Türkiyənin İstanbul şəhəri tarixi mirası ilə dünyanın ən xüsusi şəhərlərindən biridir.
Tarixin gördüyü üç ən böyük imperatorluğun paytaxtı olan İstanbul sahib olduğu tarixi muzeyləri bu gün insanlara çatdırır.
“İki sahil” İstanbulda mütləq görməli olduğunuz 14 muzeyi oxucularına təqdim edir:
İstanbul Arxeologiya Muzeyi
Mədəniyyət və Turizm Nazirliyinə bağlı Arxeologiya Muzeyi 19-cu əsrin sonunda Osman Həmdi bəy tərəfindən qurulub. Böyük İskəndər Türbəsindən dünyanın ilk müqaviləsi Kadeşə qədər onlarla böyük tarixi əhəmiyyətə malik əsərlərin sərgiləndiyi Arxeologiya Muzeyinə xarici turistlər də böyük maraq göstərirlər. Bu yer həm də dünyanın ən qədim sevgi şeirinin sərgiləndiyi muzeydir.
Topkapı Sarayı
İstanbula hakim olan bir ərazidə yerləşən və "üç qitənin idarə olunduğu yer" adlandırılan Topkapı Sarayında başda Müqəddəs Əmanətlər olmaqla görülməsi lazım olan bir çox tarixi əsər var. Burada “Kaşıkçı almazı” turistlərin görməsi üçün uzun növbələr yaratdığı qiymətli bir daş da nümayiş olunur.
Türk - İslam Sənətləri Muzeyi
Sultanahmetin At Meydanında yerləşən Türk-İslam Sənətləri Muzeyi binası Sultan Süleyman Qanuninin dövründə böyük vəzir olan Partalı İbrahim Paşanın sarayı olub. Türk-İslam dövlətlərinin müxtəlif dövrlərinə aid sənət əsərlərinin sərgiləndiyi muzeydə Səlcuq və Osmanlıya aid əsərlər üstünlük təşkil edir.
Dəniz Muzeyi
Dəniz şəhəri olan İstanbulun ən xüsusi muzeylərindən biri də bu mzeydir. Beşiktaşda Barbaros Hayrettin Paşanın türbəsi və Dolmabahçe Sarayı ilə eyni sırada yerləşən Dənizçilik Muzeyində, xüsusilə Osmanlı dövründə dəniz həyatının təfərrüatlarını görə bilərsiniz.
Saray Kolleksiyaları Muzeyi
Dolmabahçe Sarayının yanında yerləşən, onun bir hissəsi olan Saray Koleksiyaları Muzeyində vaxtilə sarayda istifadə olunan əşyaları görə bilərsiniz.
Milli Saraylar
Ayvazovski və Zonaro başda olmaqla bir çox rəssamın məşhur əsərlərinin yer aldığı muzey Dolmabahçe Sarayının içərisindədir. Osmanlı dövründə Varis İdarəsi olaraq istifadə edilən binada yerləşən muzeyin iki mərtəbəsində çox sayda rəsm əsərini görmək mümkündür.
Məsumiyyət Muzeyi
Məsumiyyət Muzeyi İstanbulun ən xüsusi yerlərindən biri Çukurcumada yerləşir. Orhan Pamukun romanı ilə eyni adı daşıyan muzey, hekayədəki əşyaların sərgiləndiyi bir yerdir. Bura həm də xarici turistlərin böyük maraq göstərdiyi yerlərdən biridir.
Rahmi M.Koç Muzeyi
Haliç sahilində yerləşən muzeydə şəhər xəttindəki bərələrdən sualtı qayıqlara və təyyarələrdən bir çox klassik avtomobillərə qədər fərqli kolleksiyaları ziyarət etmək mümkündür.
Sakıp Sabancı Muzeyi
Daimi və müvəqqəti sərgiləri ilə diqqət çəkən Sakıp Sabancı Muzeyi Sabancı ailəsi tərəfindən keçmişdə Misir Hidivindən satın alınıb. Qarşısındakı nəhəng at heykəlinə görə atçılıq malikanəsi olaraq da bilinən muzeydə keçmişdə Dali, Picasso və Rembrandt kimi rəssamların əsərləri sərgilənib.
İstanbul Modern
Müvəqqəti olaraq Karaköydəki yerindən Tepebaşına köçən İstanbul Modern Muzeyi əsasən müasir sənət əsərlərinin yerləşdiyi bir muzeydir. Muzeydə Bedri Rahmi Eyüboğlu və Fahrelnia Zeid kimi məşhur rəssamların əsərlərini ziyarət etmək mümkündür.
Pera Muzeyi
Osman Həmdi bəyin "Tısbağa təlimçisi" rəsm əsərinə ev sahibliyi edən Tepebaşındaki bu möhtəşəm tikili İstanbulun ən əhəmiyyətli muzeylərindən biridir. Qəhvə, çəki vahidi və elçi rəsmləri kimi daimi sərgilərlə yanaşı, Pera Muzeyi müvəqqəti sərgilərə də ev sahibliyi edir.
Havacılık Müzeyi
Yeşilköydə yerləşən Havacılık Muzeyi Atatürk Hava Limanının yanında yerləşir. Keçmişdən bu günə qədər bir çox təyyarə, əsasən hərbi təyyarələr bu muzeydə sərgilənir. Muzey xüsusilə Türk Havaçılıq Tarixi baxımından da böyük əhəmiyyətə malikdir.
Yerəbatan Sarnıcı
Tarixi Yarımadada Ayasofya ilə üzbəüz yerləşən Yerəbatan Sarnıcı, Roma dövründə şəhərin ən böyük su anbarı olub. Kemerburgaz təfindən şəhərin ehtiyaclarını ödəmək üçün kəmərlər vasitəsilə daşınan sular burada qorunub saxlanılıb. Su anbarlarının ciddi qorunmasının səbəbi zəhərlənmədən qorunmaq idi.
Arter
Sentyabr ayında qapılarını ziyarətçilərə açan müasir sənət muzeyi olan Arter Grimshaw memarlarının imzasını daşıyır. Dolapderedəki muzey arxitekturası ilə yanaşı, kolleksiyasındakı müasir sənət əsərləri ilə də diqqət çəkir.
Vüsal Cahanov, “İki sahil”