24 may 2021 16:37
1210

Dərimizi necə qorumalı?

Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin. Bunun üçün  aşağıdakı məqamlara diqqət yetirin

Həssas dəriyə necə qulluq etməli?

Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.

Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir

Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.

Maskalardan mütəmadi olaraq  istifadə edin

Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.

Ölü hüceyrələrdən qurtulun

Dəri səthində yığılmış ölü hüceyrələr dərinin cansız görünməsinə səbəb olur. 15 gündən bir tətbiq edilən pilinq sayəsində dəri ölü hüceyrələrdən təmizlənir. Nanə köklü pilinqlər dərini dincəldir.

Dərinizə vitamin dəstəyi verin

Parlaq, gənc və hamar dəriyə sahib olmaq üçün onu mütəmadi olaraq vitaminlərlə qidalandırmaq lazımdır. E vitamini hüceyrələri təzələyir, dərini yaşlanmaqdan qoruyur.

Alacağınız kosmetik məhsulların tərkibində E vitaminin olmasına diqqət göstərin, çünki bu vitamin, dərinizin sağlamlığını qorumaq üçün faydalı vitaminlərdəndir.

E vitamini yalnız dərini deyil, həm də immunitet sistemini gücləndirir. Bu vitamini sağlam saçlara sahib olmaq üçün də yararlıdır. Məsələn, saçlara qulluq üçün tövsiyə edilən zeytun yağının tərkibində yüksək nisbətdə E vitamini var.

Buğda, qarğıdalı, yulaf, balıq, qoz, soya paxlası yağı, ispanaq, cəfəri, kələm, kərəviz, badam E vitamini ilə zəngindir.

Samirə Tağıyeva, "İki sahil"