Hava mövzusu həmişə aktual olub. Ümumiyyətlə, hava bizim vəziyyətimizə və işlərimizə çox təsir edir. Hava insan həyatında həmişə vacib olduğundan onun öyrənilməsi üçün xüsusi bir sahə-meteorologiya da yaranıb.
Lakin insanlar bütün hava hadisələrini öyrəndiklərini zənn etsələr də, ildən-ilə iqlimdə elə hadisələr peyda olur ki, həqiqətən də böyük təəccüb yaradır. Son illər baş verən bəzi təbiət hadisələri o qədər möcüzəvidir ki, sanki bu dünyaya xas deyil. Aşağıda çox insanların eşidib-bilmədiyi, son dövrlərdə baş verməyə başlayan qeyri-adi hava hadisələri ilə tanış ola bilərsiniz:
Qeyri-adi buludlar
İlk dəfə iyirminci əsrin əvvəllərində görülsə də, “inək əmcəkləri” formasında buludlar Dünya Meteorologiya Təşkilatının yenilənmiş Beynəlxalq Bulud Atlasına 2017-ci ildə əlavə edilib.
Bu buludlar qalındır və göydən inək əmcəkləri kimi asılır - bu səbəbdən belə adlanır. Tez-tez şimşək çaxması ilə müşayiət olunmasına baxmayaraq, hər dəfə sərt havaya səbəb olmurlar. Belə buludlar nəm, soyuq hava daha quru və isti havaya qarışdıqda əmələ gəlir.
Stiv
Şimal parıltısının yeni tipini xatırladan bu təbiət hadisəsi zamanı səma bənövşəyi rəngə boyanır və səmada nəhəng rəngli lent əmələ gəlir.
“The Aurora Chasers” adlı həvəskar meteoroloqlar qrupu ilk dəfə bu hadisəni qeydə alıb və “Stiv” adlandırıb.
Stivi kəşf edən həvəskar elm adamlarından biri, mənşəyinin səbəbini "istilik radiasiyasının dərəcəsində güclü bir artım" olduğunu izah edib. Bu fenomen mənşəyi bilinməyən "bir növ səma parıltısı" dır. Donovan və Gallardo-Lacourun dediyi kimi, bu, yeni bir optik fenomendir.
Fırtına zəlzələləri
Adından da göründüyü kimi, fırtına zəlzələləri (yeni bir geofiziki fenomen) planetimizdə güclü hava qüvvələri tərəfindən formalaşır.
Qasırğalar və digər şiddətli fırtınalar okean dibini titrədə bilər. Fırtına zəlzələlərinin gücü Rixter şkalası ilə təxminən 3,5 baldır. Florida Dövlət Universitetinin bir alimi Uenyuan Fuan, şiddətli fırtınaların fırtına nəticəsində meydana gələn güclü dalğalar sayəsində enerjilərinin bir hissəsini yer qabığına və ya xarici təbəqəyə ötürdüyünü kəşf etdi. Bu enerji, öz növbəsində, bir neçə saatdan bir neçə günə qədər davam edə biləcək "güclü seysmik fəaliyyət" əmələ gətirir.
Sahil quraqlığı
Sahil quraqlıqları dənizdən əmələ gəlir, lakin getdikcə quruya yayılır. Onların kəşfi meteoroloqlara ümid verir ki, bu cür quraqlıqları günün hava şəraiti kimi dəqiqliklə proqnozlaşdıracaqlar. Stanford Universitetinin alimlərinə görə 1981 və 2018-ci illər ərzində baş verən hər altı quraqlıq hadisəsindən biri sahilyanı olub.
Quraqlıq məhsul qıtlığı, su təchizatı, elektrik enerjisi istehsalının azalması, ticarət və ekosistemə mənfi təsirlər, əhalinin yerdəyişməsi və s. kimi problemlər yaradır, milyardlarla dollar zərərə səbəb olur.
Günəşdə alovlanmalar
Hava təkcə Yerdə deyil, kosmosda da fərqli olur. Günəş sistemində havanın vəziyyəti Günəşin enerjisindən çox asılıdır.
Mövcud 3D model günəş alovlarının Günəşin maqnit sahəsinin "təhrif olunmuş" bölgələrində meydana gəldiyini fərz edir. Bu bölgələrdə maqnit sahələri yeni maqnit quruluşları yaradarkən "sürüşən" döngələr meydana gətirir. Maqnit enerjisi, çıxış yolunu tapana qədər artır.
Koronal kütləvi tullantılar olaraq bilinən püskürmələr, maqnit enerjisini böyük miqyasda kosmosa buraxır. Bu proses proqnozlaşdırıla biləcək hala gəlib, artıq elm adamları günəşdə alovlanmaların baş verəcəyini təxmin edə bilirlər ki, bu da böyük ehtimalla texnologiyanı, təyyarələri, peykləri, infrastrukturu və Yerin özünü son dərəcə dağıdıcı "kosmik hava" nın təsirlərindən qorumağa kömək edəcəkdir.
Kosmik qasırğalar
Yerin qütb bölgələrindən yüksək olan plazma girdabları qasırğa kimi fırlanır. Ancaq qasırğalar yalnız Yer üzündə baş vermir; kainat daxilində olduğu kimi günəş sistemindəki digər planetlərin üzərində meydana gəlirlər.
Hissəciklər qalxdıqda və ya düşdükdə aşağı təzyiq zonası əmələ gəlir. Qasırğalar bu ərazilərin ətrafında görünməyə meyllidir. Tropik fırtınalar Yerin alt atmosferində meydana gəldiyi kimi, ionosferdəki elektrik yüklü hissəciklər ətrafında da kosmik qasırğalar yaranır. Orada kosmik qasırğalar dünyadakından daha güclü olur. Yerin Şimal qütbündən yüzlərlə kilometr yüksəklikdə dövr edən plazma, 1000 kilometrə qədər uzanır.
Yaşıl xəyal
Keçici işıq hadisələri, göy gurultulu fırtına üzərində baş verən hadisələrdir. Sprites, trollar, elflər və piksis kimi ekzotik adlarla tanınırlar. 2020-ci ildə Tomas Aşkraft yeni bir növü kəşf etdi: yaşıl xəyal. Texasın qərbində göydə görünəndə bir cüt yaşıl xəyalı lentə aldı. O, bunun güclü ildırım zərbələri ilə ortaya çıxdığını müşahidə etdi.
Yaşıl xəyalların nəyə səbəb olduğunu heç kim bilmir, sadəcə rəngi ipucu verə bilər, çünki aurora borealis və atmosferin öz parıltısı oksigen molekullarının parıltısı nəticəsində tez-tez yaşıl işıq yayır. Hələ ki, bu fenomen sirli olaraq qalır.
Antimateriya
İldırımlar biz düşündüyümüzdən də artıq enerji yaradır. 1990-cı illərin ortalarında tədqiqatçılar şimşək və elektrik sahələrinin kosmosdan aşkar edilə bilən qamma şüaları istehsal etdiyini kəşf etdilər. Bu qamma-şüa partlayışları dünyanın hər yerində gündə 500 dəfə baş verir. Ancaq göy gurultulu fırtınaların bacardığı təkcə bu deyil. NASA-nın Fermi Qamma-Şüa Teleskopu, son vaxtlara qədər digər "bilinməyən hadisələri" kəşf etdi: göy gurultulu leysan yağışları da antimateriya yaradır.
Antimateriya olduqca güclüdür - 511 keV, "bir elektronun və pozitronun məhv olması hadisəsinə" bərabər bir enerji. Alimlərin fikrincə, əlverişli şəraitdə, göy gurultulu fırtınalar üzərindəki güclü elektrik sahələri, işıq sürətinə yaxın sürətlərə çatan tərs bir "elektron uçqununa" səbəb ola bilər. Bu sürətlənmiş elektronlar hava molekullarından “sıçrayanda", teleskopun sensorlarını aktivləşdirə bilən yüksək enerjili qamma şüaları buraxırlar.
Nubar Süleymanova, “İki sahil”