Avtomobil istehsalçıları çoxdan sürücüsüz maşınların istehsalına başlayıblar . Artıq elektrikli və sürücüsüz maşınlar müstəqil olaraq fərqli zolaqlara keçə, hətta parklanma edə bilirlər. Lakin yenə də hələ ki, elektrotexnikanın bu fərasətinə sərnişinləri etibar etməyə tezdir, çünki adi bir kompyuter səhvi ölümcül qəzaya səbəb ola bilər.
Ancaq küçələrdə zibilin təmizlənməsi üçün avtopilot maşınların istifadəsi çox yaxşı olar. Şəhərlərdə səhərlər şotkalı maşınların küçələri yuduğunun şahidi olmuşuq. Bu cihazlar avtonom olsa, daha rahat olmazdımı?
Finlandiyanın “Trombia Technologies” şirkəti məhz belə bir maşın hazırlayıb. “Trombia Free” adlı cihaz küçələrin təmizlənməsi üçün nəhəng bir tozsorandır.
Bu yaxınlarda bu robot-tozsoran haqqında “New Atlas” nəşrində məlumat dərc edilmişdi. “Trombia” artıq mücərrəd bir konsept deyil, bu cihaz Helsinkinin küçələrində bir müddətdir ki, işə salınıb.
Heç bir kömək olmadan cihaz Baana marşrut xətti üzrə hərəkət edir, gecələr insanlar olmayan küçələri yığışdırır.
Baana marşrutu əvvəllər dəmiryolu idi, 2012-ci ildən piyada və velosipedçilər üçün ayrıldı. 1,3 km uzunluğu olan bu yolda gündəlik 700 minədək velosipedçi hərəkət edir.
Robot tozsoranın uunluğu 3,5 metr, eni 2,3 metrdir, əlavə şotka və hissələri ilə birlikdə eni 3 metə çatır. Maksimal sürəti saatda 10 km-dir. Lakin proqram səviyyəsində heç kəsə toxunub yaralamaması üçün sürəti 6 km-dək məhdudlaşdırılıb.
“Trombia Free” kamera və sensorlarla təchiz edilib. Onların köməyi ilə marşrut xətti müəyyənləşdirilir və maneələrin olub-olmadığı qeydə alınır.
Robotun işləmə gücü akkumlyatorunun gücündən asılı olaraq, saatda 45,6-91,2 kilovatt arasındadır.
Şirkət robot-tozsoranı yay aylarından etibarən satışa çıxarmağı planlaşdırır. Tezliklə dünyanın müxtəlif şəhərlərinin küçələrində belə robotlar görmək olacaq.
Nubar Süleymanova, “İki sahil”