Hindistanın Bikaner şəhərinin Racastan əyalətində Deşnok kəndində dünyanın ən qəribə dini məbədlərindən biri yerləşir. "Karni Mata" adlı bu məbəddə təxminən 20.000 mindən çox siçovul məskən salıb. Hindistanda siçovullara qarşı xüsusi bir münasibət var. Burada ev, dükan və otel sahibləri onlardan qurtulmağı vacib bilmirlər və qonaqlar ilə bir masanın yanından qaçan bir siçovulu gördükdə sadəcə çiyinlərini çəkərək gülümsəyirlər. Qeyd edək ki, həmin məbəddə təxminən 1300 nəfər xidmətçi var və onların hər biri bu siçovullara sitayiş edərək, yorulmadan onlara qulluq edirlər.
Hər gün zəvvarlarla dolu avtobuslar bu məbədə gələrək özləri və ailə üzvləri üçün dua edir, müqəddəs hesab etdikləri siçovullardan xeyir- dua alırlar. Burada, həmçinin siçovullara qurbanlar gətirilir. Ziyarətçilər siçovulların dişlədiyi yeməkdən yeməyi, onların su içdiyi qabdan su içməyi xüsusi ayin kimi qəbul edir və bu ayindən sonra bütün xəstəliklərdən azad olduqlarını hesab edirlər. Onlar, həmçinin bu məbədi ziyarət etdikdən sonra böyük uğurlar qazandıqlarını və enerjilərinin artdığını iddia edirlər.
Əslində " Karni Mata" adlı bu məbəd 1387-ci ildə Hindistanda doğulmuş və siyasi hərəkata rəhbərlik etmiş bir qadının adı ilə bağlıdır. Bu güclü qadın uzun illər ərzində bütün kasıb insanların tərəfini tutaraq, onları bütün haqsızlıqlardan qoruyub. Deyilənlərə görə, Karni Mata 150 il yaşayıb və heç kim onun öldüyünü görməyib. Bəzi insanlar onun göldə boğulduğunu söyləyir, bəziləri isə onun kütləni arxası ilə apararkən getdiyi yolda yoxa çıxdığını söyləyirlər.
İnduslar onu Durqa tanrıçası ilə eyniləşdirirlər və deyilənə görə Tanrı Yama ona siçovul bədənində ölümsüzlük bəxş edib.Elə öz sağlığında tikilən məbəd müqəddəsləşdirilib və burada siçovullar üçün əsl cənnət yaradılıb. İnsanlar burda yaşayan 20 000 siçovula hər gün dadlı yeməklər və şirniyyatlar gətirilər. Çox maraqlıdır ki, məbəddə ölən hər siçovula qızıldan heykəl qoyulur.
Burada yaşayan siçovulların əksəriyyəti qaradır. Lakin onlardan bəziləri isə ağ və boz siçovullardır. İnduslar siçovulları Karninin davamçıları kimi təqdim edirlər.
Samirə Tağıyeva, "İki sahil"