Dünyada cazibə qüvvəsi olmadığını düşünmək qəribə görünə bilər. “İki sahil” xəbər verir ki, bununla belə yuxarıya doğru axan suları, öz-özünə yoxuşa qalxan maşınları və ya uçurumun kənarında dayanan nəhəng daşları buna misal çəkmək olar. Gəlin bu yerlərlə birlikdə tanış olaq.
ABŞ, Hoover bəndi
ABŞ-dakı Hoover bəndi sizə bildiklərinizi unutduracaq bir yerdir. 221 metr yüksəklikdəki bu bənddə heç bir cazibə qüvvəsi yoxdur. Bənddəki güclü hava təzyiqi səbəbindən bəndin üstündəki bir nöqtədən su töküldükdə, su yerə deyil, göyə doğru hərəkət edəcək.
ABŞ, Şeytan qülləsi
Bu maraqlı 386 metrlik tikilinin Amerikanın ilk milli abidəsi olduğu bilinir. Dik quruluşa görə bura qalxmaq çox çətindir. Qüllənin ətrafında qalmaq və ya düşərgə salmaq da qadağandır. Hər il minlərlə turisti cəlb edən bu tikilini ziyarət edənlərin az bir hissəsi buraya dırmanmağı bacarır.
Myanmar, Golden qayası
Bura bölgənin ən müqəddəs yerlərindən biri sayılır. Bura şam işığı altında duaların edildiyi yerli və xarici turistlərin diqqətini çəkən dünyanın ən maraqlı yerlərindən biri hesab olunur. Bura dünyaca məşhur bir ibadət yeri və Buddist ziyarətgahdır. Deyilənə görə 2500 il əvvəl iki qüdrətli tanrı burada bir qaya yerləşdirib. Buddanın saç telinin bu nəhəng qayanı saxladığına inanılır və bu qayanı ancaq qadıların yerindən tərpədə bildiyi deyilir. Bu səbəbdən qadınların qayaya toxunmasına və məbədə 10 metrdən çox yaxınlaşmasına icazə verilmir. Qayanın dağın səthinə toxunduğu heç bir yer yoxdur.
Min illərdir heç yerindən tərpənməyən qaya sirrini qorumağa davam edir. Buddistlər üçün müqəddəs sayılan bu yerə ildə 3 dəfə gəldiklərində sərvət, hörmət və ləyaqət bəxş edəcəklərinə inanılır.
Argentina, Davasko daşı
Argentinanın Tandilia şəhərində olan 270 tonluq bu nəhəng daş bu yeri cəlbedici hala çevririr. 1912-ci ildə sürüşüb çökənə qədər hər il minlərlə turist bu daşı görməyə gəlib. Bu nəhəng daşın düşməsindən düz 95 il sonra, 2007-ci ildə yerli əhali daşı yenidən yerinə qoymaq istəyib. Ancaq onlar bunu daha sadə bir üsulla edib. 5 ton plastikdən hazırlanmış daşın bir nüsxəsini qayaya yerləşdiriblər.
Türkiyə, Abdurrahman Qazi Türbəsi
Türkiyənin Ərzurum şəhərində olan bu yolda avtomobillərin öz-özünə hərəkət etdiyi bildirilir. Bu “sirli yol” maraqlı qonaqlar ilə doludur. Maşınlarını söndürərək nəqliyyat vasitələrini yola qoyan qonaqlar, öz nəqliyyat vasitələrinin yoxuşa qalxmasına təəccüblə baxırlar.
Vüsal Cahanov, “İki sahil”