06 iyun 2021 15:12
931

Nigeriyada "Twitter" istifadəçilərini ciddi cəzalar gözləyir

Nigeriyanın Baş prokuroru və ədliyyə naziri Abubakar Malami cümə günü federal hökumət tərəfindən bütün ölkədə "Twitter" sosial şəbəkəsindən istifadəyə qoyulan qadağanı pozanlara qarşı məhkəmə təqibi barədə Sərəncam imzalayıb.

"İki sahil" yerli mətbuata istinadla xəbər verir ki, Baş prokurorluğun rəsmi nümayəndəsi Umar Qvandu federal hökumətin göstərişinə əməl etməyənlərin ciddi məsuliyyət daşıyacaqlarını bildirib. Lakin məhkəmə orqanları təqsirkarların məruz qala biləcəyi konkret cəza tədbirlərini hələlik açıqlamayıb.
İnformasiya və mədəniyyət naziri Lay Mohammed iyunun 4-də ölkədə "Twitter"in fəaliyyətinin xüsusi göstərişədək dərhal dayandırıldığını elan edib. O, bu qərarı sözügedən sosial şəbəkədən Nigeriyanın birlik və təhlükəsizliyini təhdid edən qüvvələrin istifadə etməsi ilə əlaqələndirib.

"Arise" telekanalının məlumatına görə, şənbə günü səhərdən ölkədə "Twitter"ə giriş tam bloklanıb.

Nigeriyanın federal hökuməti ilə sosial şəbəkə arasında münasibətlər iyunun 2-də ölkə prezidenti Muhammed Buxarinin separatçıları dövlət binalarına hücuma görə hədələyən məlumatının silinməsindən sonra gərginləşib. Eyni zamanda, tviter dövlət başçısının akkauntunu 12 saatlığa bloklayıb. Həmin gün İnformasiya və mədəniyyət naziri kompaniyanı ikili standartlarda və separatizmə göz yummaqda ittiham edib.