19 may 2021 14:46
1171

Türkiyəli ixtiraçıdan pandemiya sığınacağı - FOTO

Türkiyənin Rizə şəhərində olan maraqlı evlər indi adi hal alamağa başlayıb.

“İki sahil” xəbər verir ki, dönən evlər, qonşusunun evinin üstündə tikilən evlərdən başqa Rizədə bir digər maraqlı ev diqqəti cəlb edib. ​​İxtiraçı, rizəli dülgər özü üçün nəhəng bir ağacda ev tikib. Pandemiya dövründə təbiətdə təcrid olunmuş bir həyat yaşamaq istəyən dülgər Kadir Aksoy evindəki mənzərələrdən zövq alır. Rizənin Kalkandere rayonundakı Taşçılar küçəsində bir dülgər olan Kadir Aksoy koronavirusa görə izdihamdan uzaq olmaq üçün meşədəki ağacların üstündə bir ev tikməyə qərar verib. Aksoy zoğal ağaclarının gövdəsində 3 metr yüksəklikdə biri 3, digəri 5 kvadrat metr olan bir otaqlı evlər tikib. Evlərə soba və oturacaq quraşdıran Aksoy virusdan təbiətlə təcrid olunaraq qorunur.

Ağaclara zərər vermədim

Kadir Aksoy işinin qalan vaxtında özü üçün yeni bir yer yaratmaq üçün ağaclar üzərində evlər inşa etdiyini ifadə edərək "Buranı pandemiyadan qaçmaq və təbiətlə tək qalmaq üçün qurdum. Görənlərin də çox diqqətini çəkdi. İki ev tikdim. Belə getsə 3-cü evi də tikəcəm" deyib.

"Bunu ağaclara zərər vermədən etdim. Ağacların böyüməsi davam edəcək. Bu işə 4 aylıq əmək sərf etdim. Üst mərtəbə qışda oturmaq üçün bağlıdır, digər yerlər bir bağ evi kimi planlaşdırılır. Planımı ağacların formasına görə qurdum" deyə əlavə edib.

İnsanın ruhunu dincəldir

Taşçılar küçəsinin muxtarı Həmdi Özkan bildirib ki, gözəl, sakit, başını dincəldəcək bir yerdir: “Düşünürəm ki, hər kəs ruhunu rahatlaşdıracaq bir yer düzəltməlidir. Dostum burada kiçik bir yer tikməyə başladı, amma bələdiyyə icazə verərsə, üçüncü evi də tikəcək. Fürsət tapanda bura gəlib, təbiətdən həzz alıram.”

Aksoy burada virusa yoluxma riski olmadan təbiətdən həzz alır. Rizənin bənzərsiz meşə mənzərəsində öz həyatını sürür. Yay istilərində evin eyvanında sərinləməyi planlaşdıran Kadir Aksoy işinin qalan vaxtını burada təbiətlə tək keçirməkdən məmnun olduğunu söyləyib.

Vüsal Cahanov, “İki sahil”