20 may 2021 17:47
1484

Bu binaların qeyri-adi dizaynı təəccübləndirir

  Rəqs edən ev - Çexiya

Bu ofis binası 1990-cı illərin ortalarında Çexiyada inşa olunmuşdu. Elə o vaxtlardan bəri "Rəqs edən ev" kimi tanınan bu bina Çexiyanın ən məşhur tikililərindən biri kimi tanınmaqdadır. Qeyd etmək lazımdır ki, bu bina  dekonstruktivizm üslubda  tikilmişdir və  onun qeyri-adi dizaynı  memarlar Vlado Miluniç və Frenk Qeri tərəfindən hazırlanmışdır. Ev sanki rəqs edən cütlüyü canlandıran iki silindrik qüllədən ibarətdir.

 Dali muzeyi -  İspaniya

 "Dali" muzeyi bu dünyanın ən tanınmış  və qeyri-adi binalarından biridir.  Bu Sürrealistik üslubda tikilən kompleksin dizaynı ilə rəssam Salvador Dali məşğul olub. Tikilinin ən əsas xüsusiyyətlərindən biri odur ki, o yumurtaya bənzəyir. Deyilənlərə görə, Salvador Dali  məhz yumurtaları  həyatın rəmzi hesab edirdi. Qeyd edək ki,  muzey  1974-cü ildə açılıb və o vaxtdan Kataloniyanı ziyarət edən əksər turistlərin ekskursiya proqramına daxildir.

 “Tianzi” oteli - Çin

Qeyri-standart on mərtəbəli mehmanxana Çinin ulduz qocalarını əks etdirən üç fiqurdan ibarətdir. Mərkəzdə Fu, sağda Li, solda isə Şoudur. Bunlar xoşbəxtlik, firəvanlıq və uzunömürlülük mənası verən fen-şuyun əsas talismanlarıdır. Otel 2000-2001-ci illərdə inşa edilib. Qeyd etmək lazımdır ki fərqli dizaynı ilə seçilən tikili "dünyanın ən böyük bina-heykəli" kimi "Ginessin Rekordlar Kitabı" na daxil olub.  Fərqliliyi ilə seçilən əzəmətli tikilinin hündürlüyü 41,6 m-dir. "Tianzi" otelinə daxil olmaq iki yerdən mümkündür.

“Hang Nga” mehmanxanası -  Vyetnam

1990-cı ildə əsası qoyulmuş bu təəccüb doğuran otel bütün ənənəvi memarlıq standartlarından uzaqdır və nağıl personajının sarayını xatırladır. O, özünün qeyri-adi quruluşu ilə diqqəti cəlb edir, otelin heç bir pəncərəsi kvadrat və ya dairəvi deyil. Çoxları mehmanxananı “dəlilər evi” adlandırır. Çox maraqlı faktlardan biridə odur ki , otelin sahibi bir vaxtlar Moskvada memarlığı öyrənmiş Vyetnamın sabiq prezidentinin qızıdır.

 “Əyri ev” -  Polşa

Binanın tikintisi 2003-cü ilin dekabrında başa çatıb. Memarlar Polşa rəssamı Yan Martin Şantser və İsveç rəssamı Per Dalberqin rəsm və əsərlərindən ilham alırdılar. Evi seyr edəndə düşünürsən ki, bu ev bir vaxtlar “normal” olub, sonradan isə “əriməyə” başlayıb.  “Əyri ev” xüsusilə axşamlar seyr etmək maraqlıdır – (evin içindəki işıqlar yandırılanda.) 

“Meşə spiralı”-  Almaniya

1998-2000-ci illərdə tikilən 12 mərtəbəli ev 105 mənzildən ibarətdir. Onun tavanında fıstıq, ağcaqayın və cökə ağaclarının bitdiyi bağ salınıb və ətrafa gözəl mənzərəsi açılan restoran da var. Bina avstriyalı memar Fridensrayx Hundertvasser tərəfindən düşünülüb – o “qeyri-adi” xətlərin və dizaynda təbii formaların istifadəsinin ustası sayılır. Müsahibələrinin birində o etiraf edib ki, düz xətləri “şeytan aləti” hesab edir. Təəssüf ki, memar 2000-ci ilin fevralında  tikintinin başa çatmasına bir neçə ay qalmış vəfat edib.

  İdeal saray - Fransa

Bu fərqli kompleks cəmi bir insan tərəfindən tikilib. Həmin insan da  adi poçtalyon  Ferdinan Şeval olub. "İdeal" saray adlandırdığı bu qəribə tikilinin inşa edilməsinə o, 33 il sərf edib.  Müəllifin dediklərinə görə o,  Şeval İncil və İnduist motivlərindən ilham alıb.  Sarayın həyətində müxtəlif ilahilərin, zəvvarların və məbədlərin heykəllərini görmək mümkündür. Bundan əlavə, bina qullə və fəvvarələrlə bəzədilib.

 Səbətə bənzər ev - ABŞ

1997-ci ildə yaradılmış bu binada “Longaberger” inşaat şirkətinin ofisi yerləşir. Bir çox mütəxəssislər firmanın sahibi Deyv Lonqabergeri bu cür əcaib layihənin həyata keçirilməsindən daşındırmağa çalışırdılar, ancaq iş adamı öz sözündə durub. Nəticədə, Nyu-Yorkda 30 milyon ABŞ dolları dəyərində nəhəng bir "səbət" ərsəyə gəlib. Yeddi mərtəbəli binanın ümumi sahəsi 16,7 min kvadrat metrdir.

  Kubiklərə bənzəyən  evlər -  Niderland

1970-ci illərdə Pit Blom sonradan  Helmondda tikilən iki ev icad edib. Zaman keçdikdə memardan Rotterdam üçün maraqlı bir şey yaratmağı xahiş ediblər və maestro öz ideyasını ikinci dəfə istifadə etmək qərarına gəlib. Konsepsiyaya uyğun olaraq, hər bir tikili özündə abstrakt ağacı əks etdirir və beləliklə, bütöv kompleks sanki bir meşədir. Binanın alt səviyyəsi – yaşayış zonasıdır, ortada yataq otağı və hamam yerləşir, üst qatı əlavə yataq və qonaq otaqları kimi istifadə olunur.

Mərkəzi kitabxana -ABŞ

 Söhbət kitabxanadan getdiyi üçün bu tikilinin fasadlarından biri kitab rəfi formasında yaradılıb. Kompleks üçün ədəbi əsərlərin adlarını şəhər sakinləri özləri seçiblər. Nəticədə, binanın divarında Con Tolkinin “Üzüklər hökmdarı” və Uilyam Şekspirin “Romeo və Culyetta” kitablarının iri “qabıqlarını” seyr etmək mümkündür. Nəhəng kitab rəfi 2006-cı ildə tikilmiş kitabxana qarajının darıxdırıcı divarını “örtür”. 

Samirə Tağıyeva, "İki sahil"