03 iyun 2021 15:39
968

Təamlarınızı daha ləzzətli edin...

Dünyanın ən məşhur aşpazları hesab edir ki, yaşıl reyhan və nanə kimi göyərtiləri xırda-xırda doğramaq doğru deyil, çünki məhz  bu zaman onların ləzzəti qaçmış olur. Yumşaq yarpaqları bir-birinin üstünə qoyub rulon halına gətirərək, sonra  doğrayın. Beləliklə, onlar taxtaya yapışmaz və yeməklərinizdən gözəl qoxu gələr.

Ədviyyatları qaynayan yeməyə birbaşa saxladığınız qabdan əlavə etmək olmaz. Bu zaman onlar nəmlənəcək və tez xarab olacaq.  Mütləq qaşıqdan istifadə edin.

Məsələn, kartof və  alma kimi məhsulların yarısını istifadə etmisinizsə, qalan hissəsini limonlu suda saxlaya bilərsiniz. Limon turşusu qaralmanın qarşısını alacaq, su isə oksigenin qida ilə təmas etməsinin qarşısını alacaq.

Bişmiş  yumurtaların asanlıqla soyulmasını istəyirsinizsə isti suda bişirmək əvəzinə buxarda bişirin.  Bir qaba  qoyub isti suyun üzərində 15-16 dəqiqə tutduğunuz yumurtalar asanlıqla soyulacaq.

Makaron bişirərkən bir-birinə yapışmaması üçün bir neçə damcı zeytun yağı əlavə edin. Makaronu süzdükdən sonra üzərinə soyuq su əlavə etməyi unutmayın.

Yumurtanın quru bişməməsi üçün tavanı oddan almazdan əvvəl yarım xörək qaşığı qaymaq əlavə edin.

 Düyü və  bulqur kimi ərzaqları qaynadarkən, suya 1 paket ətirli çay əlavə etsəz, yeməkləriniz daha xoş ətirli olmasını təmin edəcəksiz.

Zirə, keşniş kimi ədviyyatları toxum halında istifadə edəcəksinizsə, ətirlərinin daha güclü olması üçün öncə tavada bir az qovurun.

Duz və istiotu yemək bişdikdən sonra əlavə etməyin. Bişirmə prosesi boyu yeməyinizi dadarak lazımi qədər yavaş-yavaş  əlavə edin.

Dilimlənmiş soğanı, soyuducuya qoysanız, bütün xoşagəlməz qoxuları məhv etməyə kömək edəcək.

Dəyməmiş meyvələri bir ədəd bananla birlikdə kağız paketə qoyub bir müddət qaranlıq yerdə saxlayın. Kağızı açdığınız zaman meyvələr dəymiş vəziyyətdə olacaq.

Acı bibər doğradıqdan sonra barmaqlarda qalan acılığı limon suyu ilə aradan qaldırmaq mümkündür. Bu, həm acını yox edir, həm də dəriyə müsbət təsir edir.

Kivi və avokado kimi meyvələri soymaq üçün bıçağa ehtiyac yoxdur. Meyvəni iki yerə bölüb çay qaşığı ilə lətini qabığından ayırın.

Ananas çox faydalı meyvədir, ancaq yeməyə yararlı olub-olmadığını başa düşmək çox çətindir. Bunu üçün ananasın ən ortadakı yarpaqlarını yavaş-yavaş çıxarın. Əgər yarpaq asanlıqla qopursa, deməli, ananas tam yetişib.

Samirə Tağıyeva, "İki sahil"