ABŞ-ın Kolorado ştatının Denver şəhərində yaşayan 51 yaşlı Ceymi Karli bionik gözün implantasiyası üzrə 5 saatlıq əməliyyatdan sonra yenidən görməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, cərrah Nareş Mandavanın rəhbərliyi altında bionik göz əməliyyatı hələ keçən ilin noyabr ayında aparılsa da, qurğunun yekun nizamlanması yalnız keçən həftə başa çatıb. Gözün tor qışasına yerləşdirilən mikro-çip, həmçinin kamera və ötürücü quraşdırılmış xüsusi eynək vasitəsi ilə Ceymi qaranlıqla işığı ayırma və əşyaların konturlarını görmə qabiliyyəti əldə edib.
Xüsusi eynək, mikro-çip və əməliyyat 150 min dollara başa gəlib. Amerikalı xanımın bütün xərclərini sığorta kompaniyası ödəyib.