Həyəcan dolu “Formula-1” yarışlarını izləmək çox maraqlı olduğu kimi, bu yarışın fanatları üçün onun haqqında faktlarla tanış olmaq da maraqlı olar. “Formula1” bütün avtomobil yarışları arasında tamaşaçı kütləsinə görə liderdir. Bu yarışın tarixi ilə bağlı faktlara nəzər salaq:
“Formula-1”in tarixi 1950-ci illərə gedib çıxır. Məhz “Formula-1” tipli xüsusi yarışın keçirilməsi qərarı 1949-cu ildə Beynəlxalq Avtomobil Federasiyasının konqresində İtaliya milli avtoklubunun təklifinə əsasən qəbul olundu.
1950-ci ildə keçirilmiş ilk “Formula-1” yarışının çempionu İtaliyanın “Alfa Romeo” komandasından olan Nino Farina olmuşdu. Daha sonra isə dörd müxtəlif komandada-”Mercedes”, “Alfa Romeo”, “Maserati” və “Ferrari” komandalarında iştirak etməklə Xuan Manuel Fanxio düz beş dəfə dünya çempionu adına layiq görülmüşdü. “Formula-1” həvəskarları onu daim özlərinə kumir seçirlər və indiyə qədər ən yaxşı pilot hesab edirlər.
Yarış ilk dəfə Avropada təşkil olunduğu zamanlarda necə əyləncəli idisə, hələ də öz aktuallığını elə qoruyub saxlayır. Öz bahalı xarakteri ilə yarış hətta idmanın bu növlərinə marağı olmayan insanların da diqqətini çəkir.
Formula 1 maşınları 4 saniyə içərisində saatda 100 milədək sürət yığa və ya sıfır sürətə qayıda bilir. Bu səbəbdən F1 yarışının sürücüləri künclərə yaxınlaşarkən qəflətən əyləc basmağa alışmaq üçün çoxlu təlim keçirlər. F1 yarışları həm zamanın, həm də sürətin eyni zamanda bir oyunudur.
F1 avtomobilləri alınmır, milyon dollarlara hazırlanır. Şirkətlər çox zaman bir maşının dəqiq qiymətini açıqlamasalar da, bu, təxminən 7 milyon dollar təşkil edir və qiymətə əsas komponentlər aid edilmir. Qiymət dizayn dəyişiklikləri ilə əlaqəli hər il dəyişə bilər.
“Formula-1”in idman və texniki reqlamentlərini Beynəlxalq Avtomobil Federasiyası təyin edir.
Çempionatda həm sürücülər, həm də komandalar yarışırlar. “Formula-1”də yarış maşınlarını bolidlər, sürücüləri isə pilotlar adlandırırlar.
“Formula-1”in bütün tarixi boyu yarışlarda cəmi beş qadın sürücü iştirak edib və onlardan yalnız biri xal qazana bilmişdi. Lella Lombardi 1975-ci ildə İspaniya “Qran-pri”sində 6-cı yeri tutaraq xal qazanmış yeganə qadındır.
Yarışın keçirildiyi ilk illərdə maşınlar baş üçün dəbilqə, eynək, əlcəklər və heç bir təhlükəsizlik kəməri ilə təchiz edilmirdilər. Təhlükəli olması səbəbindən yarışdan imtina edilməsi isə əsl qorxaqlıq hesab olunurdu. 1950-60-cı illərin yarışçılarının sanki qanlarında benzin axırdı və özlərini bu yarışa qurban verməyə hazır idilər. Məhz buna görə də onların pərəstişkarlarının sayı-hesabı olmurdu.
1960-cı illərdən bəri yarış maşınlarının üzərinə sponsorların reklam kağızları yapışdırılmağa başlanıldı və yarış böyük gəlir mənbəyinə çevrildi.
Yarışla bağlı bəzi təhlükəsizlik tədbirlərinin labüd olması qərarına 1970-ci illərdə gəlindi. Elə həmin illərdə yollarda dairəvi maneələr yaradıldı, yanğınsöndürənlər və təcili tibbi yardım mütəxəssisləri yarışa cəlb edildilər.
1990-cı illərdə isə yarış Mixayil Şumaxer kimi ulduzu yetişdirdi. Belə ki, o düz yeddi dəfə çempion titulu qazanaraq tarixə düşüb. M.Şumaxerin rekordunu böyük britaniyalı Lyuis Hemilton Rusiya Qran-prisində yeniləyə bildi. Hazırda o, F1 yarışlarında qələbələrinin sayına görə dünya rekordçusudur.
Nubar Süleymanova, “İki sahil”