Düzgün qidalanma
Düzgün və tam dəyərli qida gözlərin sağlam olması üçün vacib şərtlərdəndir. A, C, E vitaminləri, eləcə də kalium, kalsium, sink mikroelementləri insan gözü üçün çox önəmlidir . Vitamin A — kahı, göy noxud, yemiş, pomidor, soğan, kəsmik, kərə yağı, qara ciyərin tərkibində, vitamin E isə tərəvəzlər, paxlalı bitkilər, göyərti, bitki yağları, balıq tərkibində mövcuddur. İtburnu, qarağat, sitrus meyvələri, kələm vitamin C ilə zəngindir.
Gözlər və bütün orqanizm üçün daha bir xeyirli məhsul — provitamin A (karotin) mənbəyi olan kök və xüsusilə kök şirəsidir. Qara gavalı və ərik qurusu, kişmiş və bal – kalium, süd məhsulları isə kalsium ehtiyacını ödəyir.
İş qrafikinizə fikir verin
Əslində, kompüter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik.
İşlətdiyiniz avadanlıqları düz seçin
Kompüteri çox istifadə edən insanlar üçün yaxşı monitor önəmlidir. Müasir və keyfiyyətli, diaqonal ölçüsü 17` və ya 19` (43-48 sm) olan mayekristallı monitor, kağız sənədləri ilə işləyən şəxs üçün ən gözəl seçimdir. Köhnə elektron şüalı monitorlara nisbətən bu monitorların gözlərə vurduğu ziyan xeyli azdır. Monitorun ekranı gözdən 60 sm məsafədə yerləşməlidir. Bu məsafədə yazıları görməyə çətinlik çəkirsinizsə, daha iri şrifti seçin, məsafəni azaltmayın. Şriftin rənginə gəlincə, ən düzgün seçim ağ fonda qara hərflərdir.
Kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır.
Ekranın tam təmiz və ləkəsiz olması mütləq şərtdir. Bunun üçün ən azı həftədə bir dəfə onu xüsusi maye və salfetlərlə silib təmizləyin.
Gözlər üçün gimnastik hərəkətlər önəmlidir
Hər saatdan bir qısa fasilə edin – ayağa qalxıb gəzişin, gözləriniz üçün 5 dəqiqəlik xüsusi gimnastika edin:
başınızı çevirmədən bir neçə dəfə sağa-sola baxın;
yenə də başınızı hərəkətsiz saxlayaraq baxışınızı bir neçə dəfə yuxarı-aşağı yönəldin;
gözlərinizlə dairəvi hərəkətlər edin — əvvəl saat əqrəbi istiqamətdə, sonra isə əks istiqamətdə (başgicəllənmə ehtimalı olduğuna görə bu hərəkətləri oturaq vəziyyətdə edin);
gözlərinizi mümkün qədər geniş açın, sonra isə mümkün qədər möhkəm yumun, bu hərəkətləri surətlə edin;
pəncərəyə yaxın durun, şüşə üzərində olan bir nöqtəyə diqqətlə baxın, sonra isə baxışınızı çox uzaqda olan bir obyektə yönəldin.
Bu hərəkətləri hər istiqamətə 6 dəfə və ya daha artıq yerinə yetirin.
Gözlərinizi qoruyan təbii üsullar
Çobanyastığı və yaşıl çay paketlərindən kompreslər gözlərin yorğunluğunu alır, qıcıqlanmasını azaldır.
Apteklərdə göz üçün olan xüsusi vitamin və mineral kompleksləri satılır ki, onları da həkimlə məsləhətləşdikdən sonra ildə 1-2 dəfə kurs şəklində qəbul etmək olar. Balıq yağı gözlər üçün çox xeyirli hesab olunur. Balıq yağı preparatlarını da ildə bir neçə dəfə kurs kimi içmək olar.
Samirə Tağıyeva, "İki sahil"