Tarix boyu qadınlar gözəllik uğrunda bir çox qurbanlar veriblər. Bu mövzu ilə bağlı topladığımız bəzi maraqlı məqamları sizə təqdim edirik.
Romalı qadınlar gözlərinin daha böyük və gözəl görünməsi üçün belladonna damlalarından istifadə edirdilər. Belladonna insanı öldürə biləcək gücdə olan zəhərli bitki sayılırdı. Roma qadınları bunu bilə-bilə ondan istifadə edirdilər.
Qədim Misirdə qırmızı dodaq boyası əldə etmək üçün qiymətli daşları əzərək və ya bir xeyli toksin maddələri qarışdıraraq dodaq boyaları hazırlayırdılar. Bu da bir çox xəstəliyə, hətta ölümə səbəb olurdu.
Kraliça Elizabetin zamanında qadınlar cild baxımı üçün arsen adlı maddədən istifadə edirdilər. Bu maddədən istifadə edən bir çox qadınlarda zob xəstəliyi aşkarlanırdı, hətta bəziləri ölürdülər.
Elə həmin dövrlərdə qadınlar üz maskaları üçün də ağlasığmaz yollara əl atırdılar. Belə ki, üz cildlərini gözəlləşdirmək istəyən qadınlar, kömür qətranından istifadə edirdilər. Bu da ağır nəticələr ilə sonlanırdı. Bir çox qadın hətta görmə qabiliyyətini itirərək kor olurdu.
Yapon mədəniyyətinə aid olan milli rəqqasələr və müğənni qadınlar olaraq bilinən geyşalar da üz baxımı üçün qəribə üsüldan istifadə edirlər. Həmin qadınlar bül-bül quşunun nəcisindən üz maskası olaraq istifadə edib, gözəl qalmağa çalışırdılar.
Qadınlar tarix boyu cildlərini gözəlləşdirmək üçün quş nəcisindən timsah yağına qədər bir çox çılğın vasitələrə əl atıblar.
Araşdırmalara görə, bir qadın öz ömrü boyunca kosmetikaya ortalama 15 min dollar pul xərcləyir.
Samirə Tağıyeva, "İki sahil"