18 may 2021 15:34
770

Şuşanın bərpası siyasi və ideoloji mübarizəmizin məntiqi davamıdır

Torpaqlarımızın işğaldan azad edilməsi bir daha göstərdi ki, tarix haqqsızlıqları qəbul etmir, ədalət daim zəfər çalır.  yetər ki, xalq birlik, həmrəylik nümayiş etdirsin, Azərbaycan xalqı kimi.  May ayının 12-də Cıdır düzündə keçirilən "Xarı Bülbül"  festivalı bir daha göstərdi ki, torpağın əsil sahibi qayıtdı. Şuşanın bərpası Qarabağa qayıdışımızın bərpasıdır. Zəfər Qələbəsində dərhal sonra işğaldan azad edilmiş torpaqlarda aparılan bərpa, abadlıq-quruculuq işləri  xalqımızın sülhsevər olması ilə yanaşı digər xalq və dövlətlərdən fərqli xüsusiyyətə malik olduğunu göstərir. Şuşada keçirilən festival bir çox səbəblərdən böyük əhəmiyyət kəsb edirdi. “Xarıbülbül” festivalı Azərbaycanın mədəni-intellektual durumunun və potensialının dünyaya nümayiş etdirilməsi idi. 44 günlük Vətən müharibəsi dövründə dünyaya hərbi gücümüzü, əzmimizi, döyüşkənlik ruhumuzu səngiləmişdiksə, Zəfər Qələbəsindən ötən 6 ay ərzində, iqtisadi gücümüzü, qurub-yaratmaq, bölgədə sülhün əbədi olaraq təmin olunması istiqamətində istəyimizi ortaya qoyduq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalda Azərbaycanda yaşayan xalqların, millətlərin tolerantlıq mühitində bərabər hüquqlu yaşadığı öz əksini tapdı. Festival zamanı hər bir kəsi kövrəldən bir məqam isə ümummilli lider Heydər Əliyevin Şuşa haqqında, Şuşanın işğaldan azad olunması ilə bağlı söylədiyi fikirlərdəki qətiyyət idi. Ümummilli lider Heydər Əliyevin qətiyyəti xalqımızın, dövlətimizin torpaqlarımızın işğalı ilə barışmayacağı məqamını göstərirdi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında bu fikirlər Vətən müharibəsi dövründə öz təsdiqini tapdı. 44 günlük döyüşlərin dünya hərb salnaməsinə qızıl hərflərlə yazılan Şuşa əməliyyatı xalqımızın tarixinə  əbədi olaraq milli qürur anları kimi həkk olundu.

Zəfər Qələbəsindən dərhal sonra aparılan quruculuq, bərpa işləri təsadüfi deyil. Bu, uzun illər ərzində yürütdüyümüz siyasətin reallıqda öz əksini tapmasıdır. “Xarıbülbül” festivalının keçirilməsi Vətən müharibəsinin ilk günündən başlayaraq ermənilərin kapitulyasiya aktına imza atdığı günə qədər qəhraman hərbçilərimizin göstərdiyi şücaətin nəticəsində mümkün olmuşdur. Festivalın açılışı zamanı Prezident İlham Əliyev də bu məqamı xüsusi vurğulamışdır: ”Biz bu günü bizim qəhrəman hərbçilərimizə borcluyuq, Azərbaycan xalqına borcluyuq”.

Əldə olunan qələbə təkcə hərbi deyil, həm də iqtisadi, siyasi gücümüz və həmrəyliyimiz  nəticəsində əldə olunmuşdur. Vətən müharibəsində ən yüksək həddə çatmış milli həmrəyliyimiz müharibədən sonrakı dövrdə bərpa, abadlıq-quruculuq işlərində davam etdirilir. Lakin qeyd etmək lazımdır ki, Qələbə heç də asan başa gəlməmişdir. Münaqişə başladığı ilk gündən bu günədək Ermənistan hər bir vasitələrdən istifadə edərək təxribatlar vasitəsilə Azərbaycan daxilində ictimai-siyasi vəziyyətə pozmağa çalışmışdır. Bu qələbə millətlərin, etnik qrupların nümayəndələri arasında təfriqə yaratmaqla Azərbaycan dövlətçiliyini zəiflətmək istiqamətində erməni lobbisi və onların havadarlarının uzun illər ərzində apardığı təbliğatın fiaskoya uğraması deməkdir. Dünyaya tolerantlıq mərkəzi kimi nümunə olan Azərbaycan xalqı və dövlətinin yürütdüyü siyasəti ölkəmizdə yaşayan, milliyyətindən, dinindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı dəstəkləyir.

Festivalın açılışı ilə yanaşı digər mühüm hadisə yeni məscidin bünövrəsinin qoyuluşu idi. Bu hadisələrin Ramazan bayramı ərəfəsində baş tutması isə bir daha sübut elədi ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşa Qafqazın Konservatoriyası olmaqla yanaşı Pənahəli xanın dövründən dini dəyərlərə xüsusi diqqət yetirilən məkan kimi tanınıb. Bu gün Şuşada, Yuxarı Gövhərağa məscidində azan səsi eşidilir, bayram namazı qılınır. Bütün bunlar siyasi və ideoloji mübarizəmizin məntiqi davamıdır.

Loğman Müslümov,

Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin

 müavini