişdi.

"Alkatraz" həbsxanası- San Fransisko

Alcatraz dünyanın ən məşhur həbsxanalarından biridir. San Fransisco sahillərindəki Alkatraz adasında yerləşən bu həbsxana tarix boyu ən təhlükəli və qorxulu cinayətkarların məskəni olmuşdur. Burada uzun illər ərzində cəzasını çəkən ən məşhur məhbuslarından biri Al Kapone idi. Bu həbsxana məhbusların qaçmağa çalışdığı hadisələri ilə  də tanınmaqdadır. Belə bir hadisələrdən biri  1946-cı ildə baş vermişdi.   "Alkatraz döyüşü" adlandırılan bu hadisə nəticəsində qaçışa hazırlaşan  bir çox məhbus qətlə yetirilmişdi.

" La Sabaneta "həbsxanası- Venusuela

Venesuelada yerləşən bu həbsxana dünyanın ən qorxunc  həbsxanalarından biridir. Bu həbsxananın  binaları təxminən 15.000 məhbusun yerləşməsi üçün nəzərdə tutulmuşdur, lakin əslində burada  25.000-dən çox məhkum var. Neftlə zəngin bu ölkədə əhalinin təxminən üçdə bir hissəsi yoxsul vəziyyətdə yaşayır və təbii ki, belə vəziyyətdə cinayətkarlıq da çoxdur. Bu səbəbdən cəzaçəkmə müəssisələrində saxlanma şəraiti dəhşətlidir. Bəzi məhkumlar türmələrin dar koridorlarında çəkilmiş qamaklarda  yatmağa məcbur olur. "La Sabaneta"həbsxanası cinayətkalara qarşı göstərilən şiddət ilə digərlərindən fərqlənir. Məsələn, 1994-cü ildə kütləvi dava nəticəsində burada 108 məhkum öldürülmüşdü.  Qeyd edək ki, 1995-ci ildə bura dünyanın "ən pis"həbsxanaları sırasına daxil olmuşdur. 

"Gitara" həbsxanası- Ruanda

Bu həbsxana Ruandada yerləşir və yer üzündə cəhənnəm olaraq təsvir edilir. 500 məhbusun saxlanılması üçün nəzərdə tutulan həbsxanada hazırda 6000-dən çox adam saxlanılır. Sıxlıq səbəbindən  ayaq üstə durmağa məcbur olan məhbusların ayaqlarında cürümə prosesləri başlayır.

"Sante" həbsxanası- Fransa

Parisdə yerləşən "Sante" həbsxanası dünyanın ən qorxunc həbsxanalardan biridir. Bu müəssisədəki məhkumlar elə bir zülm altında saxlanılırlar ki, onlar canlarını qurtarmaq üçün sutkalarla başlarını divara vurub, siçan zəhəri içərək həyatlarına son qoymaq istəyirlər. Qeyd edək ki,yalnız 1999-cu ildə bu həbsxanada  124 məhbus müxtəlif səbəblərdən həyatını itirmişdi. "Sante" həbsxanasında saxlanılan məhkumlar kameralarından cəmi 4 saatlıq çıxa bilərlər.  Ağzına kimi dolu kameralar , duş qəbul etmək imkanının olmaması, keyfiyyətsiz ərzaqlardan istifadə - bütün bunlar məhbuslar arasında dəri xəstəliklərinə gətirib çıxarır. Müəssisədə o qədər siçovul var ki, məhkumlar öz əşyalarını tavandan asmağa məcburdurlar. "La Sante" həbsxanası əvvəllər olduğu kimi indi də zorakılıq, əxlaqsızlıq və vəhşilik məkanı kimi tanınmaqdadır. Həmçinin burada   zəif məhkumlar daha güclü olanlar tərəfindən  qullara çevrilirlər.

"Diyarbakır" həbsxanası- Türkiyə

"Diyarbakır" həbsxanası Türkiyədə yerləşir və bü ölkənin ən qəddar həbsxanalarından biridir. Bu türmə adətən  ağzına kimi dolu olur , saxlanma şəraiti isə  sanitar normalara uyğun gəlmir, mühafizəçilərlə məhkumlar arasında daima toqquşmalar baş verir. "Diyarbakır" həbsxanasında məhkumları daima vəhşicəsinə döyürlər və onların  hüquqlarları təmin olunmur. Burada, həmçinin tibbi xidmət bərbad vəziyyətdədir. Məsələn, bu türmədə  1996-cı ildə  10 məhbusun iki polis gözətçisi tərəfindən ağır döyülərək öldürüldüyü, 23 məhbusun da yaralandığı bir hadisə baş vermişdi.

"Fadmor" həbsxanası- Suriya

Fadmor həbsxanası Suriyada yerləşir və dünyanın ən zalım yerlərindən biri kimi tanınır. Burada  adi saxlanma rejimində belə saxlanılan dustaqlara  orta əsrə xas işgəncələrdən istifadə olunur. Deyilənlərə görə,gözətçilər işgəncə obyektini sırf təsadüf nəticəsində seçirlər. Bu cür işgəncə tamaşalarına hətta dustaqları baxmağa da məcbur edirlər. Bu həbsxana  məhkumlara edilən işgəncələrə görə , hətta  2001-ci ildə bağlanmışdı, lakin 2011-ci ildə bu "cəhənnəm  qapıları"yenidən açılmışdı və göründüyü kimi burada baş verən dəhşətli hadisələr hələ də davam etməkdədir.

"Karandiru" cəzaçəkmə müəssisəsi- Braziliya

Bu həbsxana Braziliyada yerləşir və dünyanın ən amansız həbsxanaları siyahısında demək olar ki, öndə gedir. Burada hər 5 məhkumdan biri QİÇS xəstəliyinin daşıyıcısıdır. Bu dəhşətli yerdə   cərrahiyyə əməliyyatı olunan məhkumlara  narkoz vurulmur. Demək olar ki, burada  7500 məhkuma dörd növbədə çalışan cəmi 1000 türmə əməkdaşı düşür. "Karandiru"cəzaçəkmə müəssəsi, həmçinin 1922-ci ildə burda baş verən dəhşətli hadisə ilə məşhurlaşıb. Özlərinə  edilən şiddətə qarşı etiraz edən məhkumlar  heç nəyə nail ola bilməyiblər. Nəticədə 102 məhbus güllələnmişdir.

Samirə Tağıyeva, "İki sahil"