05 may 2021 21:57
1067

Azərbaycan öz gücünə BMT qətnamələrini icra etdi

Tarixi səhvlərə işıq düşdükcə, ədalət və beynəlxalq hüquq deyilən məfhumların bəzi dövlətlərin əlində alətə çevrildiyi açıqlanır, yaranan etimadsızlıq mühiti münasibətlərin sərinləşməsinə gətirib çıxarır

Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşsa da istər 44 günlük Vətən müharibəsinin, istərsə də postmüharibə dövrünün reallıqları dünya dövlətlərinin, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrlərinin 30 ilə yaxın fəaliyyətsizliklərinin səbəblərini açıqlayır. Real olan budur ki, maraqların ədaləti, beynəlxalq hüququ üstələməsi münaqişənin həlli prosesinin uzanmasına, ən əsası işğalçı Ermənistanın körpə uşaq kimi əzizlənməsinə səbəb olmuşdur. Bu isə işğalçıya dəstəkdən başqa bir şey deyil.

Bu günlərdə Fransanın Yerevandakı səfiri açıqlaması ilə bir daha keçilən yola, tarixin müəyyən dövrlərinə nəzər salmağı bir zərurətə çevirir. Səfir bildirib ki, Fransa və Rusiya prezidentlərinin telefon danışığı zamanı ATƏT-in Minsk qrupunun çərçivəsində yenidən səy göstərməyə dair razılığa gəliblər. Sual olunur: Fransa 30 ilə yaxın vasitəçi kimi fəaliyyət göstərəndə münaqişənin həllinə nail olmaq üçün niyə hansısa razılığa gəlmək barədə düşünmürdü? Ermənilərə dəstək missiyasını yerinə yetirib fürsət düşdükcə həqiqətlərə kölgə salmağa çalışanda Minsk qrupunun həmsədri deyildimi? Vətən müharibəsi Azərbaycanın tarixi Qələbəsi ilə başa çatdıqdan sonra qondarma «Dağlıq Qarabağ Respublikası»nın tanınması məsələsini gündəmə gətirən Fransa deyildimi? Hətta Fransa Senatı bu məsələ ilə bağlı qətnamə layihəsini müzakirəyə çıxardı. ATƏT-in Minsk qrupunun həmsədrlərinin 30 ilə yaxın dövrdə edə bilmədiklərini rəşadətli ordumuz dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə 44 gündə etdi. Azərbaycan öz gücünə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdi, işğala son qoydu. Hansı ki həmin qətnamələrin müzakirəsində və qəbulundan ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi iştirak ediblər. 30 ilə yaxın dövrdə seyrçi mövqedə dayanıb, yalnız missiyalarını regiona nəticəsiz səfərlərdən ibarət bilən Minsk qrupunun həmsədrləri imitasiya naminə danışıqlara dəstək olmaqla işğalçı Ermənistana vaxt qazanıblar. Azərbaycanın tarixi Qələbəsinin Fransa tərəfindən necə narahatlıqla qarşılandığı postmüharibə dövrünün reallıqlarında özünü qabarıq şəkildə büruzə verir. Cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın Zəfərinin təbliğində əhəmiyyətli rol oynayan Hərbi Qənimətlər Parkının açılışını da böyük hay-küylə qarşılayan Fransanın Ermənistandakı səfiri oldu. Bu kimi faktları xeyli sayda sadalamaq olar. 30 ilə yaxın dövrdə ədalətsizliyə göz yuman Fransanın bu gün ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyətini davam etdirməsi barədə razılığın müzakirə edilməsindən bəhs etməsi təəccüb doğurmaya bilməz. Artıq qeyd etdiyimiz kimi, münaqişə tarixə qovuşub. Yeni dövr başlayıb. Dövlətimizin başçısı İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərindən quruculuq və bərpa işləri ilə bağlı yeni təkliflər gözlədiyini bildirdiyi halda, Fransanın, eyni zamanda, ABŞ-ın etimadsızlıq mühitini daha da dərinləşdirən addımlarda diqqət çəkməsi təəccüb doğurmaya bilməz. Fransa hakimiyyətinin və parlamentinin ermənipərəst mövqeyi qəbuledilməzdir. İstər Fransa, istərsə də ABŞ mandatlarına uyğun olaraq neytrallığı qorumur, yanlış addımlarla müxtəlif fikirlərin yaranmasına səbəb olurlar.

Aprelin 24-də ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “erməni soyqırımı adlandırması hər zaman qardaş, dost Türkiyənin yanında olan Azərbaycanda etirazla qarşılandı. Dövlətimizin başçısı İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında bu qərarın yanlış olduğunu qeyd edərək onu tarixi səhv adlandırmışdır. Cənab İlham Əliyev bu bəyanatın qəbuledilməzliyini önə çəkərək açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərər vurduğunu bildirmişdir. Daim bir-birlərinin yanında olan iki dost, qardaş ölkələr arasında münasibətlərin bütün sahələrdə yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilmişdir.

Qeyd edək ki, Co Bayden bu bəyanatından öncə aprelin 23-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışığında ABŞ tərəfinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, anlaşılmazlıqların səmərəli şəkildə aradan qaldırılmasında və konstruktiv ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirmiş, iyunda keçiriləcək NATO Sammitində ikitərəfli və regional məsələlərin bütün istiqamətlərini müzakirə etmək məqsədilə ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə edilmişdir. Mövqenin bir gündə dəyişməsi təəccüb doğurmaya bilməz. Bu fakt hər kəsə məlumdur ki, ABŞ və Fransa erməni diasporunun daha çox olduğu və geniş fəaliyyət göstərdiyi ölkələrdəndir. Güclü diaspor hansı bir ölkənin siyasətinə təsir imkanlarına malik olsa da tarixi saxtalaşdırmağa xidmət edən təbliğat necə həqiqət kimi qəbul edilə bilər, biz bunu dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların atdıqları addımlarda görür, ədalət meyarının bu dövlətlər üçün heç bir məna kəsb etmədiyi daha qabarıq şəkildə özünü büruzə verir. Çünki Azərbaycan və Türkiyə belə ədalətsiz yanaşmaları daim özünə qarşı görür, amma bundan heç də məyus olmur, əksinə, daha da güclənir, reallığa əsasanan təbliğatını daha da dərinləşdirir, dünya dövlətlərinin bağlanan gözlərini, tutulan qulaqlarını açmağa səy göstərirlər. Bir məqamı da xüsusi qeyd etməliyik ki, belə güclər özləri həmin hadisələri yaşadıqdan sonra ədalət meyarını yada salmaq məcburiyyətində olurlar. 1992-ci ildə erməni diasporunun yalan təbliğatının ayaq tutub yeriməsi, Azərbaycan haqqında məlumatsızlıq nəticəsində ABŞ Konqresi ölkəmizə qarşı “Azadlığa Dəstək Aktı”na ədalətsiz “907-ci düzəliş”in əlavə edilməsi barədə qərar qəbul etdi. Bu həmin dövrlər idi ki, ABŞ hökuməti ölkələrə qarşı münasibətlərini nəzərdən keçirir, əlaqələrin qurulmasında maraqlı idi. Erməni disporunun bu istəyinin əsasında Azərbaycanı iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq dayanırdı. 10 ilə yaxın dövrdə Azərbaycan bu ədalətsiz qərarın tətbiqi şəraitində yaşadı. Lakin ermənilərin və erməni diasporunun istəklərinin əksinə olaraq Azərbaycan daha da qüdrətləndi, iqtisadi imkanları ilə dünyanın diqqətində oldu. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əsas diqqəti Azərbaycan ətrafında yaradılan informasiya blokadasının yarılmasına yönəldən ulu öndər Heydər Əliyevin gərgin səyləri, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində əldə olunanlar diplomatik uğurlar, eyni zamanda, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonun xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. ABŞ hökuməti “907-ci düzəliş”in ədalətsiz olduğunu təsdiqləyərək onun fəaliyyətinin bir illik dondurulması barədə qərar qəbul etdi. Artıq həmin qərarın qəbulundan 10 il vaxt keçsə də onun birdəfəlik ləğvinin çətinə düşməsi diqqətdən kənarda qalmır. Hər il həmin qərar yenidən təsdiqlənərək ədalətsiz “907-ci düzəliş”in fəaliyyətini bir illik dondurur. Nəzərə alsaq ki, bu ədalətsiz qərar o ölkələrə tətbiq olunur ki, onlar işğalçılıq siyasəti yeridir, digər dövlətlərin torpaqlarını işğal altında saxlayır, onlara qarşı əsassız torpaq iddiası ilə çıxış edir. Müstəqilliyimizin ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə, Azərbaycanı işğalçı, Ermənistanı isə “işğala məruz qalan” dövlət kimi təqdim etmələrinə yol açsa da, artıq bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi ilə həqiqətlər kimin işğalçı, kimin isə işğala məruz qalan tərəf olduğunu bütün dünyaya bəyan edir. Digər tərəfdən ABŞ 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi fəaliyyət göstərirsə, işğala məruz qalan tərəfi də yaxşı bilir. ABŞ Konqresi müxtəlif adlar altında Ermənistana və qondarma “Dağlıq Qarabağ Respublikası”na böyük həcmdə vəsaitlər ayıranda da münaqişənin əsl mahiyyətinin nədən ibarət olduğunu bilirdi. Erməni diasporunun bu illər ərzində bütün səylərinin əsasında ABŞ hökumətinə qondarma “erməni soyqırımı” ilə yanaşı, qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanıtmaq dayanıb, amma buna heç vaxt nail olmayıb. Bu gün ABŞ Prezidentinin dedikləri tarixin təhrif olunmasından, yerləşdiyi regionun söz sahibi olan Türkiyə dövlətinə qarşı nümayiş etdirilən qərəzdən başqa bir şey deyildi. ABŞ Prezidentinin zamanı çatanda bu qərarın da yalnış olduğunu etiraf edəcəyi qaçılmazdır. Artıq erməni yalanlarının ayaq tutub yeriməsi mümkünsüzdür. Çünki danışan yalnız və yalnız faktlardır. Bu, məsələnin bir tərəfidir.   

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəsindən sonra yaratdığı yeni reallıqlar bir daha ölkəmizin düşünülmüş və məqsədyönlü siyasətinə işıq saldı. Mövqeyindən bir addım da belə geri çəkilməyən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, Vətən müharibəsi həqiqət anı oldu. Kimin haqqın-ədalətin, kimin isə şərin yanında olduğu bir daha təsdiqləndi.

Azərbaycanın ABŞ Prezidenti Co Baydenin qondarma «erməni soyqırımı» ilə bağlı bəyanatına kəskin etirazından sonra ABŞ dövlət katibi Entoni Blinken ölkə Prezidenti İlham Əliyevə telefon zəngində də dövlətimizin başçısı bu günlərdə ABŞ Prezidentinin dırnaqarası erməni soyqırımı ilə bağlı bəyanatı ilə əlaqədar Azərbaycan rəhbərliyinin və ictimaiyyətin narahatlığını çatdırmışdır. Cənab İlham Əliyevin «Türkiyə Azərbaycanın yaxın dostu və müttəfiqidir, postmüharibə dövründə bölgəmizdə çox önəmli və müsbət rol oynayır» fikirləri ədaləti deyil, maraqları üstün tutan, yalanı həqiqət kimi qəbul edib inamsızlıq mühiti yaradan dövlətlərə ciddi mesaj kimi dəyərləndirilməlidir.

Təhlillər göstərir ki, regionda və dünyada yeni reallıqlar yaradan Azərbaycan xarici siyasətində dəyişiklik etmədən bütün dövlətlərlə münasibətlərini beynəlxalq hüquq normaları çərçivəsində qurur və inkişaf etdirir. Ermənilərin ABŞ Prezidentinin qondarma «erməni soyqırımı» ilə bağlı bəyanatından sonra rəsmi Vaşinqtonun Türkiyə, eyni zamanda, Azərbaycanla münasibətlərinin kəskinləşəcəyini düşünüb bunu bayram etmələri də gərəksizdir. Həm işğalçı Ermənistan, həm də ona dəstək verən ABŞ, Fransa kimi dünyaya ədalət dərsi keçən dövlətlər yaxşı bilirlər ki, belə yalanların hüquqi əsası yoxdur. Haqqın-ədalətin öz yerini tutacağı gün uzaqda deyil. Necə ki, Azərbaycan-Türkiyə birliyi, dostluğu «Qarabağ Azərbaycandır və nida işarəsi» tezisini Ermənistana və ona havadarlıq edən dövlətlərə qəbul etdirdi, elə də qondarma «erməni soyqırımı» məsələsinin əsassızlığını, siyasi alət olduğunu sübut edəcək. Tarix heç nəyi silmir, sonda yenə də öz sözünü deyir.

Yeganə Əliyeva, «İki sahil»