Gündüz yaşanan hadisədə 17 yaşlı gənc qızın inanılmaz cəsarəti kameraya əks olunub.
"İki sahil" xəbər verir ki, təsəvvür edilə bilməyən hadisə ABŞ-ın qərb sahilindəki Kaliforniyanın Bradford şəhərində gündüz vaxtı təhlükəsizlik kameraları tərəfindən çəkilib. Moriniko ailəsinin yaşadığı evin bağçasına girməyə çalışan qəhvəyi bir ayı, həyətdəki divarın üstünə çıxır. Ana ayının yanında balaları da olub. Divardakı ayı ailəsini görən Morinikonun itləri divara tərəf qaçıblar. Qara it və ana ayı üz-üzə gəliblər. Nəhəng ayının zərbələrinə baxmayaraq, it geri çəkilmir və bağdakı xaos davam etdiyi üçün kadrlara gənc bir qadın da daxil olur. İnanılmaz cəsarət nümayiş etdirən 17 yaşlı Hailey Morinico ayı tərəfə qaçır və nə baş verdiyini anlamayan nəhəng ayını itələyir. Gənc qadın itlərini evə gətirir, ayı isə balaları ilə bağdan uzaqlaşır. Hailey yalnız barmaqlarından xəsarət alır.
Bağa qaçarkən kobud bir sürprizlə qarşılaşdığını bildirən Hailey Moriniconun görüntüləri əmisi oğlu Stephanie Lopez Villalobosun "TikTok"da paylaşdığı zaman böyük rezonansa səbəb olub. Görüntülər ABŞ-da, daha sonra dünya mətbuatında geniş yayılıb.
Qeyd edək ki, Kaliforniyada ayılar, xüsusən də yaz aylarında yaşayış yerlərinə tez-tez enir. Hailey Moriniconun anası Citlally Morinico qızının ailə üzvlərinə şəkil göndərəndə həyatının ən qorxunc anlarından birini yaşadığını söyləyib. Ana paylaşılan video qeydlərinin bu qədər böyük marağa səbəb olacağını gözləmədiklərini söyləyib.
Vüsal Cahanov, “İki sahil”