26 may 2021 16:51
1061

Sağlam bədəndə sağlam ruh

Bəzən idman ilə məşğul olarkən ruhi sarsıntılardan belə  xilas olmaq mümkündür. Çünki bunların  hər ikisi arasında çoxlarının fərqində olmadığı güclü bir əlaqə var. Rusiyalı alimlərinin apardıqları araşdırmalara görə, sağlam və eyni zamanda, daha pozitiv olmaq üçün aşağıda göstərilən məqamlara diqqət yetirmək gərəklidir:

 Depressiyadan çıxmaq üçün piyada gəzin

Əslində bu tövsiyədən təkcə depressiyada olanlar deyil, həmçinin qüvvətli olmaq istəyən hər kəs faydalana bilər.  Araşdırmalar göstərir ki, həftədə 200 dəqiqə, yəni orta hesabla gündə 30 dəqiqə piyada gəzmək depressiyadan çıxmağa kömək edir.

 Ağrılarınızı daha az hiss etmək üçün gülümsəyin

Araşdırmalar gülümsəməyin fiziki və ruhi cəhətdən möhkəmlik yaratdığını göstərir. Məhz buna görə də stresli işinizin ortasında güldüyünüz an özünüzü xoşbəxt hiss etməsəniz belə, ürək döyüntülərinizin sürəti aşağı düşür. Beləcə, gülümsəmək bədəninizdə olan ağrıları az da olsa yüngülləşdirir.

 Stresi azaltmaq üçün yoqa ilə məşğul olun

Yoqanın streslə mübarizədə yaxşı təsir göstərdiyini çoxları bilsə də, yenə xatırlatmaqda fayda var.  Əsasən uzunmüddətli depresiyadan  əziyyət çəkən insanlara  yoqa bir sakitləşdirici kimi təsir edir.

 Narahatlığınızın keçməsi üçün ağırlıq qaldırın

Narahatlıq, təşviş az deyilmiş kimi özü ilə birlikdə başqa problemləri də (yuxusuzluq, ağrılar və s.) gətirir. Bəs nə etməli?  Bədəninizə uyğun olan məqbul ağırlıqları qaldırmaq sizin bu sıxıntınızın keçməsinə yardım olacaq.

Samirə Tağıyeva, "İki sahil"